Menu

"Qoca"nın arvadı məhkəmədə dindirildi - "Fədayə xanımdan qəlbən incimişəm"

29.08.2018, 16:17
"Qoca"nın arvadı məhkəmədə dindirildi - "Fədayə xanımdan qəlbən incimişəm"

Fədayə Laçının bacısı işdən çıxarılıbmış

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində müğənni Fədayə Laçının ögey bacısı Telli Ağayeva ifadə verib. Məlum olub ki, Telli Ağayeva Fədayə Laçının "Qoca" üçün istədiyi xüsusi açarı tapıb.

T.Ağayeva həmin vaxt dəmiryolu idarəsində işlədiyini və bacısının istəyi ilə ona açar verdiyini deyib. O, Fədayə Laçından açarı nə məqsədlə istədiyini də soruşub: "Dedi ki, bir tanışının həyətində qəfəs var, onu açacaq. Mən də tapıb verdim. Həmin açar xüsusi açar deyil. Hər kəs əldə edə bilər. Qaz sayğacları və digər sayğacları da açmaq olur. Onu hər kəs əldə etmək olar".

T.Ağayeva bacısının şəxsi həyatından, Etibar Məmmədovla münasibətlərindən xəbərsiz olduğunu deyib.

Suallara cavab verən T.Ağayeva bu hadisədən sonra işdən çıxarıldığını deyib.

Məhkəmədə "Qoca"nın xanımı Mahizər Almazova da ifadə verib. O deyib ki, həbsdə olanlardan Əli Ağamini, Aqili, Fədayə Laçını tanıyır.

Mahizər Almazova "Qoca"ya bir neçə dəfə pul göndərdiyini deyib. Bildirib ki, həmin pulları "Qoca"nın dostları gəlib aparıb.

Mahizər Almazova deyib ki, Etibarın dostlarını evində qonaq edib: "Mənim bu iş haqda xəbərim olmayıb. "Qoca"nın mənim üçün aldığı qızılları satmışdım, arada pul istəyəndə göndərirdim. Mənə zəng edib dedi məhkəməyə gedəcək, filan qədər iş veriləcək, pul istədi. Sonra Tərlan zəng etdi, pulu ona çatdırdım.Fədayə xanım da Etibarın həbsdən çıxmasını qeyd etdiyimiz məclisdə iştirak edib. Mən də onu xalqın müğənnisi kimi tanıyıb, qonağım kimi qəbul etmişəm. Fədayə xanımla düşmənçiliyim yoxdur, amma ondan qəlbən incimişəm. Başqa heç nə. Etibarın ciyəri xəstə idi, türmədə yatmaqdan olmuşdu, ağzından tez-tez qan gəlirdi. Ona dərman lazım olurdu, mən də  pul göndərirdim". 

M.Almazova həyat yoldaşının Fədayə Laçınla münasibətlərindən xəbərsiz olduğunu da deyib.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol