«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Kosovo problemini həll etmək üçün Serbiyaya çağırış edib.
Çağırışda deyilir ki, Vaşinqton Serbiya ilə Kosovo arasındakı dialoqdan hərtərəfli və uzuqmüddətli həll qərarı gözləyir. Bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell Serbiyanın Prezidenti Aleksandr Vuçiçlə telefon danışığı zamanı bəyan edib.
«Danışıqda qeyd olundu ki, ABŞ Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Belqradla Priştina arasında aparılan dialoqu tam dəstəkləyir və ümid edir ki, problemin həlli istiqamətində hərtərəfli və uzunmüddətli həll variantı tapılacaq» - Serbiya Prezidenti administrasiyasının xəbərində belə deyilir.
Vuçiç isə öz tərəfində, Kosova albanları ilə danışıqların ağır keçdiyini bildirib, ancaq qərbi Balkanlarda uzunmüddətli sabitliyə nail olunması üçün səylər göstərəcəyini vəd edib.
Avropa İttifaqının baş diplomatı Federika Mogerininin vasitəçiliyi ilə danışıqların növbəti raundu sentyabrın 7-də Brüsseldə keçiriləcək.


Şərhlər