“AzPolitika.info” xəbər verir ki, aprelin 1-dən etibarən Gürcüstanda narkotik vasitə olan marixuandan istifadəni tənzimləyən yeni qanun qüvvəyə minəcək. Həmin qanuna əsasən nəqliyyat vasitələrinin marixuana da daxil olmaqla, narkotik vasitələrin təsiri altında idarə olunması cərimə ilə yanaşı 1 il müddətinə həbslə cəzalandırıla bilər.
Artıq Gürcüstan polisinin istifadəsinə Almaniyada istehsal olunan xüsusi cihazlar - narkotesterlər verilib. Bu cihazlar ağız suyu vasitəsilə sürücülərin son 8 saat ərzində narkotik vasitə istifadə edib-etmədiyini müəyyənləşdirməyə imkan verəcək.
Ancaq müxalifətdə olan ultraliberal “Qirçi” Partiyası bu qanunun tətbiqinin əleyhinə çıxıb. Məsələ ondadır ki, Gürcüstanda 2018-ci ilin iyulundan etibarən marixuananın istifadəsi demək olar ki, leqallaşdırılıb. Artıq bu narkotik vasitənin istifadəsinə görə həbs yox, sadəcə cərimə nəzərdə tutulur. Bu səbəbdən müxalif partiyada marixuanaya görə sürücülərin həbsini anormal sayırlar və hesab edirlər ki, yeni qanun onsuz da formal xarakter daşıyacaq və işləməyəcək.


Şərhlər