Əlahiddə mütərcim - TEHRAN İMRANOĞLU

Xeybər GÖYYALLI

Bəri başdan ədalət naminə deyim ki, Tehran Vəliyev haqqında (Çoxları kimi mən də onu İmranoğlu ədəbi imzasından çox-çox əvvəl Tehran Vəliyev imzası ilə tanımışam) yazılan bu yazının impulsu Aydın Canıyevin feysbuk şəbəkəsində tirajlanmış yazısından gəldi.

İnsafən onu da vurğulayaq ki, Aydın Canıyevin Tehran Vəliyev barəsində qələmə aldığı yazı son dərəcə təbii və səmimi, kifayət qədər rəngli (əslində, bu vaxta qədər Aydın Canıyevin boz yazısına rast gəlinməyib) və duyğusal bir yazıdır. Tam səmimi deyirəm ki, Tehran Vəliyev bu işıqlı dünya ilə vidalaşandan sonra beynimdən, ürəyimdən onun haqqında yazmaq keçib, amma hansı izaholunmaz səbəbdənsə bu istək alınmayıb... Demək , bir çınqıya, ani qığılcıma əşhədü ehtiyac varmış...

Mən də bir çoxları kimi, tanınmış tərcüməçi Tehran Vəliyevi şəxsən tanımamışdan əvvəl onu Azərbaycanın Folkneri, Sellinceri kimi tanımışam. Tehran Vəliyevlə həyatda şəxsi tanışlığım isə 2007-ci ilə təsadüf etdi. Bu tanışlığın səbəbkarı onun kiçik qardaşı Rafiq Vəli oldu. Tale elə gətirdi ki, 2006-cı ilin son aylarında yenidən formalaşdırılan “Mədəniyyət” qəzetinə işə dəvət olundum. Tehran Vəliyevin qardaşı Rafiq Vəli də yenidən təşkil olunan “Mədəniyyət” qəzetində fəaliyyətə başlayanlar arasında idi. Həmin vaxt Tehran Vəliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışırdı, nəşriyyat şöbəsində sektor müdiri idi. Yenidən formalaşdırılan “Mədəniyyət” qəzeti nazirliyin xüsusi diqqət mərkəzində idi. Tehran müəllim nazirliyin məsul əməkdaşı kimi bir müddət qəzetin hər sayını mətbəəyə getməzdən əvvəl nəzərdən keçirmək üçün axşamlar işdən sonra redaksiyaya gələrdi. Çapa gedəcək qəzetin dizayn olunmuş səhifələrinə baxar, lüzum bilmədiyi məqalələri çıxarmağı məsləhət görərdi. Tanınmış tərcüməçi Tehran Vəliyevi ədəbi camiyənin sakini kimi zahirən tanısam da, yaxınlığım yox idi, ünsiyyətdə olmamışdım. İlk dəfə onunla “Mədəniyyət” qəzetinin redaksiyasında üzbəüz görüşdüm, ünsiyyətdə oldum.

TEHRAN İMRANOĞLU

Onunla bir neçə dəfə Dövlət Film Fondunun binasının sonuncu mərtəbəsində yerləşən “Mədəniyyət” qəzetinin redaksiyasının üzü gündoğana baxan pəncərəsinin qarşısında durub söhbətləşmiş (daha doğrusu, o, danışmış, mən diqqət kəsilmiş), bir dəfə isə çörək kəsmişik. Sözün düzü, mənə çox fərqli bir insan təsiri bağışlamışdı. Mənə (bəlkə də, çoxları bunu müşahidə etmiş və onlar da bu qənaətdədirlər) elə gəlirdi ki, o, daim fikirləşir, hətta üzə-üzə baxıb söhbət edəndə belə. Təmkinli və səbatlı bir həmsöhbət idi. Nitqində, danışığında çox orijinal idi. Zahirən psixoloji cəhətdən fleqmatik tipə mənsub olduğu görünsə də, daxilən sorğu-suallı, özlüyündə var-gəlli, dünya və cəmiyyətə hesab-kitablı bir adam idi. Çoxları kimi gündəlik qulaq “döyənək” edən, adamı bezdirən söz-söhbətdən yeddi ağac uzaq idi. Fərqli söz-söhbət, orijinal fikir sahibi olsa da, həyat və cəmiyyət işlərində kifayət qədər praqmatik idi. Söhbətlərindən görünürdü ki, geniş mütaliəsi olan erudisiyalı insandır. Sistemli, nizamlı bir insana oxşayırdı, milli ruhlu olduğu qədər də bəşəri hisslərin daşıyıcılarından idi. Belə düşüncə sahibi olmasaydı, Folkner, Selincer, Fiscerald və b. kimi bəşəri duyğuları təbliğ edən nəhəng yazıçıların tərcüməçisi olmazdı.

Mən onun ağzıbütöv, sözübütöv adam olduğunu da əminliklə təsdiqləyə bilərəm. “Mədəniyyət” qəzetinin 15 yanvar 2010-cu il tarixində işıq üzü görən sayında “Ədəbiyyat söz oyunu deyil” sərlövhəli bir köşə yazım dərc olunmuşdu. Köşə yazısının özəyi və özəti belə idi: ədəbiyyata söz oyunu kimi yanaşanlar uzağa gedə bilmir, ədəbiyyatda hər kəsin öz yeri var, hər kəs öz yerini tutur, heç kim heç kimin yerinə iddialı ola bilmir, necə ki, paytaxtımızda hər bina (köhnə və təzə hündürmərtəbələr) öz yerini tutub.

Bu analogiyada yazmışdım ki, ünlü şairlərimiz R.Rövşən və V.Bayatlı ədəbiyyatımızın canlı klassikləridir, onlar həyatda ikən Azərbaycan ədəbiyyatına öz möhürlərini vurub, ədəbiyyatda öz yerlərini tutublar. Yazı işıq üzü görəndən ən azı ayyarım sonra (çox güman ki, bu xain və xəbislərin alt-üst nə isə çatdırmalarından sonra olmuşdur) görünməmiş bir tufan, şiddətli fırtına başladı, nə başladı... Baş redaktoru və məni məhşər ayağına çəkdilər, sorğu-sual, haqq-hesab başladı. Nazir əsəbi bir situasiyada bizi qəbul etdi, çox sərt sözlər dedi. Yaranmış ab-havadan açıq-aşkar görünürdü ki, bu kiçik yazının “barıtı” həddindən artıq çox olub, kimlərinsə əsəblərini tarıma çəkib, ciddi səs-küy yaratmışdır (Haqq üçünə onu da deyim ki, nazir həmin məqamda ürəyindən gələn nidanı və vicdanının səsini də dilinə gətirdi. Həmin o bir kəlməni bu məqamda dilə gətirmək, yəqin ki, mərdimazarlıq olardı, hələlik qalsın). Mən intuitiv olaraq zərbənin haradan gəldiyini ehtimal edirdim və bu barədə Tehran Vəliyevin qardaşı Rafiq Vəli ilə fikirlərimi də isti-isti bölüşmüşdüm. Çox təəssüflər olsun ki, ehtimal və gümanlarım doğru çıxdı - knopka yuxarıdan basılmış, zəng yuxarıdan gəlmişdir. Səlahiyyət sahibi olan tanınmış bir yazara nazirliyə zəng etdirilmişdır. Bu səbəbdən ultimativ formada “Mədəniyyət” qəzetindən getməyimi bildirdilər...

Həmin ərəfədə Tehran Vəliyev bu mərəkəni, tufanı qoparanların kimliyi barədə qardaşı Rafiqə belə bir söz deməmişdi. Nazirliyin binasını silkələyən bu olayın ssenari müəllifləri və rejissorlarının kim olduğunu nazirliyin digər əməkdaşları kimi Tehran Vəliyev də bilməmiş olmazdı. Tehran Vəliyevin bu olayın ssenari müəllifləri və icraçıları barəsində qardaşına belə həmin günlərdə bir kəlmə deməməsi onun bir kişi kimi ağzıbütöv olması ilə bərabər, onun dövlətçiliyi və idarəetmə prinsiplərini lazımınca dəyərləndirməsindən irəli gəlirdi. Ancaq Tehran Vəliyev nazirliyin bir çox əməkdaşlarından fərqli olaraq “zəlzələ” yaratmış bu kiçik yazı ilə bağlı mənə ağ bir, qara iki heç nə demədi, əksinə, özünü elə apardı ki, elə bil heç belə bir şey olmayıb. Əslində hiss olunurdu ki, əsassız yerə yaradılmış mərəkəyə təəssüflənir. Ancaq bəzi mənsəb sahiblərinin əsəblərini tarıma çəkmiş bu yazıya görə heç bir əsas olmadan məni günahlandıran, hətta məni yerliçilikdə qınayanlar da oldu.

Tehran Vəliyev uzun müddət nəşriyyat və poliqrafiya sahəsində çalışmışdır. Nəşriyyat və poliqrafiya sahəsinin mükəmməl bilicilərindən idi. Nəşriyyat və poliqrafiya demişkən, qardaşı Rafiq Vəli Tehran Vəliyevlə bağlı mənə danışdığı olayı bu gün də heç cür əsəb sarsıntısız, ağrısız xatırlamaq olmur. Rafiq Vəli danışır ki, qardaşı Tehran Vəliyev 1994- cü ildə Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinin tabeçiliyində olan “Maarif” nəşriyyatında baş redaktor vəzifəsində çalışdığı dönəmdə gözləmədikləri bir olayla qarşılaşırlar. Çox ağlasığmazbir olay baş verir. Ölkənin tanınmış nəşriyyatında məsul vəzifədə çalışan yazıçı-tərcüməçini gözlənilmədən hərbi xidmətə çağırır, onu ön xəttə - döyüş bölgəsinə göndərirlər. Əslində, buna heç bir hüquqi və mənəvi əsas yox idi. Həmin vaxt ölkənin tanınmış yazıçı- tərcüməçisinin hərbi xidmətə çağırış vaxtı deyildir. Onun nə az-nə çox, düz 40 yaşı vardı. Ölkədə rəsmi formada hərbi səfərbərlik elan olunmayıb, əksinə, atəşkəs müqaviləsi imzalanmışdır. Tehran Vəliyev ali hərbi məktəb də bitirməmişdir ki, onun hərbi xidmətinə ciddi bir ehtiyac duyulsun. İndi heç bir günah işlətmədən tam məsuliyyətlə deyə bilərik ki, bu “quyunu” məkrli niyyət sahibləri qazmışlar. Tehran Vəliyevi tanıyanlar mənimlə bu məqamda həmfikir olarlar ki, o, özünü düşmənsiz adam sanırdı, ətrafı da həmişə bu qənaətdə olublar. Tehran müəllim ömürbillah heç kəsə pislik etməyib, heç kəsə daş atmayıb. Onu tanıyanlar da təsdiqləyərlər ki, o, tərəf adamı, kiminsə haqsız mövqeyinə tərəf çıxan adam olmayıb. Bu, onun xarakterinə yad bir olan hal idi. O, intiriqa, münaqişə adamı deyildi ki, kimdənsə şübhələnsin. Amma burada çözələnməli çox nəsnələr var... Ancaq Tehran Vəliyev ciddi müqavimət göstərmədən, hay-həşir salmadan əmrə müntəzir olur, döyüş bölgəsinə yollanır. O, heç sonradan ona qarşı qurulmuş bu məkrli planın pedant müəlliflərinin kimliyi ilə heç maraqlanmadı da. O, kin-küdurətdən uzaq adam olduğundan bu məsələni Tanrının umuduna buraxdı.

Tehran Vəliyev tərcüməçidir, özü də əsl mütərcimdir. Onu da tam məsuliyyətlə demək olar ki, görkəmli tərcüməçidir. Mənə elə gəlir ki, ədəbi camiyədə bu fikrin əleyhinə gedən bir nəfər tapmaq olmaz, əksinə, hamı bir nəfər kimi onun peşəkar tərcüməçi olduğunu səmimi etiraf edər. Onu da etiraf edək ki, bu gün tərcümə işinə “çörək ağacı” kimi baxanların boy sırası xeyli artıb (bunun əleyhinə getmək olmaz, amma... “əmma”sı da başqa bir söz konusudu), amma Tehran Vəliyev bu boy sırasında hələ də uzaqdan görünür. Onun oxuduğum son tərcüməsi Elvira Araslının atası, akademik Əli Əmiraslanov barədə yazdığı “İnsan və onun zamanı” adlı memuarıdır. Orijinalı rusca olan bu əsər tərcüməçinin istedad və peşəkarlığı sayəsində bir az da cilalanmış və oxunaqlı olmuşdur.

Ədəbiyyat arenasının yüksək ədəbi zövqlü sakinləri mənim bu fikrimlə də tamamilə şərik olarlar ki, ədəbi-bədii materialın alternativ dilə çevrilməsində mütərcimin xüsusi əməyi vardır, bu danılmazdır. Səhv etmirəmsə, düşüncə sahibləri tərcüməçini əsərin ikinci müəllifi adlandırıblar. Bu mənada Tehran Vəliyevin Azərbaycan tərcümə sənətində əlahiddə yeri vardır. O, həyatda özünü tapmış, ədəbiyyatda imzasını, həyatda isə izini qoymuş insanlardandır. Tehran Vəliyev ömür-gününü boşuna keçirməyib, saysız-hesabsız dəyərli kitabları, onlarla bestselleri dilimizdə canlandırmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar