Sabahdan başlayaraq avqustun 10-dək Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Gün ərzində əsasən yağmursuz keçəcək. Avqustun 6-dan həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Nazirlik bununla bağlı artıq müvafiq qurumları xəbərdarlıq edib.
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə müsbət 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarında avqustun 6-da hava əsasən yağmursuz olacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında gecə 20-25, gündüz 33-39 dərəcə, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti qeydə alınacaq.

Şərhlər