Menu

ERMƏNİ ƏSİR ÖLDÜ - Müdafiə Nazirliyi

08.08.2014, 15:23
ERMƏNİ ƏSİR ÖLDÜ - Müdafiə Nazirliyi

Tovuzda saxlanılan erməni vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Dünən cəbhə xəttində yerli sakinlər tərəfindən tutulan, daha sonra kameralar qarşısında qara maskalılar tərəfindən Korpus komandiri Rövşən Əkbərovun iş otağına gətirilən, orda sorğu-sual olunan erməni əsirin bir neçə saat sonra ölməsi ermənilərə Azərbaycan əleyhinə beynəlxalq aləmdə əks-təbliğat aparmaq imkanı verəcək. Lakin ən pisi odur ki, bir qədər əvvəl Kəlbəcərdə ermənilər tərəfindən tutulan girovlarımızın həyatı təhlükə qarşısındadır. Ermənilər onları öldürməklə qisas ala bilərlər.

V.Nəsibov 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol