Öz əsərləriylə təkcə qırqız xalqının deyil, həmçinin sovet idarəçiliyi altında yaşayan bütün insanların haray səsinə çevrilən, məşhur "Manqurt" obrazıyla müstəmləkə xalqlarının ümumi simasını yaradan Çingiz Aytmatov yalnız yaradıcılığı ilə deyil, həm də şəxsi əlaqələri ilə dünya xalqları, o cümlədən türk ölkələri arasında sarsılmaz körpülər salmağa çalışmışdır. Onun digər xalqların tanınmış şəxsiyyətləriylə vaxtaşırı məktublaşması, müxtəlif beynəlxalq konfranslarda səmimi ünsiyyətlər qurması bunun ən bariz sübutudur.
Ümumiyyətlə, Çingiz Aytmatovun həyatına nəzər salanda diplomatik məharətilə vətəndaşı olduğu dövlətləri, əsasən də Qırğızıstanı xarici ölkələrdə ləyaqətlə təmsil etdiyini görə bilərik. Maraqlıdır ki, Çingiz Aytmatovun bu qabiliyyətini ilk kəşf edən rus imperiyası olmuşdur. SSRİ dağıldıqdan sonra Rusiyanın ən ağır anlarında, xarici dəstəyə ciddi ehtiyac duyduğu, mənfi beynəlxalq imicini reablitasiya etməyə çalışdığı zamanlarda Moskvanın istinad etdiyi ziyalılardan biri də Çingiz Aytmatov olmuşdur. Görkəmli və dünya şöhrətli yazıçının post-sovet məkanında ən ağır iqtisadi böhranların yaşandığı 1990-1994-cü illərdə əvvəl SSRİ-nin, daha sonra Rusiyanın Benilüks (Belçika, Niderland və Lüksenburq ittifaqı) ölkələrindəki səfiri vəzifəsində çalışması bu iddianı təsdiqləyir. Yazıçının bu gün Avropa İttifaqının paytaxtı və iqtisadi baxımdan ən önəmli güclərindən biri halına gələn Benilüksdə başlayan diplomatik fəaliyyəti daha sonra Qırğızıstanın xarici ölkələrdəki ən önəmli siması kimi davam etmişdir. Müasir dövrün ədəbi korifeyi kimi adını tarixə yazdıran Ç.Aytmatov 1994-cü ildən 2008-ci ilədək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olmuşdur.
Tədqiqatçıların fikrincə, Çingiz Aytmatov məhz bu diplomatik missiyanın təsiri ilə yaradıcılığının son dövrü sayılan 1990-cı illərdən sonra məzmun və ideya baxımından tamamilə yeni mərhələyə qədəm qoymuşdur. SSRİ-nin dağılmasıyla 100 illik geosiyasi balansı pozulan dünyanın yenidən bölüşdürüldüyü bu mərhələdə Çingiz Aytmatov əsərlərində bəşəriyyətin taleyini düşünən söz adamı kimi çıxış etmişdir. SSRİ miqyasından çıxaraq bəşəriləşən yazıcının bu dövrdə qələmə aldığ “Kassandra damğası”, “Əbədi gəlin” və ya “Dağlar çökəndə” romanlarında dünyanın taleyi ilə məşğul olan diplomatın böyük çabalarının şahidi oluruq. Xüsusilə “Kassandra damğası” romanı qlobal problemlərdən çıxış yolları göstərən ədəbi əsər kimi tanınır və bu xüsusiyyətilə həm də diplomatik ədəbiyyat nümunəsi xarakteri daşıyır.
Bütün bunlar böyük qırğız yazıçısının oxucular tərəfindən görünən və bilinən tərəfləridir. Onun şəxsi yazışmalarında yatıb qalan görünməyən fəaliyyətləri də var. "Aytmatov aysberqi"nin su altında gizlənən hissəsini incələyəndə ən azı görünən tərəfi qədər nəhəng olduğunu görə bilərik. Görünən Aytmatov öz xalqının və bəşəriyyətin taleyi ilə uğraşan diplomat idisə, görünməyən Aytmatov da xalq diplomatiyası ilə məşğul olurdu. Onun sovet xalqlarının ən tanınmış adamları ilə yazışmaları fikrimizi sübut edir.

Sovet hakimiyyəti illərində türk xalqlarının ziyalıları arasındakı münasibətləri əks etdirən həmin tarixi sənədləri Ovqat.com saytına istinadla təqdim edirik:







Şərhlər
Dünya miqyaslı ədib,təkcə mənsub olduğu qırğız xalqının yox,həmçinin Türk dünyasının abidələşmiş şəxsiyyətlərindən biri Çingiz Aytmatovun(yeniyetməlik çağlarımda həvəslə oxuduğum"Köşək gözü","Cəmilə","Ana tarla" və s. daha sonralar "Gülsarı","Dəniz kənarıyla qaçan alabaş","Əsrə bərabər gün"və s.),bədii zövqünə,məntiqi davranışına,yüksək intellektinə,ədalətli və orijinal yanaşmalarına,bılıyinə hər vaxt heyran qaldığım hörmətli İlyas İsmayılovla əlaqəsi olduğuna dair məlumata çox sevindim!
Belə bir danılmaz tendensiya var ki, dünyada həmişə yaxşı və pis insanlar ayrı-ayrılıqda birləşirlər. Böyük ziyalı və yazıçı Çingiz Aytmatovun İlyas müəllimi arayıb-axtarması yaxşıların birləşməsinin sübutudur. Bu "birlik" işıqlı insanların cəmiyyətin qarşılaşdığı narahatlıqdan, qayğılardan, üzərlərinə düşən iri miqyaslı missiyanın məzmunundan və bütün bunları qarşılamaq üçün şərə qarşı mübarizədə bir-birinə arxa olmaq istəyindən doğurdu.
Çingiz Aytmatovun İlyas ismayılovla münasibət qurması maraqlı faktdır. Doğurdan da, İ.İsmayılov vacib siyasi şəxsdir ki, elə bir böyük insan onunla ünsiyyət qurub. Bunu qiymətləndirmək lazımdır.