Naxçıvanda hüquq müdafiçisini vəhşicəsinə döyən həqiqətən də VHP-çidir?

Məlum olduğu kimi, avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək döyüblər. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən hadisənin məişət zəminində baş verdiyi bildirilib:

«İlqar Nəsibov uzun müddət Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Fərid Əsgərov ilə yaxın dost olub. Vaxtaşırı onlar ictimai birliyin ofisində görüşərək içki məclisləri qurublar. Avqustun 21-də axşam saatlarında hər iki şəxs həmin ünvanda yenə də məclis qurub, spirtli içki qəbul ediblər. Həmin vaxt alkoqolun təsiri altında olan İlqar Nəsibovla Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib».

Məlumata əsasən, Fərid Əsgərov öz izahatında bildirib ki, davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) isə Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində baş verən döyülmə faktı ilə bağlı yaydığı rəsmi açıqlamaya kəskin etiraz bildirən bəyanat verib.

VHP Mətbuat Xidmətinin məlumatda bildirilir ki, Naxçıvan DİN-in “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin həmtəsisçisi İlqar Nəsibovu Naxçıvanda döyən Fərid Əsgərovun VHP-nin Naxçıvan MR təşkilatının sədri kimi təqdim edilməsi əssasızdır və heç bir məntiqə sığmır:

“VHP bəyan edir ki, Fərid Əsgərov adında Naxçıvan MR təşkilatının nəinki sədri, heç üzvü belə yoxdur. Fərid Əsgərov adlı şəxs 2 il öncə təşkilata üzvlük üçün müraciət etsə də, onun müraciəti VHP Siyasi Şurası tərəfindən müsbət dəyərləndirilməyib və o, təşkilat sıralarına hətta üzv kimi qəbul edilməyib”.

Bəyanatda VHP Naxçıvan Muxtar Respublikası təşkilatına Abdulla Abdullayevin sədrlik etdiyi də xatırladılıb və yayılan yanlış xəbərə görə partiyanın ictimai-siyasi nüfuzuna ziyan vurduğu üçün Naxçıvan DİN-dən təkzib vermək və üzr istəmək tələb edilib:

“VHP bir qeyri-hökumət təşkilatı sədrinin döyülməsi faktını pisləməklə barabər, Naxçıvan Muxtar Respublikasında VHP-nin yerli təşkilatının rəsmi qeydiyyatdan keçən sədri olduğu halda, heç bir sənəd-sübut olmadan, həbs olunan şəxsin əsassız iddiası ilə onun rəsmən VHP-nin təşkilat sədri kimi təqdim edilməsinə kəskin etiraz edir, cinayət törədən bir şəxsi qanunsuz olaraq VHP-nin təşkilat sədri kimi təqdim etməklə Naxçıvan DİN-in təşkilatın imicinə ciddi zərər vurduğunu bildirir.

Buna görə də VHP belə bir əsassız məlumatı yayan orqanın dərhal təkzib verməsini və təşkilatdan üzr istəməsini tələb edir”.

Lakin maraqlıdır ki, Fərid Əsgərovun həqiqətən də VHP ilə bağlılığı olduğu haqda faktlar üzə çıxıb. Belə ki, bu gün AzPolitika.info-nun elektron poçtuna bununla bağlı 4 fotoşəkil daxil olub. Bu fotolardan ikisində Fərid Əsgərovun Naxçıvan müxalifətçilərinin iclasında iştirak etdiyi görünür. İkisi isə azadliq.info və aznews.az saytlarında Fərid Əsgərovun VHP Naxçıvan təşkilatının sədri kimi təqdim olunduğu xəbərlərin skrinşotudur.

Aznews.az saytının 12.09.2013-cü il tarixli buraxılışında “Türkiyə konsulu VHP-nin Naxçıvan təşklitatı ilə görüşüb” başlıqlı xəbərdə Fərid Əsgərov VHP Naxçıvan təşkilatının sədri kimi təqdim olunur (Bu linkdən bax: http://www.aznews.az/site/index.php?c=news&id=36081)

Aşağıda təqdim etdiyimiz fotofaktlar Fərid Əsgərovun VHP ilə bağlılığını sübut edir. Lakin təbii ki, Fərid Əsgərovun haralarasa bağlılığını istisna etmək mümkün deyil. 

Vaqif Nəsibov

AzPolitika.info