Menu

Bakıda iki yeniyetməni öldürüb qaçan sürücünün məhkəməsi başladı

30.01.2019, 19:35
Bakıda iki yeniyetməni öldürüb qaçan sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə mərhumların yaxınları təqsirləndirilən şəxsə etiraz ediblər: "Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb. Əgər o uşaqları vaxtında xəstəxanaya çatdırsaydı, həyatlarını xilas etmək mümkün olardı".

Məhkəmə nəzarətçiləri həmin şəxsləri sakitləşdiriblər.

Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.

İttihama görə, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov futbolçu olub və "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol