Ölkənin xəbər məkanında ordu və cəbhə ilə bağlı dezinformasiyaların yayılmasından narahat olan (!) bir neçə saytın baş redaktorları öz aralarında bu mövzuda həssas davranmaq və informasiyaları koordinasiya olunmuş şəkildə verməklə bağlı razılığa gəliblər.
Baş redaktorlar Anar Niftəliyev (Axar.az), Elçin Zahiroğlu (Aznews.az), Amil Hacıyev (Publika.az), Vüsal Məmmədov (AzVision.az) və Zahir Əzəmət (Qaynar.info) məsələni birlikdə müzakirə edərək, belə qərara gəliblər ki, bundan sonra onların rəhbərik etdikləri saytlarda ordu və cəbhə ilə bağlı qeyri-dəqiq, yoxlanılmamış, insanlarda təşviş yarada və ölkənin maraqlarına zərbə vura biləcək heç bir informasiya yer almayacaq. Ehtiyac yarandıqda isə, aldıqları xəbəri bir-birlərilə məsləhətləşəndən sonra yayacaqlar.
Redaktorlar həmçinin qəti şəkildə qərara gəliblər ki, bundan sonra o qədər də tanınmayan, məqsədi aydın olmayan saytların xəbərlərinə istinad etməyəcəklər. Çünki belə istinadlar həmin saytları və onların xəbərlərini bir növ leqallaşdırır və etibarlıq dərəcəsini artırır.
Baş redaktorlar digər həmkarlarını da təşəbbüsə qoşulmağa dəvət edirlər.
Musavat.com isə elan edib ki, bu təşəbbüsü alqışlayır və ümid edir ki, dezinformasiyaların yayılmasına münbit şərait yaradan amillər aradan qalxacaq, ən ümdəsi dövlət strukturlarının təmsilçiləri jurnalistlərin sorğusuna vaxtında və müfəssəl cavab verəcəklər.
Sayt rəhbərlərinin bu təşəbbüsü ilk baxışdan normal görünsə də, o qədər də başadüşülən deyil. Məgər dezinformasiyanı yaymamaq üçün hansısa razılığa ehtiyac var? Ciddi sayt hər hansı razılıq olmadan da, buna əməl etməli deyilmi?
Ən maraqlısı isə odur ki, yuxarıda adlarını çəkdiyimiz saytların bəzisi cəbhədə gərginliyin olduğu 3 gün ərzində ən çox dezinformasiya, əsassız, mənbəsiz və ya erməni mənbələrinə istinadla xəbərlər yayan, camaat arasında təşviş yaradan məlumatları paylaşan saytlardır. İndi belə görünür ki, "qara məni basınca, mən qaranı basım" prinsipi ilə məsuliyyəti öz üzərlərindən atmaq istəyirlər.
Amma fərqində deyillər ki, bu bəyanatla son 3 gün ərzində dezinformasiya yaydıqlarını da müəyyən qədər etiraf etmiş olurlar.
Vaqif Nəsibov


Şərhlər