“AzPolitika” Qərb mətbuatına istinadla xəbər verir ki, İqtisad elmi üzrə Nobel mükafatının laureatları məlum olub.
Nobel komitəsinin “Tvitter” səhifəsində yayımlanan məlumata görə, İqtisadiyyat üzrə mükafat ABŞ-lı iqtisadçılar Uilyam Nordhaus və Pol Romerə verilib. Onların qlobal və uzunmüddətli makroiqtisadi təhlil sahəsində gördükləri işlər yüksək qiymətləndirilib. Belə ki, U.Nordhaus qlobal iqtisadi inkişafa iqlimin təsirini, P.Romer isə iqtisadi inkişafa innovasiyaların təsir səviyyəsini mükəmməl şəkildə təhlil etdikləri üçün bu ali mükafata layiq görülüblər.
Bununla da 2018-ci il Nobel həftəsi başa çatıb.
Xatırladaq ki, bu il Nobel tibb mükafatını amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco, fizika mükafatını amerikalı Artur Aşkin, Donna Strikland və fransalı Jerar Muru, kimya mükafatını Frensis Arnold, Corc Smit və Qreqori Vinter və sülh mükafatını konqolu həkim Denis Mukveqe və kürd mənşəli Nadia Murad əldə edib.
Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayıb. Mükafatların təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək.
Qeyd edək ki, İqtisadiyyat üzrə mükafat digər 5 nominasiyadan - tibb, fizika, kimya, ədəbiyyat və sülh nominasiyalarından fərqli olaraq, 1901-ci ildə şəxsən Alfred Nobelin özü tərəfindən təyin edilməyib. Onu ilk dəfə İsveç Bankı 1968-ci ildə özünün 30 illiyi münasibətilə təsis edib. Bu mükafatın dəyəri isə digərləri ilə eynidir və təxminən 1 milyon dollar təşkil edir.


Şərhlər