Şimali Koreya lideri Kim Çen In 2 həftədir ki, ictimaiyyət arasına çıxmır, dövlət televiziyası onunla bağlı heç bir yeni süjet yayımlamır. "AzPolitika. info"nun məlumatına görə, Cənubi Koreya mətbuatı yazır ki, sonuncu dəfə onu 21 avqustda zavodların birinə baş çəkərkən görüntüləyiblər.
Şimali Koreya rəhbərinin ortalıqda görünməməsi xüsusilə ona görə diqqət mərkəzinə gəlib ki, sentyabrın 9-da bu ölkənin quruluşunun 70 illiyi qeyd olunacaq. Və bu ərəfədə Kim Çen Inın "yoxa çıxması" bir qədər müəmmalı görünür.
Digər narahatlıq doğuran məqam odur ki, ölkə başçısı sentyabrın 5-də Cənubi Koreyanın xüsusi nümayəndəsini qəbul etməlidir. Hazırda bu görüşün də sual altında olduğu qeyd edilir.
Bununla yanaşı bildirilir ki, Koreya liderilə bağlı son 15 gündə yayılan yeganə rəsmi xəbər sentyabrın 3-də rusiyalı müğənni İosif Kobzonun vəfatı ilə əlaqədar verilən başsağlığı olub.
AzPolitika. info


Şərhlər