Mürvət Həsənli
Məhkəmə vəkil Aslan İsmayılovu bir il altı ay müddətinə islah işlərinə məhkum edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat məbləğində cərimə olunub. Onun əvvəlki məhkəmə qərarını icra etmədiyi haqda məsələ də hələlik gündəmdədir.
Belə ki, bu şəxs atdığı böhtanın qarşılığı olaraq ictimai formada, yəni hər kəsin gözü önündə üzr istəməyib. Yəqin ki, bu məsələ barədə müvafiq dövlət qurumlarına, konkret olaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsinə rəsmi müraciət yollayacağıq. Amma bir qaranlıq nüans Aslanın "erməni sevgisi" və bu “sevgi"nin haradan qaynaqlanması məsələsinə də zamanla aydınlıq gətirilməsinə ehtiyac var. Bu, “Sumqayıt işi”ndə Aslan İsmayılovun “vətənpərvərliyi”dir.
Adam sözügedən prosesdə SSRİ adında dövlətin təmsilçisi, yəni dövlət ittihamçısı olub. O, məhkəmədən hadisələrdə adı hallanan azərbaycanlılar haqda ən ağır hökmün, ölüm hökmünün çıxarılmasını tələb edib. Faciədən 20 ildən çox zaman keçməsinə baxmayaraq, o, ayrı-ayrı çıxışlarında “Azərbaycan Respublikası Prokurorluğu məni ifşa eləməyə çalışdı, amma alınmadı” ritorikası səsləndirsə də, bu “alınmamağın” altında köhnə dostlarının rolunun olduğunu bilməmiş də deyil.
Düzdür, kimsə deyər və ya düşünər ki, arada xalq diplomatiyası məsələsi var. Biz münaqişənin həlli yollarını axtarmalıyıq. Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi üçün məhkəmə prosesinin gedişatı da araşdırılıb, bu barədə istintaq materialları əsasında çox mükəmməl kitab da yazılıb. Yəni bu qədər zaman keçib o prosesin üstündən, vəziyyəti yumşaltmaq lazımdır, nəinki gərginləşdirmək... Hər şeyi unudub yenidən başlamaq lazımdır. Bir də belə faciələrin yaşanmaması üçün hər iki xalqla, həm ermənilər, həm azərbaycanlılar iş aparmalıdırlar.
Doğrudur, haqq qazandırmaq olar. Amma onu da unutmaq olmaz ki, bu qəbil hadisələr həm də elə xalq diplomatiyasına qarşı olan məsələdir. Rəsmi məlumatlarda bildirildiyi kimi, 1988-ci ilin fevralında Sumqayıtda baş verən qanlı ixtişaşlarda 26-sı erməni, 6-sı azərbaycanlı olmaq şərti ilə 32 nəfər öldürülüb. Sual oluna bilər ki, bu gərginlik niyə və kimə lazım idi?
Bu gərginlik ona görə lazım idi ki, hər iki tərəfdə, xüsusən də ermənilər arasında “azərbaycanlılar birgə yaşamaq üçün qorxulu millətdirlər” fikirinə əminlik yaradılsın. Bu, təkcə sıravi erməni vətəndaşlarına yönəlik düşünülmüş və təşkil olunmuş qanlı təbliğat deyildi. Bu, həm də dünya ictimaiyyətində Azərbaycan xalqı, dövləti haqda fikir formalaşdırmaq cəhdi idi.
“Sumqayıt işi”nin araşdırılması prosesində ortaya çıxan ən ciddi məqamlardan biri də bu idi ki, təbliğatın başında SSRİ maraqlı tərəf olsa da, xaricdə yaşayan erməni millətçiləri dururdu. Eyni zamanda cinayəti törədənlər arasında əksəriyyət kənardan gətirilmiş insanlar idi.
Bu cür prosesdə Aslan İsmayılovun dövlət ittihamçısı kimi görünməsi məhz bu üzdən diqqəti cəlb etməlidir. Unutmaq olmaz ki, Sumqayıt olaylarında Aslan İsmayılov müstəqil Azərbaycanın yox, SSRİ kimi Azərbaycan dövlətinin və millətinin qanına susamış dövlətin rəsmi nümayəndəsi olub. Yəni hələ 1988-ci ildən Aslan İsmayılov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində xalq diplomatiyasına qarşı çıxan, onun kökünü baltalayanlarla bir komandada “oynayan” adamdır.
Yeri gəlmişkən, söylənilənlərin hər biri ayrılıqda cinayət işi ola biləcək epizoddur. Araşdırılıb ortaya qoyulsa, indi Aslan İsmayılova rəhmi gələnlər də onun kimliyi barədə son dərəcə dəqiq məlumalar almış olacaq. Aslanın "erməni sevgisi"nə inanmayanlarsa əmin olsun, onun guya ki, müdafiə etdiyi Qarabağ qazisinin faciəsi arxasında da hələ çox açılmamış mətləblər yatır.


Şərhlər
Aslan bəyin bu mövzuda yazdığı kitabı oxuyun. Görün Aslan bəy bu hadisələr zamanı hər şeyi necə doğru qiymətləndirir və bu hadisələrdə məhz ermənilərin təşkilatçılığını sübut edir. Tək-tük qeyrətli insan qalıb Azərbaycana xidmət edən. Onları da qarayaxmalarla sıradan çıxarmaq istəyənlərə ar olsun!