Artıq 40 gündür ki, sözün əsl mənasında təhsil qurucusu, ləyaqətli həmkarımız və dostumuz Bayram Heydərov aramızda yoxdur.
Təhsil ictimaiyyəti, onun rəhbərlik etdiyi “Zəngi” liseyinin məzunları, şagirdlər və valideynlər, onu tanıyanlar hələ də sarsıntı içərisindədir. Bayram Heydərov təhsilə və elmə ontoloji olaraq bağlı insan idi. Onun keçdiyi həyat yolunda biz elmlə təhsilin qoşalaşaraq yeni üfüqlər açdığının şahidi oluruq.
Bayram Heydərov Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində 2 illik ixtisasartırma kurslarında staj keçmiş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində “Differensial tənliklər” ixtisası üzrə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Vətənə döndükdən sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir.
Bayram müəllim Azərbaycana qayıdanda artıq mənfur ermənilər azərbaycanlıları dədə-baba yurdlarından məcburi şəkildə çıxarırdılar. Atası Mirabbas müəllim rayonun sayılıb-seçilən riyaziyyat müəllimi olması ilə yanaşı, həm də böyük nüfuz sahibi idi. Kəndlər, rayonlar boşalsa da, Mirabbas müəllim canı və qanı ilə bağlı olduğu torpağı tərk etmək istəmirdi. Bayram müəllim 1988-ci il noyabr ayının sonlarında atası Mirabbas müəllimdən xəbər alır ki, Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin əhalisi erməni vəhşiliyi nəticəsində Türkiyə ilə sərhəddə toplaşmışdır və təcili kömək göstərilməsə insanlar məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bir tərəfdən havaların soyuq keçməsi, insanların isinmək üçün yandırmağa odun, kömür tapa bilməməsi, qida məhsulları üçün rayon mərkəzinə, İrəvana gedə bilməməsi vəziyyəti dözülməz hala gətirib çıxarmışdır.

Bayram müəllim danışırdı ki, məcburi olaraq rayonu tərk etmiş zəngibasarlıların bir hissəsinin Bakıda Hərbi komendantlığın qarşısında piket keçirməsinə və tədbirlər görülməsi üçün tələblərimizin irəli sürülməsinə nail ola bildik. Onlar Hərbi komendantla görüşür və bölgədəki vəziyyəti izah edirlər. Komendant bölgəni tanıyan piket iştirakçılarından bir neçə nəfərin Zəngibasara getməsi təklifini verəndə, Bayram Heydərov özünü irəli verir və mülki şəxslərə rəhbərlik ona həvalə olunur. Onlar 1988-ci il dekabr ayının əvvəllərində Bakının Qala aeroportundan uçub, bir qrup hərbçi ilə İrəvanın Erebuni aeroportunda yerə enirlər. Erebuni aeroportunda işləyən və sərnişin kimi təyyarə gözləyən ermənilərin onlara hücumunun qarşısını hərbçilər çətinliklə alır və yaratdıqları dəhlizlə onları hərbi vertolyota çatdırırlar. O, doğma el-obasına axırıncı dəfəki gedişini həmişə ürək ağrısı ilə xatırlayardı. Onların son səfəri yüzlərlə insanın xilasına səbəb olmuşdur. İnsanların təhlükəsiz olaraq yalnız sərhəd zonası ilə çıxarılmasını təkid edən və buna nail olan Bayram Heydərovu həmyerliləri minnətdarlıqla xatırlayır.
Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə də məşğul olmuşdur. Həmin illər Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilməyə başlanmışdı. SSRİ Hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdi. Həmfikir alim dostları ilə yenicə qurulmaqda olan Müdafiə Nazirliyinə cəbhədəki itkilərin qarşısını almaq məqsədilə müraciət edir, işçi qrupunun yaradılmasına nail olurlar. Məqsədləri Müdafiə Nazirliyinin işini tənzimləyən Elmi (hərbi) Tətqiqatlar Mərkəzi yaratmaq idi. Məsələ konkret maqamına çatanda aydın olur ki, ölkədə bu məsələlərin həllinə qabil olan nə yüksək, nə də orta səviyyəli kadrlar yoxdur.
Kadr probleminin aradan qaldırılmasına töhfə vermək məqsədilə Bayram Heydərov və AMEA-nın əməkdaşları olan alimlərdən ibarət vətənpərvər ziyalılar elmi istiqamətlər üzrə yeni tipli məktəb yaradılması yönümündə istəklərini gerçəkləşdirmək üçün fəaliyyətə başlayırlar.
Onun təşəbbüsü ilə Riyaziyyat və Mexanika İnstitutunda Riyaziyyat elmi sahəsində alınmış nəzəri nəticələrin tətbiqinə nail olmaq məqsədilə “Zəngi” kiçik müəssisəsi yaradılır.
Bayram Heydərovun AMEA-nın əməkdaşları arasında nüfuz sahibi olmasının bir səbəbi də aspirantlar yataqxanasına sədr seçilməsi olmuşdur. Onun timsalında AMEA-nın müxtəlif elmi tədqiqat institututlarında çalışan gənclər, aspirantlar, alimlər gənc, lakin ədəb-ərkanı, ləyaqəti və savadı ilə seçilən, onların problemlərini ən yüksək səviyyədə qaldıran və həllinə nail olan bir şəxsi kəşf etdilər. Həmin yataqxanada həm də bir elmi mühit formalaşmışdı ki, biz də bunun canlı şahidləriyik.
“Zəngi”də çalışan alimlər tərəfindən orta məktəb şagirdləri üçün müxtəlif adlarda kitablar yazılmış, müxtəlif müəssisələr üçün avtomatik idarəetmə sistemləri yaradılmış, dəqiq ölçü cihazları hazırlanmışdır.
Sonra Bayram müəllimin təşəbbüsü ilə elmin müxtəlif sahələrində çalışan tanınmış alimlər qrupunun kibernetika, radioelektorinika, biokimya və genetika istiqamətləri üzrə “Zəngi” liseyi yaradılması ideyası gerçəkləşdirilir.

Bu liseyin fəaliyyətinin bir müddət dayandırılması Bayram müəllim və onun silahdaşlarını məyus etmədi. Məhz onun prinsipiallığı, vətənpərvərliyi, yüksək biliyi, eləcədə AMEA-nın bir neçə institutunun tanınmış alimlərinin yenicə hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyevə müraciəti sayəsində “Zəngi” liseyi yenidən fəaliyyətə başlamışdır. Dövrün tələblərinə uyğun olaraq, təhsilin məzmununda aparılan dəyişikliklər, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim texnologiyalarının tədris prosesinə tətbiqinə nail olunması, əlbəttə ki, Bayram Heydərovun zəhmətinin, müəyyən etdiyi təhsil strategiyasının nəticəsi idi. “Zəngi” liseyinin məzunlarının ölkəmizin, xarici ölkələrin nüfuzlu ali təhsil öcaqlarına yüksək bilik göstəriciləri ilə daxil olmaları bu təhsil ocağının nüfuzunu durmadan yüksəldirdi.
Müxtəlif ixtisaslı, müxtəlif dünyagörüşünə malik, fərqli vəzifələrdə işləyən insanlar Bayram müəllimə elə ilk görüşdən bağlanırdılar. Yaxşılıq etməyi və xeyirxahlığı bacaran kişilərdən idi. Dürüstlük, mərdlik onun xarakterinin əsas cizgilərindən idi.
“Zəngi” liseyinin yetirmələrinin sədalarının müxtəlif ölkələrdən gəlməsinə uşaq kimi sevinərdi. Onların adlarını müxtəlif məclislərdə fəxrlə çəkərdi. Bir məsələni xüsusi olaraq vurğulamaq istərdik ki, Bayram Heydərov liseyi yaradarkən AMEA-nın institutlarında çalışan alimlərlə yanaşı gənc, perspektivli kadrları məktəbə cəlb edir, bu iki nəsil arasında körpü yaradırdı.
Bayram Heydərov liseyin müəllimlərinin təhsil qurumları, eləcə də, müxtəlif təşkilatlar tərəfindən inkişafa həvəsləndirən layihələrdə iştirakına yüksək şərait yaradırdı. Biz bunun müxtəlif təhsil tədbirlərində şahidi olmuşuq. Müəllimlər bu etimadı doğrultmaqla liseyin inkişafına töhfələr verirdilər. Dövlət İmtahan Mərkəzinin Elmi-statistik təhlillərində “Zəngi” liseyində təhsilin keyfiyyətinin ilbəil yüksəlməsinin şahidi oluruq. Bayram müəllim kənardan çətin görünən məsələləri peşəkar elmi-pedaqoji ustalıqla həll edirdi. Onun sayəsində liseyin fəaliyyəti kənarda da tanınmağa başlanmışdı. Türkiyənin Samsun İlkadım Atatürk Anadolu lisesi ilə qardaşlaşmasını buna misal göstərmək olar.
Bayram Heydərovun praqmatik fəaliyyəti təkcə elmi-pedaqoji sahə ilə məhdudlaşmırdı. Onun ictimai-siyasi fəaliyyəti də diqqəti cəlb edir. Böyük pedaqoq YAP I qurultayına nümayəndə olmuş və Siyasi Şuranın üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyası kimi qüdrətli bir partiyanın Siyasi Şurasında təmsil olunması onun Heydər Əliyev siyasətinə sədaqətinin göstəricisi idi.
Bu gün Bayram Heydərovun yolunu davam etdirəcək xeyli sayda yetişdirməsi var. Onlardan biri və birincisi kimi qızı Səadət Heydərovanın adını çəkmək olar. Səadət Hedərova AMEA Riyaziyyat və Mexanika İnstitutunun dissertantıdır, “Zəngi” liseyində riyaziyyat müəllimi kimi çalışır. Atasından həm də keyfiyyətli tədrisin təşkil olunmasının sirlərini əxz edib. Yaxşı tanıdığımız gənc dostumuz “ADA” Universitetinin tələbəsi olan oğlu Mirheydərin böyük gələcəyi olmasına əminik.
Allah sənə rəhmət eləsin böyük pedaqoq, böyük dost, xeyirxah insan, ədalətli rəhbər...
Etibar Əliyev, təhsil eksperti
Ələddin Məmmədli, əməkdar müəllim

Şərhlər
Allah Hacı Seyyid Bayram Heydərova rəhmət eləsin. Çox gözəl, ağıllı, savadlı, torpağını, millətini, dostlarını sevən, Peyğəmbər nəslindən olan böyük bir ziyalı insanı fələk aramızdan tez apardı. Hacının dünyasını dəyişdiyini indi eşidib çox kədərləndim. Allah ona qəni-qəni rəhmət eləsin. Hacı Seyid Mirfaiq və Mirisa müəllimə eləcə də digər bütün ailə üzvlərinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir, dərdlərinə şərik oluram. Allahdan Hacı-Kərbəla-Məşədi Seyid Bayram Mirabbas oğluna rəhmət diləyirəm. Qəbri nurla dolsun, məkanı cənnət olsun. Amin!