BİZİM ZƏFƏR MÜƏLLİM...

Eldar SABİROĞLU

Bu gün hörmət və ehtiramla andığım müəllimim Zəfər Quliyevin vəfatının üç ili tamam olur.

Politoligiya İnstitutunda o, bizə - Mehman Cavadoğluna, Fəxrəddin Abbasa və mənə dərs demiş, həm də əziz müəllimimizlə dost olmuşduq. Çox etibarlı, dəyərli, əqidəsinə və prinsiplərinə sadiq bir şəxsiyyət idi.

Biz institutu bitirdik, Mehman, Fəxrəddin Müsavata, mən isə YAP-a yol açdıq. Partiyalarımız ayrı olsa da, tələbəlik illərinin səmimiyyətini qoruya bildik. Zəfər müəllimin dünyadan köçdüyünün üç ilinin tamam olduğu xəbərini də mənə Fəxrəddin bir statusu ilə çatdırdı. Unudulmaz müəllimimizin institutda baş verən hadisələr zamanı bizə dayaq durduğu anlar yadıma düşdü...

Politologiya İnstitutu o zaman Sov. İKP. MK-nın kurasiyasında idi. Burada gürcülər və ermənilər də təhsil alırdılar. Dövr Azərbaycanda xalq hərakatı illərinə təsadüf etdiyindən institut xüsusi nəzarətə götürülmüşdü. Moskvadan və bizim Mərkəzi Komitədən "hörmətli" şəxslərin biri gedib-biri gələrdi. Erməni tələbələrə məxsusi diqqət göstərilirdi. Onları göz bəbəyi kimi qoruyurdular.

Biz üçlükdə bir özək yaradaraq institutun Moskva MK-nın tərkibindən çıxarılması mübarizəsinə qoşulduq və bu barədə xüsusi bəyanatla çıxış etdik. Ardıyca da institutda tətil elan edərək tələbələrin iştirakı ilə ümumi ylğıncağın keçirilməsinə nail olduq. Bir həftə ali məktəbin fəalliyyəti dayandırıldı.

Tələbə yoldaşlarımızın dəstəyi institut rəhbərliyi daxil olmaqla, Azərbaycan Mərkəzi Komitəsinin böyük narahatlığına səbəb olmuş və vəziyyətin nizamlanması üçün V.Polyaniçkonun rəhbərliyi ilə yaradılan nəzarət qrupu bizi təqib etməyə, məktəbdən və partiyadan xaric etməklə hədələməyə başlamışdı. Bütün bunlar heç eynimizə də deyildi, əksinə, mübarizə əzmimizi bir az da artırırdı.

Vəziyyətin gərginliyini nəzərə alan rektor, rəhmətlik Tofiq Köçərli Mehmanı, Fəxrəddini və məni qəbul edərək institutda nizam-intizamı bərpa etməyi tələb etdi. Ədəb çərçivəsini aşmamaqla mövqeyimizdən geri durmayacağımızı rektora bildirdik.

Bundan sonra institutun partiya komitəsinin katibi Oktay Əliyevin yanına dəvət edildik. Görüşdə indiki deputat, Vəzirovun, Mütəllibovun adamı olan, sonradan müsavatçıya və ardınca "alovlu Əliyevçi"yə çevrilən Rasim Musabəyov də iştirak edirdi. İnsafən, Oktay müəllim üzərimizə elə də gəlmirdi. Musabəyovun bizi Kommunist Partiyasına xəyanət etməkdə və "respublikanı qarışdırmağa yönəlik pozucu fəaliyyət aparan klana" xidmət göstərməkdə ittiham etməsinə dözməyib partkomun kabinetini tərk etməyə məcbur olduq və rəhmətlik Əbülfəz Elçibəyin şəxsi tövsiyəsi ilə institutda Xalq Cəbhəsinin özəyini yaratdıq. Dərhal da cəbhə təşəbbüsümüzü qeydiyyata aldı...

İnstitutun fəaliyyəti demək olar ki, tam iflic duruma düşmüşdü. Məktəbi bitirənədək tədris prosesi bu cür davam etdi...

Fəxrəddin Abbasın Zəfər müəllimi xatırlaması məni bu qeydləri qələmə almağa sövq etdi. Həmin günlərdə bizi institut müəllimlərindən yeganə müdafiə edən Zəfər müəllim oldu.

Allah onu qəni-qəni rəhmət eləsin!!!

635x100

Şərhlər

zakir 2019-01-29 23:16:08

eldar muellim sizkompartiyadan cixib daha bir kom partiyaya uzv oldunuz. meger sovet hokumetinin eleyhine cixmaqla duz etdiniz- indi oqlunuz gunahsiz yere yatir- allah qapisin acsin.

Əsəd 2019-01-29 23:16:08

SABİROĞLU məktəbi yeni qurtaran insan da bilməmiş olar ki yazının başlığı Zəfər müəllimlə əlaqədar olsa əsas məsələ sətiraltı Rasim Musabəyovun köhnə kommunist rejiminin müdafiyəçisi olmağını oxucuya çatdırmaq olub.Fikrimcə bu məsələdə Zəfər müəllimin adından istifadə etməyiniz sizdə heç də yaxşı alınmayıb.Biz orta yaşlı insanlara məlumdur ki sizin keçmişiniz də elə hamar olmayıb.Keçmişdə və elə indi də ölkə rəhbərliyində kommunist rejiminin çox böyük nümayəndələri oturub, yaza bilirsizsə bir azda onlardan yazın, gənc nəsil onları tanısın.ALLAH oğlunuzun qapısını açsın.

Son yazılar