Menu

Dünya miqyaslı korrupsioner məhkəməyə 100 milyon verib həbsdən qurtuldu

06.08.2014, 11:46
Dünya miqyaslı korrupsioner məhkəməyə 100 milyon verib həbsdən qurtuldu

“Formula-1” çempionatının rəhbəri, 83 yaşlı milyarder Berni Ekklstoun alman məhkəməsinə 100 milyon avro ödəyərək barəsində qaldırılmış cinayət işinə xitam verilməsinə nail olub.

Virtualaz.org saytı xəbər verir ki, Berni Ekklstouna qarşı korrupsiya ittihamı ilə məhkəmə prosesi illərdir davam edirdi. Milyarder “Formula-1” çempionatının səhmlərini almaq üçün Almaniyanın “BayernLB” bankının risklərin idarəedilməsi üzrə departamentinin keçmiş rəhbəri Gerhard Qribkovskiyə rüşvət verməkdə ittiham olunurdu.

G.Qribkovski hazırda korrupsiya ittihamı ilə həbsdədir və B.Ekklstounun əleyhinə də elə o, ifadə verib. Lakin alman məhkəməsi milyarderin əleyhinə bu ifadədən başqa güclü dəlil tapa bilmirdi və onun vəkilləri qoca mafiozun həbsdən yayınmasına nail ola bilirdilər.

İndi isə B.Ekklstoun məhkəməyə təklif edib ki, 100 milyon avro kompensasiyanın əvəzində işi bağlasınlar. Dövlət ittihamçıları bu təkliflə razılaşıblar və üzücü məhkəmə prosesinin bağlanmasının əvəzində milyarderdən 100 milyon kompensasiyanın dövlətin hesabına köçürülməsindən sonra B.Ekklstouna qarşı ittihamları geri çəkiblər.

B.Ekklstoun deyib ki, o, üzücü məhkəmə prosesindən bezərək bu qərarı verib.

“Proses həftədə iki dəfə keçirilirdi və oktyabr ayına qədər davam etməliydi. Bizneslə məşğul olanda problemləri hüquqşünasların köməyi ilə yoluna qoymaq asan deyil. Ona görə də mən elədiyim eyni zamanda həm yaxşıdır, həm pisdir. Ona görə yaxşıdır ki, mən bəraət aldım və ittihamlar sübut olunmadı. Ona görə pisdir ki, mən axmaq olub bu qədər pulu verdim. İstənilən halda hər şey bitdi. İndi hər şey qaydasındadır və mən məmnunam” - deyə milyarder bildirib.

Qərb mətbuatı yazır ki, istənilən halda B.Ekklstoun hələ bundan sonra da “Formula-1”i idarə edəcək. Bu yaxınlarda o, “Formula-1”in iki qran-pri yarışının Meksikada və Azərbaycanda keçirilməsinə dair razılıq əldə edib. Bu razılaşmalar nəticəsində milyarder ildə 30 milyon dollardan çox qazanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol