Menu

“Neftin həddindən artıq baha olması Rusiyaya sərf etmir...” - Bəs Azərbaycana?

09.10.2018, 16:09
“Neftin həddindən artıq baha olması Rusiyaya sərf etmir...” - Bəs Azərbaycana?

Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, dünya bazarında neftin qiymətinin həddindən artıq baha olması heç də Rusiyanın maraqlarına xidmət etmir.

“Rossiya 24 “ telekanalına müsahibə verən nazir bildirib ki, əsas məsələ “qara qızılın” qiymətinin baha yox, stabil olmasıdır: “Belə görünə bilər ki, qiymət nə qədər baha olarsa, neft ixrac edən ölkələr üçün bir o qədər yaxşıdır. Büdcə dolur, şirkətlər daha çox qazanır. Lakin hətta bu gün dünya bazarlarında işləyən Rusiya şirkətləri də bildirirlər ki, qoy lap qiymətlər aşağı olsun, ancaq əsas odur, stabil qalsın. Bu, birinci faktordur...”

Daha sonra nazir bildirib ki, neftin həddindən artıq baha olması, istehlakçıların digər enerji növlərinə keçidinə və istehlak həcmlərinin azalmasına səbəb ola bilər.

Xatırladaq ki, bundan öncə A.Novak yaxın müddətdə neftin bir barrelinin 100 dollara qədər bahalaşacağını proqnozlaşdırmışdı. O, həmçinin qeyd etmişdi ki, “qara qızılın” bahalaşmasının əsas səbəbi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar və bu ölkənin Çinlə apardığı “ticarət müharibəsidir”.

Əslində, rusiyalı nazirin dediklərinin digər neft ixracatçılarına, o cümlədən Azərbaycana da aidiyyatı var. Neft qiymətlərinin stabilliyi doğrudan da bahalığından daha vacibdir. Bunu Azərbaycanda bir il ərzində baş verən iki ardıcıl devalvasiya, az qala tənəzzülə çevrilməkdə olan iqtisadi təlatümlər və s. sübut edir.

Belə ki, manatın kəskin dəyər itirməsi bir çox amillərlə - korrupsiya, kütləvi və külli miqdarda büdcə oğurluqları, bank sistemindəki maxinasiyalar və digər faktorlarla yanaşı, həm də neftin kəskin formada ucuzlaşması fonunda baş verdi. Bəli, məhz neftin həddindən artıq baha olması, ölkəyə böyük məbləğdə vəsait axınına, buna paralel olaraq isə, ona nəzarət edən qurumların arxayınlaşmasına və hətta özlərinin də korrupsiyanın, talançılığın tərkib hissəsinə çevrilməsinə gətirib çıxardı.

Nəticədə, Beynəlxalq Bank qalmaqalı, ardıcıl iki devalvasiya və s. dövləti ciddi iqtisadi və maliyyə problemləri ilə, əhalini isə bank kreditlərilə və sosial problemlərlə üz-üzə qoydu. Həmçinin, acınacaqlı vəziyyətə salınmış qeyri-neft sektoru, nədənsə məhz neft ucuzlaşandan, maliyyə böhranı yaranandan sonra yada düşdü. Sonradan bu istiqamətdə görülən işlərinsə hansısa ciddi nəticələr verdiyi barədə danışmaq olduqca çətindir...

Odur ki, rusiyalı nazirin qiymətlərin baha yox, stabil olmasını arzulaması başa düşülən və Azərbaycan üçün də keçərlidir.

Cəlal

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol