“PKK və digər radikal qrupların Ermənistanda lövbər salması yeni deyil və biz də bununla bağlı bir çox mətbuat orqanlarında yer alan məlumatların doğru olduğunu söyləmişdik”.Türkiyədə çalışan ermənişünas alim Qafar Çaxmaqlı bunu musavat.com-a açıqlamasında söylədi.
Ekspert bildirdi ki, terrorçular Türkiyə torpaqlarında və İraqın şimalında sıxışdırıldıqca onların gedəcəyi yeganə məkan Ermənistan və işğal altındakı Azərbaycan torpaqlarıdır: “PKK-nın burada düşərgələri var və onların təlimini də Ermənistan zabitləri həyata keçirir. Bu barədə hətta Ermənistan mətbuatı da örtülü bilgilər vermişdi. Mənim rast gəldiyim xəbərlərdən birində deyilirdi ki, erməni zabitləri yalnız Ermənistan ordusu içində deyil, kənardan gələn döyüşçülərə də yardım edir. Bu “kənardan gələn” ifadəsi kimə aid edilə bilərdi? Başqa bir rast gəldiyim yazıda Ermənistanda yaşayan yezidi kürdlərinin Türkiyədən gələn qardaşlarına qucaq açdığı barədə məlumatlar olmuşdu”.
Q.Çaxmaqlı dedi ki, ermənilər bu düşərgələrin olduğunu nə qədər gizlətsələr də, bəzən belə “açıqlamalar” verirlər və bu da PKK-nın Ermənistanda varlığının göstəricisidir: “Türkiyə mətbuatında belə yazıların son zamanlar yer alması da göstərir ki, artıq bu faktları gizlətmək mümkün deyil. R.T.Ərdoğanın Bakı səfəri ərəfəsində şübhəsiz bu mövzular müzakirə ediləcək. Türkiyədə PKK harda olursa-olsun, onun üzərinə getmək kimi bir qərar var. Azərbaycan torpaqlarında bir kürd oluşumu qurmaq kimi erməni təxribatlarını da nəzərə alsaq, orada terrorçu radikal qrupların ləğv edilməsi qayğımız bəzi yeni qərarların çıxarılmasına səbəb ola bilər”.
Ekspert dedi ki, Türkiyənin Azərbaycanın Qarabağ və digər işğal olunmuş ərazilərində əməliyyat keçirmək üçün Azərbaycanın dəstək verməsinə ehtiyacı var: “Naxçıvanda hərbi bazanın qurulması da bu planın tərkib hissəsi hesab edilməlidir. Həm də Naxçıvan məsələsində Türkiyənin qarantiya haqqı var və burada əsgəri varlığı Naxçıvana olan erməni təhdidinin qarşısını ala bilər. Terrorçuların bir hissəsi isə Naxçıvan sərhədində həm Ermənistanda, həm Türkiyənin İğdır bölgəsindədir. Burada PKK terror hərəkətlərini ermənilərlə birgə həyata keçirməkdədir. 2016-cı ildə İğdır-Naxçıvan yolunda olan terroru da ermənilər və PKK-çılar eləmişdi. Türkiyənin PKK-ya qarşı Qarabağda əməliyyatlar keçirməsi artıq yalnız arzu yox, bir reallığın diktəsidir”.


Şərhlər
DQ ərazisindəki hərbi hissə və qoşun Rusiyaya məxsusdur.Paşinyan bir az "nala-mıxa" döydü,hələ də Putinin gözünə yuxu getmir.Çünki DQ-nin işğalı Rusiya tərəfindən aparılıb və Rusiya bu yolla Azərbaycanın müstəqilliyini məhv etməyə,Azərbaycanı yenidən keçmiş imperiya ərazisinə çevirməyə çaslışır.Xocalı soyqırımı da bu məqsədlə 366-cı rus alayının dəstəyi ilə törədilib.Ona görə də Türkiyə DQ ərazisinə girə bilməz.Bu,birbaşa Rusiya ilə müharibə deməkdir.Sizin çağırış böyük müharibəyə hesablanıb.