AXCP sədrinin mətbuat katibi Natiq Ədilovun qardaşı Murad Ədilov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır. Onun barəsində ailəsinə və vəkilinə hər hansı məlumat verilmir.
Vəkil Murad Ədilovla görüşə də buraxılmır. Bu barədə Turan-a vəkil Yalçın İmanov bildirib.
Vəkil artıq iki dəfə avqustun 12-də və bu gün səhər saatlarında görüş üçün müraciət edib. “Mən dünən ilk olaraq Murad Ədilovu saxlayan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət etdim. Orada dedilər ki, M.Ədilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təhvil verilib. BMCMİ-də Ədilovun orada saxlandığını təsdiq etdilər. Lakin məni onunla görüşə buraxmırlar”, - vəkil qeyd edib.
Y. İmanov həmçinin M.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsindən, sağlamlıq durumunun necə olmasından xəbərsiz oduğunu bildirib: “Mən MCQMİ-də müqaviləmi, vəkillik vəsiqəmi təqdim etdim və məlumat istədim. Lakin hər hansı məlumat verilmir”.
Murad Ədilovun qardaşı Natiq Ədilov isə Turan-a bildirib ki, qardaşı işgəncəyə məruz qalıb. “Mənə orada olan yaxın adamlar qardaşımın döyüldüyünü bildiribləe. Biz Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin qaynar xətlərinə və Ombudsman Aparatına məlumat vermişik. Amma hələ bir nəticəsi yoxdur. Yalnız Ombudsman Aparatından dedilər ki, vəkil günortadan sonra görüşə buraxılacaq”, - o qeyd edib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 11-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş, 7,4 qram marixuana götürüb. M.Ədilovun evinə baxış zamanı isə 685 qram marixuana götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb və Ədilov saxlanılıb.
Natiq Ədilov və AXCP Murad Ədilovun şərləndiyini bildirir və həbsi siyasi təzyiq kimi qiymətləndirirlər.


Şərhlər