Menu

Mehman Hüseynov ona qarşı təxribatın detallarını açıqlayıb - VİDEO

05.03.2019, 16:32
Mehman Hüseynov ona qarşı təxribatın detallarını açıqlayıb  - VİDEO

Bloger Mehman Hüseynov bugünkü mətbuat konfransında koloniyada ona qarşı törədilmiş təxribatın təfərrüatları haqda danışıb.

Onun sözlərinə görə, yeni cinayət işini gözləyirdi, ancaq bu cür "çirkin" formada olacağını düşünmürdü. "Cəza müddətinin başa çatmasına iki ay qalmış məni koloniya polisini döyməkdə ittiham etdilər", - bloger bildirib. Onun sözlərinə görə, əslində heç bur insident olmamışdı.

M.Hüseynovu karserə salıblar, prokurorluq nümayəndələri bildiriblər ki, ona qarşı yeni iş açılır və onu 7 ildən 12 ilədək həbs cəzası gözləyir. "Bilirdim ki, əvvəllər də digər siyasi məhbuslara qarşı belə təxribatlar olub. Həbs müddəti başa çatmazdan öncə yeni ittihamlar irəli sürüblər və onları yenidən mühakimə ediblər. Odur ki, mən dərhal bildirdim ki, quru aclığa başlayıram. Ya ittiham götürüləcək, ya da öləcəyəm", - M.Hüseynov deyib.

Aclıq dekabrın 26-da başlayıb. Dekabrın 30-da blogerin halı pisləşib və o, az qala huşunu itirib. "Bildirdilər ki, mənə məcbur yemək verəcəklər. Ancaq o vaxta qədər mənim aksiyam ilkin nəticəsini vermişdi. Ona görə də su qəbul etməklə aksiyanı davam etdrdim", - bloger bildirib. Yanvarın 7-dək bu cür davam edib. Bundan sonra ancaq maye süd məhsulları qəbul edib.

Penitensiar Xidmətin onun adından yaydığı müraciətə toxunan bloger deyib ki, müraciətin birində Mehman bildirib ki, siyasi mühacirətdə olan qardaşının hərəkətinə görə məsuliyyət daşımır. "Biz eyni prinsipləri paylaşa bilərik, bir-birimizi müdafiə edə bilərik, ancaq hər kəs öz hərəkətinə görə məsuliyyət daşıyır", - o deyib.

Prezident İlham Əliyevin adına olan ikinci müraciətə gəlincə, Mehmana təklif edilib ki, nəzarətçi ilə insident baş verdiyini yazsın, peşman olduğunu, barışmaq istədiyini bildirsin. "Mən belə müraciəti imzalamaqdan imtina etdim", - bloger qeyd edib.

Sonda hazırlanan müraciətdə onun günahsız olduğu bildirilib və işə obyektiv baxılması xahiş edilib.

Bir qrup hökumətyönlü fəalın Mehmana baş çəkməsinə və blogerin şikayətinin olmaması barədə informasiyaya gəlincə, M.Hüseynov deyib ki, bu görüşdə o, ittihamın saxtalaşdırılmasından, onun və digər siyasi məhbusların azadlığa buraxılmasının vacibliyindən danışıb. O qeyd edib ki, yeni cinayət işilə bağlı ittihamın onun üzərindən götürülməsi Azərbaycan xalqının, vətəndaş cəmiyyəti fəallarının, müxalifətin, etiraz aksiyaları və sosial şəbəkələrdə kampaniya iştirakçılarının fəal mövqeyi sayəsində mümkün olub.

Eyni zamanda o, dəstəyə görə beynəlxalq ictimaiyyətə, ABŞ Konqresi üzvlərinə, Avropa Parlamentinə və digər qurumlara öz təşəkkürünü bildirib.

M.Hüseynov qeyd edib ki, bloger işini, jurnalistlərin və media hüquqların müdafiəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

* Mehman Hüseynov 2017-ci il martın 3-də polisə böhtan atmaq ittihamı ilə həbs olunub. Buna Nəsimi polisində işgəncələrə dair bəyanatı əsas olub.

Amnesty İnternational beynəlxaq hüquq-müdafiə təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb. Dekabrın sonlarında blogerə qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli ictimaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azad etməyə çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib. (Turan)

Şərhlər

t.ədalət 2019-03-05 16:32:10

Gör,nə günə qalmışıq ki,hüququmuzu qorumağa xarici ölkələr bizə kömək edir.Özümüzün olan dövlətdə bizi şərləyir,böhtanlayır və həbs edirlər.Buna bənzər hadisə ilə 2006 -cı ildə mən də rastlaşmışam.BŞBPİ-nin o vaxtkı rəisi M.Əliyev,məktəblərdən birinin ərazisində bina tikən şəriki olduğu bir tikinti təşkilatına görə mənə qarşı böyük bir ..kompaniya başlatdı.....yalançı təbliğat ruporu isə APA və onun rəhbəri idi.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol