Menu

AXCP-nin keçmiş qərargahının sahibi cərimələndi - [Yenilənib]

24.08.2014, 20:48
AXCP-nin keçmiş qərargahının sahibi cərimələndi - [Yenilənib]

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

25 AVQUST - AZƏR ƏSGƏROV CƏRİMƏLƏNDİ

AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərov bir gün polisdə qalandan sonra avqustun 25-də buraxılıb. O, polisi təhqir etdiyinə görə 200 manat cərimə olunub.

Azər Əsgərov AzadlıqRadisouna bildirib ki, avqustun 24-də 18-ci polis bölməsinə çağrılıb, ona işilə bağlı yeniliklər olduğunu deyiblər:

«NİYƏ SİNƏNİ QABAĞA VERMİSƏN?»

«Həyətdə mənə dedilər ki, işinə baxan hələ gəlməyib. Sonra polis yaxınlaşıb dedi ki, «niyə sinəni qabağa verib dayanmısan, köynəyinin yaxasını açmısan?» və sairə».

Bundan sonra Azər Əsgərov polisə müqavimətə görə Nərimanov rayon məhkəməsinə gətirilib. O, dövlətin təyin etdiyi vəkildən imtina edib. Bir gün polisdə saxlanan Əsgərov ona göstərilən münasibətin pis olmadığını deyir.

O, avqustun 25-də çıxarılmış məhkəmə qərarından apelyasiya şikayəti verməyəcəyini, cəriməni ödəyəcəyini bildirir.

 * * *

AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov saxlanılaraq polisə aparılıb. Bu barədə musavat.com-a onun yaxınları məlumat verib. Xəbərdə bildirilir ki, A.Əsgərov günorta saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb və 18-ci polis bölməsinə aparılıb.

Onun həbs edilməsi planlaşdılır. Mənbə deyib ki, A.Əsgərov polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra o, Nərimanov Rayon Məhkəməsinə aparılıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü haqda hələlik məlumat yoxdur.

AzPolitika.info-ya daxil olan məlumata görə, Azər Əsgərov barəsində FHN rəhbərlərinin ünvanına açıq təhdidlər söylədiyinə görə iş açılıb. Hətta xeyli müddətdir onun ölkəni tərk etmək hüququ da məhdudlaşdırılıb.  A.Əsgərov bir neçə mətbuat konfransında, müsahibələrində, həmçinin internetə yerləşdirdiyi videomateriallarda konkret şəxsləri ölümlə hədələyib. İstisna deyil ki, bu günkü saxlanma bu təhdidlərlə bağlıdır.

***

Hüquqşünas Namizəd Səfərov musavat.com-a açıqlamasında bildirdi ki, günorta saat 13 radələrində A.Əsgərov ona telefon açaraq saxlanıldığını və Nərimanov Rayon Məhkəməsinə aparıldığını deyib: “Mən məhkəməyə getdim, orada məlum oldu ki, Azər Əsgərov qarşı xırda xuliqanlıq, polisə tabe olmamaqda ittiham edilir. Mənə bildirdilər ki, Vəkillər Kollegiyasının üzvü olmadığım üçün bu işdə Azər Əsgərovun hüquqlarını müdafiə edə bilmərəm. Söhbət zamanı o da məlum oldu ki, Əsgərovun barəsində həbslə bağlı olmayan inzibatı cəza tədbiri görülə bilər. Ancaq sonradan onun haqqında heç bir məlumat ala bilmədik, telefonu da söndürülüb. 18-ci polis bölməsindən deyirlər ki, həmin şəxsi onlar saxlayıb sonra buraxıblar, məhkəmədən də heç bir informasiya ala bilmirik. Əsgərovun yaxınlarına da heç bir informasiya verilməyib.  Qeyri-rəsmi informasiya isə ondan ibarətdir ki, onun məhkəməsi avqustun 25-ci saat 10-a təyin olunub. Görünür, ortada nəsə qaranlıq məqamlar var. yəni mümkündür ki, sonradan Azər Əsgərovun barəsində cinayət işi də başlanılsın, nə desən gözləmək olar. Hesab edirəm ki, Azər Əsgərova qarşı bu ittihamlar uydurmadır, sadəcə o, dağıdılan mülkünə görə mübarizə apardığı üçün başına bu oyunu gətirirlər”.

Axşam saatlarına qədər Azər Əsgərovun taleyindən bir xəbər yox idi.

Rasim Əliyev 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol