Hadisənin baş verməsinə əsasən valideyn nəzarətsizliyi səbəb gətirilir
İki ailənin beş azyaşlı övladı ötən gün axşam saatlarında Xəzər dənizin Mərdəkan qəsəbəsi ərazisindəki bu hissəsində güclü küləyin olmasına baxmayaraq dənizə girib və bir neçə dəqiqə sonra yaranan güclü dalğa 5 azyaşlı övladı da dənizə batırıb.
ANS TV-nin məlumatına görə, azyaşlılar qeyri-çimərlik sahəsində dənizə girişin qadağan olunduğu ərazidə batıblar. Boğulan azyaşlılardan 3-ü - 9 yaşlı Elgün Məmmədova, 14 yaşlı Aydan Fərziyeva və 13 yaşlı Hüseyn Fərziyev elə hadisə günü batdıqları ərazidən tapılaraq valideynlərinə təhvil verilib. 10 yaşlı Kəmalə Məmmədovanın meyidini isə bu gün günorta saatlarında batdığı ərazidən 900 metr aralıda dənizdən çıxarmaq mümkün olub.
Batanlar arasında ən kiçiyi isə 6 yaşlı Fariz Əliyevdir. Onun meyitini sudan çıxarmaq isə hələki mümkün olmayıb. Axtarışlar davam etdirilir.
Dövlət Sularda Xilasetmə Xidmətinin nümayəndəsi Elsevər Həsənovun sözlərinə görə, hava şəraitinin qeyri-əlverişsiz olması, dalğıc enmələrinin aparılmasına imkan vermir: “Yalnız xilasetmə skuterlərinin köməyindən istifadə edilir. Eyni zamanda xilasedicilərdən ibarət sahil patrul xidməti yaradılıb”.
Şahidlər isə hadisənin baş verməsini belə xatırlayırlar.
Hadisənin şahidi Hafiz Şirvanov deyir ki, 5 nəfər uşaq gəlib girdi dənizə: “Dedik ki, görəsən bunlar nə edirlər, suya girməkləriylə birdən-birə yoxa çıxdılar. Yəni dünən dalğa güclü idi, bundan da güclü idi”.
Hadisənin baş verməsinə əsasən valideyn nəzarətsizliyi səbəb gətirilir. Batan azyaşlıların valideynləri isə övladlarının gözlənilməz bi vaxtda yoxa çıxdıqlarını və onların dənizə gedə biləcəklərini düşünmədiklərini deyirlər.
Dənizdə batan azyaşlıların anası İlahə Əliyeva söylədi ki, çıxdım gördüm yoxdular: “ Dedim ki, yəqin gediblər qonşuya birazdan gələrlər. Sonra getdim gördüm qonşunun qapısında da qıfıl var. Sonra qaçdım o yan, bu yana, sonra qardaşımı çağırdım. Zəng eliyirəm qardaşıma ki, bəs uşaqlar yoxdur. İki nəfər gəlirdi, bilmirəm kim idi, dedilər orda uşaqlar batıb, bilmirik kimin uşaqlarıdır. Mənə paltarlarını göstərməsəydilər, bilməzdim. Mən yolu tanımırdım, dənizə qədər getmişəm, o yan, bu yana baxdım, uşaqlarımı tapa bilmirdim”.
Dənizdə batan azyaşlıların atası Fikrət Fərziyev qeyd edir ki, gəldim bir də gördüm ki, yığışıblar hamı qapıya: “Dedilər uşaqlar batıblar ora-bura getdim, dəniz qırağına, gördüm 3-nündə meyitini çıxarıblar, 2-si mənim, biri də qonşunun uşağı idi”.
Qeyd edək ki, dənizdə batan azyaşlılardan 3-ü - 9 yaşlı Elgün Məmmədova, 10 yaşlı Kəmalə Məmmədova və 6 yaşlı Fariz Əliyev bir ailənin, digər 2-si - 14 yaşlı Aydan və 13 yaşlı Hüseyn Fərziyev Məmmədovlar ailəsinə qonşuluqda yaşayan ailənin övladlarıdır. Həm Məmmədovlar, həm də Fərziyevlər ailəsinin dənizdə batan azyaşlılardan başqa övladı yoxdur.


Şərhlər