İstənilən dövlət qurumunun, yaxud özəl təşkilatın “çəkisini” onun yerləşdiyi binanın vəziyyətindən, orada çalışanlar üçün yaradılan iş şəraitindən müəyyən etmək olur. Və təəssüf ki, çox vaxt hansısa dövlət qurumunun əhəmiyyətilə, bu quruma yaradılan şərait, onun yerləşdiyi binanın zahiri görünüşü arasında kəskin ziddiyyətlər müşahidə olunur.

Aşağıdakı fotolarda Azərbaycanın cənnəti xatırladan guşələrindən olan Oğuz rayonunda yerləşən iki dövlət qurumunun yerli şöbələrinin binaları əks olunub. Gördüyünüz kimi, birinci fotodakı binada (buna bina demək olarsa-red.) Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi yerləşir. ”Nuh əyyamından” qalan, uçulub-tökülən, bərbad vəziyyətdəki bu tikilidə mümkün kütləvi epidemiya hallarının qarşısını almalı, ümumilikdə sanitar-epidemioloji duruma nəzarət etməli olan yüksək əhəmiyətli səhiyyə təşkilatı yerləşir. Bu təşkilatın öz vəzifəsini necə yerinə yetirdiyini bir kənara qoyaq, bəs görəsən, bu binanın vəziyyəti orada yer alan qurumun missiyasına uyğundurmu?

Ciddi turizm axınına məruz qalan Oğuzun düz mərkəzində yerləşən bu “daxmanın” qarşısından gündə yüzlərlə qonaq keçir ki, onların da arasında əcnəbilər üstünlük təşkil edir. Hər halda onlar qapıya yazılanları görür və mənasını soruşurlar. Və yəqin ki, aldıqları cavabdan şoka düşürlər. Təsəvvür edin ki, qonaqların birbaşa əhalinin sağlamlığına aiddiyyatı olan bir qurumun çirkab içində itib-batan yarıuçuq tikilidə yerləşməsinə münasibəti necə olur və bu bina səhiyyəmiz haqda onlarda hansı təsəvvürü yaradır?

İkinci şəkildəki isə Oğuz rayon Statistika İdarəsinin inzibati binasıdır. Azərbaycanda rəsmi statistikanın hansı vəziyyətdə olduğunu şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Sizcə, toyuq-cücənin sayının şişirdilməsilə məşğul olan bir idarənin belə möhtəşəm binaya nə dərəcədə ehtiyacı var və o bu cür təmtəraqlı tikilidə yerləşdirildiyi halda, əhalinin sağlamlığına cavabdeh olan rəsmi səhiyyə təşkilatının uçuq daxmada “məskunlaşması”na nə ad vermək olar?

Vaqif

“AzPolitika”