Səfər Kəlbixanlı
Filologiya elmləri namizədi
Onu çoxdan tanıyıram. Lap çoxdan. İllər öncə xoş təsadüf nəticəsində tanış olmuşuq. Sonradan bu tanışlıq daha isti münasibətlə əvəz olundu. Zahir müəllim ixtisasca kimya-biologiya müəllimidir. Amma mən onu daha çox rəssam və heykəltəraş kimi tanıyırdım. Etiraf edim ki, onun belə gözəl qələm sahibi olduğunu bilmirdim. "O və yerdə qalanlar” kitabını oxuyana qədər. Bu günlərdə "Qanun” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunmuş əsəri nəzərdə tuturam.
…Yazılar da insan taleyinə bənzəyir. Nə vaxt, hansı şəraitdə dünyaya gəldiyini bəri başdan proqnozlaşdırmaq olmur. Bəzən bir yazını ərsəyə gətirmək üçün günlərlə, aylarla düşünməli olursan. Fikir səni ağuşuna alıb düzü-dünyanı dolandırır. Amma yenə ortalığa ağlabatan, daha doğrusu, ürəyindən tikan çıxaran yazı qoya bilmirsən. Söz qəhətə çıxır. Qalırsan gözlərini döyə-döyə. İçini cırmaqlamaq istəyirsən. Yaşantılarını kağıza köçürə bilmədiyinə görə həm özünə, həm də əlahəzrət İlham pərisinə nifrin yağdırırsan. Amma yenə bir şey çıxmır. Sözün balası ölsün. Adam heç bilmir çətinə düşəndə niyə qəhətə çıxır. İndi tam başqa bir ovqatdayam. Elə indicə Xocalı faciəsinə həsr olunmuş tədbirdən qayıtmışam. Allah baisin bəlasını versin. Görəsən, o körpələrin, ağbirçək anaların nə günahı vardı?.. Elə bil hamının və hər kəsin intiqamını dilsiz-ağızsız bilgisayarımdan alacam. Onsuz da heç nə edə bilməyəcək mənə. Nə istəsəm, yazacam. Bəlkə, artıq neçə dəfə eşitdiyim rəqəmlər, izlədiyim kadrlar ruhumu yerindən oynadıb. Özümdə-sözümdə deyiləm. Zahir müəllim yazımın belə alınmasına görə qoy bağışlasın məni.
Vətən elə buna görə çox sevilirmiş. Bir dəfə Azərbaycandan kənarda maraqlı bir səhnənin şahidi oldum. Təsadüfən küçədə bir xanımla rastlaşdım. Dərhal hiss etdim ki, bədnam qonşularımızın nümayəndəsidir. Özümdən asılı olmayaraq "qırılmışlar burda da imkan vermirlər rahat gəzib dolanım” deyib yanından ötüb keçmək istədim. Heç gözləmədiyim halda təmiz Azərbaycan dilində ”nə desəniz, haqqınız var” dedi. İstər-istəməz ayaq saxlamalı oldum. Bəlli oldu ki, Bakıda doğulub. Əri də Azərbaycanlı olub. Qarabağ savaşında şəhid olandan sonra qadın Bakını tərk etməli olub. Söhbət əsnasında xanım çox maraqlı bir etirafda bulundu. "Bura gələn gündən öz millətimlə oturub-durmağa başladım. Evimə gəldilər, mən onlara qonaq getdim. Amma hüzur tapa bilmədim. Hansı ermənini qapısını döyüb içəri girdimsə, orada ermənilikdən əsər-əlamət görmədim. Heç televiziya kanallarında da öz dillərində veriliş izlədiklərini görmədim. Yenidən azərbaycanlılara sığındım. Bilirsinizmi niyə? Çünki siz harada olsanız da vətəninizlə nəfəs alırsınız. Bütün dünya bir tərəfədir, Azərbaycan bir tərəfə. Evinizdə bişirdiyiniz yeməklərdən tutmuş, dinlədiyiniz musiqiyə, baxdığınız verilişlərə qədər milli kimliyinizi qoruyursunuz”. Onda milli kimliyimdən qürur duymuşdum. Dünyanın hər yerinə səpələnmiş, müxtəlif səbəblərdən Vətənlə əlaqəsi kəsilmiş, lakin qəlbləri hər zaman Azərbaycanla döyünən və hətta ən qatı düşmənimizi də bunu etiraf etməyə məcbur edən soydaşlarımıza ürəyimdə "halal olsun” demişdim.
Nə üçünsə Zahir müəllimin "O və yerdə qalanlar” kitabı barədə yazmağa başlayanda bu sözlər yadıma düşdü. Əslində, başqa cür ola da bilməzdi. Çünki oxuduğum kitab mənim dilimdə, daha doğrusu, anamın mənə layla çaldığı dildə yazılıb. O qədər şirindir ki, kitabdan ayrılmaq olmur. Zahir müəllimin qələmindən bal süzülür. Yeməklə (oxumaqla) doymursan. Yenə istəyirsən. Çünki müəllifin damarlarından əsl türk qanı axır. Özü də halal süd əmib. Halal süd əmmişlər başqa cür düşünə, yaza bilməzlər. Əllərinə sağlıq.
Daha bir məqam. Kitabı Qulu Ağsəs redaktə edib və gözəl bir ön söz yazıb. Elə əsərin özü qədər şirin və axıcı dildə. Hər ikisinə Allah insaf versin. Adam bir oxucunu da düşünər; bunun çörək yeməyi var, siqaret çəkməyi var (çəkənlər üçün), istirahəti var. Elə hər şeyi bir kənara atıb oxumaq olmaz axı. Amma bunlar oxutdular. Kitabı nə vaxt başlayıb, nə vaxt bitirdiyimdən xəbərim olmadı. Düşdüm Zahir müəllimin yanına, gəzdim onunla can Azərbaycanımın o tayını. Kəndbəkənd, küçəbəküçə. Nə yazıq ki bu yaşımda. Özü də qiyabi. Heyrətdən dilim ağzımda qurudu. Allah belə səxavətlə bu torpağı yaratmışdısa, nə olardı bu millətə bir az da bəxt verərdi, özü öz malına sahib çıxardı.
İstedad Allahın bizə verdiyi paydır. Özü də İlahi pay. Onu oxumaqla əldə etmək olmur. Çox oxumaqla onu bir qədər cilalayarsan, dünyagörüşünü artırarsan, bədəbəddə püxtələşərsən. Amma istedadın yoxdursa, uğur qazana bilməzsən. Zahir müəllimin istedadı göz qabağındadır. O Arazın o tayındaykən hər yerdə olmaq, Vətən torpağını qarış-qarış gəzmək, ziyarət etmək istəyir. Savalana qalxmağından yazır.
Bizim özümüzün də uşaqlıqda həsrətlə tikanlı məftillərin qırağında dayanıb, əzəmətini, vüqarını itirməsə də, ayrılıqdan saçlarını ağartmış Savalan onun ecazkar qələmiylə adamla dil olub danışır, qoynunda dincəlməyə, köksündən axan bulaqlardan su içməyə çağırır. Bəxtəvər gedənlərin və görənlərin başına. Və Savalandan sonra uşaqlıqdan hər birimizin sevə-sevə dinlədiyi "Gecələr”... Onun mahir ifaçısıyla üzbəüz oturub söhbət etmək. Nə xoş təsadüf. Adamın gecə yatıb yuxusunda belə görmədiyi belə anlar çoxmu olur görəsən? Kim qaçar bu görüşdən?

Sən demə könül bir himə bənd imiş. Cəmşid Nəcəfinin Zahir müəllimlə görüş səhnəsi qəhərsiz ötüşmədi. Əvvəl elə bildim yaş özünü göstərir, ona görə belə kövrəlirəm. Sonra da baxdım ki, yox, yaşı bəhanə etməyə dəyməz. Məsələ qələmdə, onun sehrində və gücündədir. Sonrakı səhifələrdə daha bir neçə dəfə haldan-hala düşdüm, Zahir müəllimin qələminin gücü qarşısında söz tapa bilmədim.
Qələmin gücü qarşısında lal-dinməz durduğumuz anlar çox olmur. Amma Zahir Məliklinin "O və yerdə qalanlar” əsəri bu baxımdan istisnadır. Kitabın hər səhifəsi adamı düşünməyə vadar edir. Şəxsən mən bu kitabdan həm faydalandım, həm də həzz aldım. Mayası yurd həsrətiylə yoğurulmuş belə kitablar nə qədər çox olacaqsa, Vətənimizi bir o qədər çox sevəcək, onu daha yaxşı tanıyacağıq. Və, bəlkə də, elə buna görə kitabı oxuyarkən "Vətəni belə sevərlər” fikri məni tərk etmədi.
Publisistikanın öz qanunları var. Burada bəzən janrın özəlliyi nəzərə alınmır, daha doğrusu, hər müəllif özünə uyğun yol seçir, janra yeni-yeni naxışlar əlavə edir. Zahir müəllim bu baxımdan da fərqlənir. Bəllidir ki, haqqında danışdığım kitab bu janrda yazılmış nə ilk, nə də son əsər deyil. İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında kifayət qədər nümunələr gətirmək olar. Bu baxımdan Z.Məliklini digərlərindən fərqləndirən əsas məqam dilin sadəliyi və şirinliyi, elə, obaya bağlılıq, bir də dərin müşahidə qabiliyyətidir. Naxışlar dediyim ilmələr də yerli yerində. Hər ilmənin də öz təravəti, gözəlliyi. Adam doymaq bilmir Vətən həsrətli bu ilmələrdən. Yadıma körpəlikdə hər evdə, hər ailədə toxunan xalçalar düşdü. Onda başa düşmədiyim ilmələrin sirrini bu kitabdan sonra başa düşdüm. Sən demə elə onda da bu xalçaların əsas motivi Təbriz həsrətiymiş. Hər kəsin içində közərən, amma ucadan deyə bilmədiyi, xalq sənəti nümunələrində, ağılarında, bayatılarında yaşatdığı həsrət. Və nə yaxşı ki, Zahir müəllimin ilmələriylə uşaqlıqda gördüyüm, bəzən mənasını başa düşmədən özümün də vurduğum o ilmələr bir-birini belə tamamlaya, Təbriz həsrətinə ayna tuta bilir...
Bir də ana nəvazişinə, ana laylasına ehtiyac. Yaşının bu çağında dünyasını dəyişmiş anası üçün təpəsindən tüstü çıxan Zahir müəllimi gördüm bu kitabdan. Gördüm və rəğbətim birə min artdı. Sən demə, insan son mənzilə qədər ana nəvazişinə, ana laylasına möhtac imiş. Bunu ana acısı yaşayanlar daha yaxşı bilir. Bəxtəvər övladları tərəfindən sevilən anaların başına. Ruhları şad olsun belə oğulların analarının.
Demək istədiyimin hamısını deyə bilmədim, Zahir müəllim. Qoy başqaları üçün də nəsə qalsın...
26-27 fevral 2019-cu il


Şərhlər