HÜQUQŞÜNASIN İQTİSADİ FALÇILIĞI

Mürvət HƏSƏNLİ

Aslan İsmayılov adlı adam indi də iqtisadçılığa başlayıb. Özünün etirafına görə, hüquq təhsili aldıqdan sonra iqtisad elminin sirlərinə vaqif olmaq istəyib. Amma ailə-məişət problemlərinə başı qarışdığından bu niyyəti baş tutmayıb.

Mən bu adamın həmin etiraflarını oxuyanda Azərbaycan iqtisadiyyatının böyük bir bəladan xilas olduğuna sevindim. Nədən ki, əsas təhsili hüquqşünaslıq olan, uzun illər hüquq sahəsində ən müxtəlif vəzifələrdə çalışan, dolayısıyla ciddi təcrübə toplayan Aslan İsmayılov bu elmi belə dərindən bilmir. Ali məktəb illərində müəllimlərinin ona adi bir hüquqi problemi necə başa saldığını deyə bilmərəm, amma ən azı iki dəfə ona hüquq dərsini özüm vermişəm. Di gəl ki, bütün səylərim boşa gedib. Aslan İsmayılov Nuh deyib, peyğəmbər deməyib, savadsızlığını nümayiş etdirməkdən usanmayıb.

Görünür, bu adam beynini quşçuluq sektoruyla o qədər məşğul edir ki, hüquqi mülahizələrində də quşlamaqdan özünü saxlaya bilmir. Bu yaxınlarda onun bloger Mehman Hüseynovun həbs müddətinin uzadılması ilə əlaqədar paylaşdığı statusu quşlamaq feilinin ən bariz nümunələrindən biri kimi tarixə düşəcək. Şəxsən mən təsəvvür edə bilməzdim ki, uzun illər hüquq sahəsində çalışmış bir insan Konstitusiyanın imperativ maddələrindən olan dünyəvilik prinsipinin nə demək olduğunu anlamasın. Çünki bu prinsip dövlət quruluşumuzun xarakterini ifadə etməklə yanaşı, Konstitusiyanın dəyişdirilməsinə məhdudiyyət qoyduğu maddələrdəndir. Belə ki, Konstitusiyanın 155-ci maddəsinə görə, onun 6 maddəsi ləğv oluna və dəyişdirilməsi üçün referenduma çıxarıla bilməz. Yəni dövlətimiz var olduqca Konstitusiyamızda qalacaq. Dəyişdirilməsi qadağan olunan həmin maddələr isə bu cür sıralanır:

“Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”.

Göründüyü kimi, Konstitusiyanın qadağanedici normativlə qadağan edilən maddələrindən biri də 7-ci maddədir. Həmin maddənin I bəndində deyilir:

I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Dövlət formamızın 4 dəyişilməz xarakterindən sayılan dünyəvilik prinsipi isə Konstitusiyanın 18-ci maddəsində bu cür xarakterizə olunur:

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Bu maddədən aydın olduğu kimi, hüquq elmində dünyəvilik deyiləndə 3 xüsusiyyət nəzərdə tutulur. Bunlardan biri dinin siyasətdən ayrı olması, ikincisi humanizmə zidd dinlərin yayılmasına qadağan qoyulması, üçüncüsü isə dövlət təhsil siteminin müasir sekulyarist xarakter daşımasıdır. Yəqin razılaşarsınız ki, Mehman Hüseynovun həbs müddətinin uzadılması nə dinin siyasətə alət edilməsi, nə anti-bəşəri dinin yayılması, nə də məktəblərin mədrəsələrlə əvəz olunması idi. Elədirsə, özünü dahi hüquqşünas sayan Aslan İsmayılov hansı ağılla Mehman Hüseynovun həbsini dünyəvi dəyərlərdən uzaqlaşmaq kimi tövsif edirdi?

Hüquqşünasa verdiyim hüquq dərsində mən bu böyük səhvi onun dünyəvilik haqqında anlayışının olmaması ilə əsaslandırmışdım. Çünki bu qədər ciddi “quşlamaq” qarşısında başqa bir arqument tapmaq mümkün deyildi. Bir hüquqşünasın hətta orta məktəb uşaqlarının bildiyi həqiqəti bilməməsi isə onun hüquqi savadının yoxluğuna dəlalət edir. İndi bu adamın guya hüquq elmini “bay etmiş” kimi bir də iqtisadçı ola bilmədiyinə heyfsləndiyini görəndə böyük bir tərəddüdə düşürsən. Bilmirsən, Azərbaycanın “ən böyük hüquqşünasının” ağlına güləsən, yoxsa ağlayasan.

Aslan İsmayılovun iqtisad elminin dalınca gedə bilmədiyinə ona görə sevindim ki, adamın iqtisadçılığı da elə hüquqşünaslığına oxşayacaqdı. Hətta deyərdim ki, daha savadsız bir kadr ortaya çıxacaqdı. Niyə belə düşünürəm? Çünki hər hansı bir insan istədiyi peşənin dalınca gedəndə ilk növbədə onun nədən ibarət olduğunu, hansı sahəni araşdırdığını gələk bilə. Əks halda ondan necə mütəxəssis çıxar?

Məsələn, riyaziyyatı tarixlə səhv salıb, qabağına çıxan bütün tarix kitablarını hətta oxusan belə, riyazıyyatçı ola bilmərsən. Uzaq başı, tarixçi olarsan. Ona da gərək idrak qabiliyyətin imkan verə. Başqa sözlə desək, bir elmi öyrənmək istədikdə ilk növbədə hədəfini müəyyənləşdirməli və ona doğru getməlisən. Dərd burasındadır ki, Aslan İsmayılovun statusundan onun iqtisadiyyat deyəndə falçılıq nəzərdə tutduğu aydınlaşır. İnanmırsınızsa, gəlin onun iqtisadi nəzəriyyəsinin bəzi məqamlarına nəzər salaq:

“Burada yazdıqlarım beynimdə olanların bəlkə mində biridir və mükəmməl bilmədiyim sahə olduğundan balaca bir cızma-qara ilə vaxtınızı alacam. Yəqin çoxları fikir verib ki, böyük müharibələrindən sonra həmişə dünyada iqtisadi sıçrayışlar baş verib. Şəxsən özüm bunun nə ilə əlaqəli olduğunu oxumamışam. Oxuyanlar məlumat versələr minnətdar olaram. İndi deyəcəyim bir çoxlarına gülməli də gələ bilər. Ona görə məni qınamayın. Bütün varlığımla İlahi Ədalətə, Yaradanın varlığına inanıram. Ona görə fikirləşirəm ki, baş verən bütün faciələr, təlatümlər dünyada baş verən ədalətsizliklərlə bağlıdır. İnsanlar dərk eləməsələr də müharibədən sonra gördükləri faciələr onları birləşdirir, insani, ədalət hisslərini qabardır və insanlar bir-birinə qarşı daha mehriban, qayğılı olurlar. Hesab edirəm ki, böyük müharibələrdən sonra olan bütün iqtisadi yüksəlmələr də məhz bu insani münasibətlərlə bağlıdır. Yaradan onun yaratdıqlarına hörmət, qayğı tələb edir. İnsanlar bunu başa düşməyəndə faciələrlə üz-üzə qoyur. Heç vaxt 1988-ci ildə Ermənistanda olan dağıdıcı zəlzələ də yadımdan çıxmır. Hesab edirəm ki, bu da erməni cəmiyyətində hökm sürən başqa millətlərə ədalətsiz münasibətə görə aldıqları cəza idi. Vaxtilə yaşadığım Krasnodar şəhərinin yaxınlığında SSRİ nəhəng bir su anbarı düzəltdi, yüzlərlə kənd, qəsəbə su altında qaldı və hamı sevinirdi ki, artıq çox münbit olan Kuban torpağında su problemi olmayacaq. Sonrakı illər təbiətdə olan dəyişikliklərlə, əksinin baş verdiyinin şahidi oldular və hamı bu ağılsız addımdan təəssüfləndi. Eləcə də SSRİ dövrü sovet hakimiyyəti bir çox çayların axarını dəyişdi və heç biri yaxşı, istənilən nəticəni vermədi. Hər yerdə tam əksi oldu”.

Allah eşqinə, bu cümlələrin iqtisad elmiylə nə əlaqəsi var? Sizcə, bu, daha çox falçılığa oxşamırmı? Falçılıqla iqtisadiyyatı ayrıd edə bilməyən bir insanın oxuyub alim olsa belə, cəmiyyətimizə nə xeyri dəyə bilər?

635x100

Şərhlər

Bashirov Qarib 2019-01-17 17:49:54

Murvət muəllim,A.İsmayılovu həmişə duşmən gözundə görmusunuz.Duşmənin şərəf və ləyaqətini qərəzçiliklə aşagılamaq olmaz.Jarqon sözlərdən istifadə etmək,onun bir huquqşunas kimi həm də ədalətli şəxs olmasını, savadlı ziyalı bir şöxs oldugunu gözardı etməklə təhqir etməyiniz yaxşı deyil.Sizin yazılarınızın hamısını oxuyuram və sizin savadınıza heyranam.Amma,həmişə də qərəzli olmusunuz.A.İsmayılova qalib gəlməyinizin səbəbi başqadır. Səbəbi bilə-bilə öyunməyinizi təqdir etmirəm.

Son yazılar