Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun seçiciləri ilə növbəti görüşləri başlayıb.

Bu barədə AzPolitika.info-ya partiyanın mətbuat xidmətindən məlumat verilib.

Deputat, seçildiyi Qazax, Ağstafa, Tovuz seçki dairəsi daxilində yaşayan əhali ilə görüş zamanı öz seçiciləri qarşısında çıxış etmiş, onların problemləri ilə şəxsən yaxından maraqlanmış, şikayətlərini dinləyib. Yerli əlahi də əvvəlki görüşlərdən sonra həllini tapan məsələlər kimi, bu görüşdə dilə gətirdikləri problemlərinin də tezliklə öz həllini tapacağına ümidvar olduqlarını deyiblər. İlyas İsmayılov onlara bildirib ki, bundan sonra da xalqın rifahı üçün çalışacaq.

Görüşlərdən biri də deputatın geniş seçici auditoriyası olan Qazax rayonunun Böyüş Cəfərli kəndində baş tutub. Kənd ictimaiyyəti tərəfindən qarşılanan İlyas İsmayılov burada cəbhədəki son gərginlik zamanı şəhid olan Azərbaycan Ordusunun giziri İsa Ziyad oğlu Almazovun ailəsinə baş çəkib.

Şəhid ailəsinə başsağlığı verən deputat, onların dərd-qəminə şərik olduğunu, diqqət və qayğısını əsirgəməyəcəyini vurğulayıb. Şəhidin yaxınları da İlyas İsmayılova onlarla yaxından maraqlandığına, səmimi münasibətə görə təşəkkür ediblər.

Qeyd edək ki, İyulun 31-də Qazax rayonu Böyük Cəfərli kənd sakini, Azərbaycan ordusunun giziri, 1977-ci il təvəllüdlü İsa Ziyad oğlu Almazov cəbhənin Kəmərli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Dörd uşaq atası olan şəhid Qazax rayonu Böyük Cəfərli kəndində dəfn edilib.

İlyas İsmayılovun seçicilərilə görüşləri davam etməkdədir.