«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birəşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, Birləşmiş Ştatlar Venesueladakı vətəndaşlarının təhlükəsizliyi üçün bütün tədbirləri görəcək.
Belə bəyanatı o, jurnalistin «əgər orada olan diplomatlara hər-hansı real təhlükə yaranarsa, Venesuelaya ordu göndərmək xahişi ilə prezidentə müraciət edəcəksinizmi?» - sualına cavab verərkən səsləndirib.
«Biz, yerlərdə situasiyanı tam şəkildə anlayırıq və adamlarımızın təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şeyi etməyə hazırıq» - DD-nin başçısı qeyd edib.
Bundan əvvəl xəbər verildiyi kimi, ABŞ DD-nin diplomatik təhlükəsizlik Bürosu təhlükəsizlik nöqteyi-nəzərindən Venesueladakı əməkdaşlarının bir qismini geri çağırır.
Venesuelanın Rusiyadakı səfiri Karlos Rafael Fariya Tortosa bəyan edib ki, ölkəsinin hakimiyyəti ABŞ-a bəhanə verməmək üçün diplomatlara qarşı hər-hansı tədbir görməyi planlaşdırmır.
Xatırladaq ki, Venesuelanın prezidenti Nikolas Maduro ABŞ-la diplomatik münasibətlərin kəsildiyini bəyan edib və ABŞ diplomatlarından ölkəni bazar gününə qədər tərk etməyi istəyib. Dövlət katibi Mayk Pompeo isə bu tələbi qanunsuz adlandırıb və bəyan edib ki, ABŞ bundan sonra diplomatik münasibətləri özünü prezident elan etmiş müxalifət lideri Xuan Quaydo ilə davam etdirəcək.


Şərhlər