Menu

Ukrayna bir şoumenin ümidinə qalıb! - Zelenski sorğuda birinci yerə qalxıb

05.02.2019, 09:11
Ukrayna bir şoumenin ümidinə qalıb! - Zelenski sorğuda birinci yerə qalxıb

Ukraynada martın 31-də keçiriləcək prezident seçkisində iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu başa çatıb.

“AzPolitika.info” xəbər verir ki, ölkə tarixində ilk dəfə rekord sayda - ən azı 30 namizədin iştirak edəcəyi seçkinin əsasən 3 favoriti var. Bunlar hazırkı prezident Pyotr Poroşenko, sabiq baş nazir Yuliya Timoşenko və şoumen Vladimir Zelenskidir.

Əksər müşahidəçilər ilk dəfə məhz bu seçkidə ölkənin ciddi lider problemilə üzləşdiyini bildirirlər. Elə məşhur şoumen və komediya ustası V.Zelenskinin şanslarının çox yüksək qiymətləndirilməsi də ölkənin siyasi lider çatışmazlığı ilə izah olunur. Məlumat üçün bildirək ki, 42 milyon əhalisi olan Ukraynada 89 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Onlardan 28-nin sənədləri MSK tərəfindən qeydiyyata alınıb, 22 nəfərə imtina edilib, qalanların sənədləri isə hələ nəzərdən keçirilir. Onu da qeyd edək ki, seçkidə iştirak edən hər bir namizəd büdcəyə 90 min dollar vəsait ödəməlidir. Və həmin vəsait yalnız seçkidə birinci və ikinci yeri tutan namizədlərə geri qaytarılacaq.

Seçkiyə iki aydan az vaxt qalmasına baxmayaraq, namizədlərdən heç biri ciddi üstünlüyə malik deyil. “Reytinq” Sosial Araşdırma Qrupunun bu günlərdə keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 14.1 faizi Vladimir Zelenskiyə, 13.1 faizi Yuliya Timoşenkoya, cəmi 10.8 faizi isə hazırkı prezident Pyotr Poroşenkoya səs verəcəklərini bildiriblər. Həmçinin, rəyi soruşulanların böyük qismi hələ qərar vermədiklərini söyləyiblər.

Təhlilçilər bu seçkidə ikinci turun olacağına şübhə etmirlər. Lakin onların böyük əksəriyyəti nəinki sonda kimin qalib gələcəyini, hətta son tura hansı iki namizədin qalacağını belə söyləməkdə çətinlik çəkirlər. Belə ki, hər şey seçki kampaniyasını hansı namizədin daha uğurlu aparacağından asılıdır.

Namizədlər isə artıq müxtəlif səpkili vədlər verməyə başlayıblar. Əgər V.Zelenski sadəcə ədalətli idarəetmə vəd edirsə, Y.Timoşenko əhali üçün təbii qazın qiymətinin iki dəfə azaldılacağına söz verir. Hazırkı prezident isə daha real addımlar ataraq, əhalinin kommunal xidmətlərinin ödənilməsi üçün subsidiyalar ayrılmasına dair qərar verib. Bu qərar ilin əvvəlindən qüvvəyə minib və 4 minədək ailəyə şamil olunub. Rəqibləri Poroşenkonun bu addımının seçki kampaniyasının tərkib hissəsi olduğunu və prezidentin bu yolla seçicilərin səsini qazanmağa çalışdığını iddia edirlər. Qeyd edək ki, bu məqsəd üçün hər ailəyə aylıq 1500 qriven, yəni təqribən 54 dollar ödənilir.

Müşahidəçilər ölkədə seçki öncəsi yaranan situasiyanı dəyərləndirərkən, Poroşenkonun reytinqlərdə 3-cü göstərilməsinə baxmayaraq, ikinci tura keçmə ehtimalını kifayət qədər yüksək qiymətləndirirlər. Xüsusilə inzibati resursların onun əlində toplanması, eləcə də son zamanlar verdiyi qərarlar (buraya kilsənin Rusiyadan asılılığının aradan qaldırılması və sosial təminat məslələrilə bağlı qərarlar aiddir-müəl.) P.Poroşenkonun şanslarını xeyli artırmış olur.

Y.Timoşenko əsasən kommunal xidmətlər və sosial problemlərin həlli məsələlərini önə çəkərək, seçki kampaniyasını bunun üzərində qurmağa çalışır. Lakin xanım siyasətçinin vaxtilə hökumət başçısı olması, xüsusi nailiyyətlərlə yadda qalmaması, eləcə də daha çox siyasi intriqan kimi tanınması onun şanslarına mənfi təsir göstərir.

Reytinqlərdə birinci olan V.Zelenski isə demək olar ki, öz seçki kampaniyasını ölkənin məşhur telekanallarından birində yayımlanan “Xalqın qulluqçusu” serialında oynadığı prezident obrazı ilə davam etdirməkdədir. Zelenski hazırda rəqibləri tərəfindən daha çox Ukraynadakı ən nüfuzlu oliqarxlardan biri olan İqor Kolomoyskinin adamı kimi qələmə verilir. Hətta sözügedən serial da məhz Kolomoyskiyə aid telekanalda efirə verilir. Onu da qeyd edək ki, Kolomoyski həm də hazırkı prezidentin ən barışmaz əleyhdarlarından biri sayılır və özü də bunu inkar etmir. Lakin İ.Kolomoyski Zelenskinin guya onun tərəfindən idarə olunduğuna dair iddiaları rədd edir. O, hətta müsahibələrinin birində, əksinə, artıq onun özünün Zelenski tərəfindən idarə olunduğunu bildirib.

Müşahidəçilər bu seçkidə yuxarıda qeyd olunan 3 namizəddən başqa heç kimin ciddi sayılacaq şansa malik olmadığını iddia edirlər. Lakin o da vurğulanır ki, namizədlərin sayının həddindən artıq çox olması seçicilərdə çaşqınlıq və düzgün seçim etməkdə çətinlik yaradacaq.

Ən pessimist müşahidəçilər isə seçkidə kimin qalib gələcəyinin heç bir ciddi əhəmiyyət kəsb etmədiyini və növbəti prezidentin kim olmasından asılı olmayaraq, Ukraynada vəziyyətin yaxşılaşacağına inanmadıqlarını deyirlər...

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol