Payız-qış dövrü ənənəvi olaraq ilin «kədərli» çağı sayılır - soyuq, külək, çiskin, minimum günəş işığı, qısa gün - işə qaranlıqda gedirsən, qaranlıqda da evə qayıdırsan...
Əgər bütün bunlara üstəlik də rasionda qaçılmaz mövsümi vitamin azlığını və gərgin iş qrafikini əlavə etsək, o zaman müxtəlif virusların payız-qış çağlarında orqanizmi asanlıqla «sarması»nın səbəbi aydın olar. Bizim edə biləcəyimiz isə bu viruslardan qorunmaq yolları aramaqdan ibarətdir...
Bu istiqamətdə 5 üsulu təqdim edirik - ən geniş yayılmış olmasa da, çox sadə və xeyli effektli üsulları.
Bir çoxları üçün şaxtalı qış mövsümünə hazırlıq isti geyim və ayaqqabı, vitamin vasitələri və soyuqlama xəstəliklərinin mümkün baş qaldırma halları üçün dərmanlar əldə etməkdən ibarət olur. Kimlər isə qripə qarşı peyvənd etdirir. Bütün bunlar düzdür, amma yetərli deyil.
Mövsümi kəskin respirativ-virus infeksiyalarını (KRVİ) qabaqlamaq üçün mütəxəssislər 5 qaydaya əməl etməyi məsləhət görürlər - bu zaman xəstəliklər sizdən yan keçəcək...
Təmizlik - sağlamlığın rəhnidir. O qədər inandırıcı səslənməsə də, məhz təmizlik 80 faiz infeksiyalı xəstəliklərdən yan keçməyə imkan yaradır. Əlləri mümkün qədər tez-tez yumaq və iş yerinin təmizliyinə - xüsusilə kompüterin və mobil telefonun düymələrinin təmiz saxlanmasına diqqət yetirmək lazımdır. Bu düymələrdə hətta ictimai tüaletlərdə cəmlənən saydan artıq mikrob toplana bilir. Təmizləmək üçün onların üzərinə antiseptik fısqıtmaq, sonra isə salfet kağızı ilə silmək lazımdır.
Nuş olsun! Bu halda söhbət alkoqoldan yox, digər içkilərdən gedir - çay, bulyon, mors və s. Başlıcası isə odur ki, içki isti olsun. Çoxlu içki içmək xəstəliklərin qarşısını almağa, xəstəlik baş verdiyi hallarda isə tez sağalmağa kömək edir.
Düzgün nəfəs alın. İnsan burnu - əsas süzgəc rolunda çıxış edir və viruslardan qoruyur. Ona görə, bəzi hallarda çətinlik törətsə də, məhz burunla nəfəs almaq lazımdır. Nəzərə alın - ağızla nəfəs aldıqda mikroorqanizmlər birbaşa heç nə ilə qorunmayan bronxlara düşür. Bundan başqa, antiseptik təsir göstərən efir yağları ilə effektli aromaterapiya da faydalıdır. Məslən, apelsin yağı və s.
Bitki əsaslı preparatlardan, o cümlədən, homepatik preparatlardan istifadə edin. Onlar soyuqdəymə xəstəliklərinin qarşısını kəsən güclü maneədir və nəinki profilaktik effekt verir, həm də tez sağalmağa kömək edir.
Ayaqları yaddan çıxartmayın. Uzun müddət hərəkətsiz dayanmayın, ayaqların üşüməsinə imkan verməyin. Bu, qan dövranını pisləşdirir və xəstəliyin inkişafına yardımçı olur. Ayaqqabı isə kifayət qədər «geniş», ideal dabanlı (1,5 santimetrdən hündür olmamalı) olmalıdır. Ayaqların masaj edilməsi çox faydalırır. Bunun əvəzində ayaq pəncəsi ilə taxta «oxlav»ı döşəmənin üstündə irəli-geri dığırlatmaq da olar...
Hazırladı: Mirzə AĞ


Şərhlər