«France-Presse» agentliyinin verdiyi məlumata görə, avqustun 1-nə keçən gecə Dağlıq Qarabağ yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələri arasında döyüş olub. Agentlik yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi intensiv atışma olduğunu desə də, Azərbaycan tərəfdən neçə nəfərin həlak olduğunu bildirmir. Ancaq Ermənistanın Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmisi «France-Presse»ə deyib ki, Azərbaycan 14 hərbçisini itirib.
Azərbaycanın APA agentliyi 8 əsgərin həlak olduğunu bildirir.
«France-Presse»ə adının çəkilməməsi şərtilə müsahibə verən erməni rəsmisi deyib ki, Azərbaycanın sabotaj qrupları Dağlıq Qarabağ ərazisinə girmək istəyib və pusquya düşüb.Həmin rəsminin sözlərinə görə, Azərbaycan tərəfdə çoxlu yaralanan var, erməni tərəfdə isə itki yoxdur.
Ancaq Azadlıq Radiosunun erməni xidməti Dağlıq Qarabağdakı «Müdafiə Nazirliyi»nə istinadla xəbər verir ki, erməni tərəfdən 2 əsgər ölüb. Onların adları da açıqlanır.
Məlumatda deyilir ki, erməni hərbi birləşmələri Azərbaycan tərəfdən çoxlu miqdarda silah və texnika ələ keçirib. Məlumata görə, hazırda həmin döyüş olan əraziyə erməni qüvvələri nəzarət edir.
MÜDAFİƏ NAZİRLİYİ NƏ TƏSDİQ, NƏ TƏKZİB EDİR
İyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan hərbçiləri Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.
Nazirlik bildirir ki, cavab atəşi nəticəsində qarşı tərəf geri çəkilib.
Müdafiə Nazirliyi Azərbaycan ordusunun itki verdiyini bildirir, amma həlak olan hərbçilərin sayını göstərmir.
APA 8 hərbçinin həlak olduğunu deyir. Müdafiə Nazirliyi isə hələlik bunu nə təsdiq, nə təkzib edib.
Dünən axşam saatlarında radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində də atışma olub. Nazirliyin məlumatına görə, 41 yaşlı gizir İsa Almazov həlak olub.
Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı münasibət bildirməyib.


Şərhlər