Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

Xəbər verdiyimiz kimi, son üç-dörd gündə Ermənistan və Azərbaycan Ordusunun silahlı qüvvələri arasında intensiv atışma olur. Müdafiə Nazirliyinin də yaydığı məlumatda qeyd olunduğu kimi, sərhəddə gedən döyüşlərdə şəhidlər vermişik olub. Qazax rayon Quşçu Ayrım kənd sakini Hacıyev Nurunun bu dəqiqələrdə musavat.com-a verdiyi məlumata görə sərhəddə atışma gedir.

Nuru bəy bildirib ki, atışma səhər saatlarından başlayıb.

"Səhər tezdən atışma varıydı. Mən insanları rayon mərkəzinə gətirəndə dayanmışdı. Ancaq indi oğlum zəng edib bildirdi ki, tərəflər yenidən atışmaya başlayıblar".

O daha sonra qeyd edib ki, bu gün axşam saatlarına gözlənən güclü atışma səbəbiylə avqustun 2-də səhər-səhər insanlar rayon mərkəzinə - qohum evlərinə köçürülüblər.

"Kişilər kənddədir. Sadəcə yaşlılar, qadınlar və körpələrin bir qismi Quşçu Ayrım kəndindən çıxarılıb. Çıxmağa imkanı olmayanlarsa hələ də evlərindədirlər. Məzəm kəndindən isə kişiləri çıxmaqla demək olar, insanlar tamamilə çıxarılıb".

Qazax rayon mərkəzində yaşayan insanlar arasında bir məlumat da yayılmışdı ki, Quşçu Ayrım, Məzəm, Abbasbəyli kəndlərinə gediş-gəliş dayandırılıb. Müsahibimiz Nuru bəy bu xəbəri təkzib edib. Deyib ki, sadəcə jurnalistlər postdan buraxılmır.

Nuru Hacıyev onu da bildirib ki, dünən Qazax rayon icra hakimiyyətinin rəsmiləri əraziyə baş çəkib cəbhədəki vəziyyətlə də maraqlanıblar.

Qeyd edək ki, cəbhədən bu kimi dünən və sırağa gün də yayılmışdı. Ardınca Qazax rayon icra hakiminin müavini və şəhər sakinləri tərəfindən təkzib edilmişdi.

***

Bölgə müxbirimizin məlumatına görə, cəbhədə şəhid olanların sayı 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.

Yaralılar ağır vəziyyətdə olduqları üçün onları paytaxta yola salınıb.

Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə aparılıb. (ANS)

* * * 

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:

- gizir Əliyev Pərvin Səlahəddin oğlu;

- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;

- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.