Əliyev, Putin və Sarkisian Soçidə sambo yarışına birlikdə baxmağa gedəcəklər
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri qeyri-formal olaraq avqustun 9-da axşam da görüşə bilərlər.
Onun sözlərinə görə, Əliyev, Sarkisian və Putin Beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.
“Platforma S-70” adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.
Azadlıq Radiosunun məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə deyib ki, “Biz prezidentlərin 3-tərəfli görüşünün sabah- avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik”.
Peskov Qarabağdakı vəziyyət haqda isə deyib: “Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlar cəhdləri olunur”.
Avqustun 9-da Soçidə Putin Sarkisianla görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb.
Görüş Rusiya prezidenti Vladimir Putin-in təşəbbüsü ilə keçirilir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşə qatılmayacaqlar.
İyulun 31-dən bəri Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində atəşkəs ardıcıl olaraq pozulur, hər iki tərəf itki verir, yaralananlar var.
Yerli və xarici ekspertlər Qafqazda yeni müharibə təhlükəsindən yazırlar.


Şərhlər