ABŞ prezidentinin köməkçisi Con Boltonun Rusiya ilə bağlı son bəyanatı rubla müsbət təsir göstərərək, nisbətən bahalaşmasına səbəb olub.
"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, Trampın köməkçisinin Rusiyaya qarşı yeni sanksiyaların gündəmdə olmadığına dair açıqlaması bazarda canlanmaya səbəb olub. Nəticədə rubl həm ABŞ dollarına, həm də avroya nisbətdə bir qədər bahalaşaraq, 1 dollar 64.9 rubl, 1 avro isə 73.9 rubl məzənnəsində dayanıb.
Lakin Rusiya valyutasının "dirçəlişi" çox sürməyib. Belə ki, Rusiyanın "İnterfaks" agentliyinin Boltonun bəyanatı ilə bağlı yaydığı məlumatda qeyri-dəqiqliyin olduğu üzə çıxıb. Belə ki, sonradan "Bloomberq"in yaydığı məlumatda Con Boltonun yalnız kimyəvi silahlarla bağlı sanksiyalardan danışdığı bəlli olub. Məlum olub ki, maliyyə sanksiyaları ilə bağlı heç bir dəyişiklik yoxdur və gözlənilmir də. Bu məlumatdan dərhal sonra rubl yenidən ucuzlaşaraq, dollara qarşı 65.5, avroya qarşı isə 74.5 kursuna enib.
Təhlilçilər onu da qeyd edirlər ki, Rusiyaya qarşı iqtisadi xarakterli sanksiyalar ABŞ Konqresi tərəfindən nəzərdə tutulub və Ağ Evin buna təsir imkanı yoxdur. Bu səbəbdən, Ağ Evi təmsil edən Boltonun sanksiyalara dair açıqlamalarını əvvəldən ciddiyə almaq doğru deyildi.


Şərhlər