Bu il Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb. Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur.  Kamran Əliyevon sözlərinə görə, bu müddətdə bank və bank olmayan kredit təşkilatları ilə bağlı 43 şəxs barəsində 18 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib: "Ziyana gəldikdə isə 17 milyon 610 min manat ziyanın vətəndaşlara ödənilməsi təmin edilib. Mənzillərin bir neçə nəfərə satılması ilə bağlı 6 milyon 860 min manat nağd olaraq vətəndaşlara ödənilməsi təmin olunub".

K.Əliyev qeyd edib ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 117 cinayət işi üzrə istintaq aparılır: "Onlardan 16-sı mənzil tikinti korporativlərin fəaliyyəti ilə bağlıdır. 14 cinayət işi bank sektoru, 7 cinayət işi qum çınqıl və digər sahələrlə əlaqəlidir".