«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi yeni tərkiblə işə başlayacaq. Nümayəndələr Palatası və Senat iki ay əvvəl keçirilmiş aralıq seçkilərin gedişində seçilib.
Ötən il köhnə tərkibdə konqresmenlərin həll edə bilmədikləri problem 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin qəbulu məsələsi olmuşdu. Bu istiqamətdə əsas maneə isə Meksika ilə sərhəddə divarın tikintisi məsələsi idi. Bu tikintiyə prezident Donald Tramp dövlət büdcəsindən 5 milyard dollara yaxın vəsait ayırmaq istəyir. Ancaq demokratlar buna mane olurlar. İndi onlar Konqresin yeni tərkibində çoxluq təşkil edirlər. Baxmayaraq ki, respublikaçılar Senatda üstündürlər, bu üstünlük Trampın təşəbbüsünü təsdiqləmək üçün yetərli deyil.
Məlum olduğu kimi, büdcə məsələsindəki ziddiyyətlər dekabrın axırında federal nazirliklərin 1/4-nin fəaliyyətini iflic edib. Onların arasında Dövlət Departamenti, Daxili Təhlükəsizlik və Ədliyyə nazirlikləri də yer alıb.
Xəbər verilir ki, «ştatdaun» adlandırılan bu vəziyyət artıq 13 gündür davam edir və 800 min nəfər federal qulluqçuya öz təsirini göstərib. Onların bir yarısı məcburi məzuniyyətə gedib, qalanı isə əmək haqqı almadan işləyir.
Nümayəndələr Palatasındakı demokratlar federal idarələrin fəaliyyətinin bərpasına imkan verən qanun layihəsinin ləngimədən qəbul olunacağını vəd edirlər.


Şərhlər