BU MÜƏSSİSƏLƏR 5 DƏFƏ ƏL, 4 DƏFƏ AD DƏYİŞDİRİB - Məqsəd nədir? + ŞOK faktlar

Şirkətlər kredit qarşılığında Beynəlxalq Banka girov qoyulub, sonra “Aqrarkredit”in nəzarətinə keçib, daha sonra iş adamına ötürülüb, ən axırda “ASK”-ya verilib

Prezidentin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasında məqsəd dövlət əmlakının idarə edilməsində səmərəliliyi artırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratmaq, istehsal potensialının artırılmasına nail olmaq, ixracı stimullaşdırmaq, qeyri-neft sektorunun inkişaf sürətini yüksəltmək, regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasını təmin etmək kimi bir sıra məsələlərin həyata keçirilməsindən ibarətdir.

Deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün aktivlər, əsasən, “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzindəəldə edilmiş, onun balansında olan və “ASK” ASC-nin mülkiyyətinə verilən əmlak hesabına formalaşır.

Aktivlərin üstündə “ASK”a 5 milyon manat da peşkəş edildi

5 milyon manat vəsait və "ASK” ASC-nin balansına verilən əmlak da daxil olmaqla, ABB kreditorlarının Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsinə dair Nazirlər Kabinetinin Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3 mlrd. 854 mln. 300 min (Gənclər və İdman Nazirliyinin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına keçmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər də qurumun nizamnamə kapitalına yönəldildi.

Bundan sonra dövlət əmlakının bazar dəyərinin müəyyənləşdirilməsi üçün həmin əmlakların qiymətləndirilməsi aparılmalı idi.

2018-ci ilin əvvəlində “ASK” ASC 18 kommersiya hüquqi şəxsin - “Aqroinvestkom” MMC, “İnter Tobakko” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat”ASC, “Pərvanə” MMC, “CTS Agro” MMC, “BOT” MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “General Konstrakşn” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “Det-Al Alüminium” MMC, “Det-Al Metal D” MMC şirkətlərinin əmlakının bazar dəyərinə uyğun qiymətləndirilməsi məqsədilə tender elan etmişdi.

Dövlət əmlaklarını qiymətləndirmə üzrə tender keçirmədən götürüblər

Sonradan nəzərdə tutulan qiymətləndirmə üzrə tenderin ləğvini ASC-dən “vaxt darlığı” ilə izah etdilər, “qiymətləndirmə üçün başqa qanuni yollardan istifadəyə qərar verilib”, dedilər. Bu bəhanə o zaman da inandırıcı görünməmişdi, çünki nə əldə daşan süd vardı, nə də müəssisələr olimpiya oyunlarına hazırlanırdı, istənilən vaxt vəd olunan tenderi keçirə bilərdilər.

Korporasiyanın direktoru Kamran Nəbizadə bu yaxınlarda deyib ki, təşkilatın balansına verilən mülkiyyətin qiymətləndirilməsinə “Ernst & Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətləri cəlb olunub. Qiymətləndirmə prosesində yerli mütəxəsisslər də iştirak edib. 17 törəmə müəssisənin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir.

Deməli, qiymətləndirən təşkilat seçim əsasında müəyyənləşməyib, sadəcə istəyə görə təyin edilib. Bu isə “Dövlət satınalmaları haqqında” Qanuna ziddir.

Beləliklə, bir gün “ASK” adında bir təşkilat yaradılaraq barələrində söhbət gedən müəssisələr onun tərkibinə verildi. “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “ASK Xidmət” MMC, “ASK İdman Kompleksi” MMC, “ASK Şüşə” MMC, “ASK Şəki Şərab” MMC, “Azəripək” MMC, “ASK İzolit” MMC, “ASK Tekstil” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC, “ASK Heyvandarlıq” MMC bankın girovunda olmuş yuxarıda adları sadalanan müəssisələrin bazasında yaradılıb, yalnızca adları bir qədər korrektəyə məruz qalıb, bir də korporasiyanın mülkiyyəti olduğunu sübut etməkdən ötrü böyürlərinə bir “ASK” əlavə ediblər. Elə ictimaiyyətə də daha çox qurumun yeni təsis etdiyi müəssisələr kimi təqdim olunur.

300 milyonluq şirkətlər özəl əllərə necə keçib?

Lakin buna qədər - 2017-ci ilin oktyabın 26-da dərc olunan məlumatlarda “Aqrarkredit” QSC-nin təsisçiliyi ilə ümumi kapitalı 324 milyon 379,6 min manat olan doqquz şirkətin yaradıldığı bildirilirdi. Bunlar, “Bakı Ayaqqabı» MMC (“BOT” ayaqqabı fabrikinin 11,5 milyon manat dəyərində qiymətləndirilmiş əmlakı), “Şəki Kərpic İstehsalı” MMC (Şəki kərpic zavodunun 21,5 milyon manat dəyərində əmlakı), “Mingəçevir İzolit» MMC (eyni adlı səhmdar cəmiyyətinin 14,8 milyon manat dəyərində əmlakı), “Şəki Ət və Süd Məhsulları” MMC (“Kainat” ASC-nin 9 milyon manat dəyərində əmlakı), “Azərtütün” MMC (Şəki-Zaqatala bölgəsindəki tütün fermentləşdirmə zavodlarının bir neçəsinin 30,1 milyon manat dəyərində əmlakı), “Şəki Heyvandarlıq” MMC (Şəkidəki heyvandarlıq təsərrüfatının 18,4 milyon manat dəyərində əmlakı), “Şəki İpək İstehsalı” MMC (“Şəki İpək” ASC-nin 37,5 milyon manat dəyərində əmlakı), «Azərpambıq» MMC (“CTS Aqro” MMC-nin pambıq emalı zavodlarının 82,3 milyon manat dəyərində əmlakı), “Azərşüşətara” MMC (“Xəzər Menecment Sistems” şirkətinin Qaradağ rayonundakı 98,9 milyon manat dəyərində şüşə zavodu) idi.

Nəzərə alaq ki, burada cəmi 9 müəssisənin adı çəkilir. Bu hesabla 18 müəssisənin təkcə nizamnamə kapitalı təqribən 700 milyon manat, aktivləri də ən az iki o qədər olmalıdır.

Eyni dövrdə "Vergilər” qəzetinin xüsusi buraxılışındakı elana istinadla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033-də həmin şirkətlərdən 7-nin qeydiyyata alındığı barədə məlumatlar getmişdi. Göstərilən ünvan “Qlobus Plaza” biznes-mərkəzinindir.

Mərkəzin sahibi sabiq deputat Dünyamin Xəlilov da “Beynəlxalq Bank işi”nə görə həbsdədir. Həbsindən sonra mərkəzin satışa çıxarıldığı və türkiyəli iş adamına satıldığı barədə dərc edilən məlumatlar indiyəcən təkzib edilməyib. İndi “ASK”a verilən “İnter Tekstile” və “General Konstrakşn” şirkətlərinin də Xəlilovla bağlılığı olub.

“Aqrarkredit”-in dövründə də eyni adamlar rəhbər idi, indi də

“ASK”ın tərkibindəki müəssisələr siyahısına daxil olan “ASK Ayaqqabı Fabriki” MMC də sadalanan müəssisələrlə eyni gündə “Bakı Ayaqqabı” MMC adı ilə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. 4 nömrəli Bakı Ayaqqabı Fabrikinin xələfidir. Digər bir adı da “BOT” olub.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyev göstərilir. Fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu MŞ nəzarət edir. İddiaya görə, şirkətin yaradılmasında məqsəd ABB-yə borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir və bildirilir ki, müəssisə hazırda Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC-nin balansındadır. Keçən il yenidən qeydiyyata alınan "Azərpambıq ASK" MMC-nin də direktoru həmin Bəhruz Camalovdur.

Sadalanan şirkətlərin hüquqi təmsilçiləri, direktorları, müşahidəş urası üzvləri eyni vaxtda həmin MMC-lərin bir neçəsində təmsil olunur – “”Aqrarkredit”in dövründə də bu adamlar rəhbərlikdə idi, elə indi də.

Milyardlıq müəssisələrin cəfasını hökumət, səfasını fürsətçilər görür

Dedik ki, “ASK” ASC 2017-ci ilin noyabrın 6-da yaradılıb, barəsində söhbət gedən şirkətlər isə 2017-ci il iyulun 17-də qeydiyyatdan keçirilib. Yəni bunlar “ASK”a ötürülməzdən 4 ay əvvəl vergi oqranlarında yenidən qeydə aldırılıb, həm də başqa-başqa adamların adına, ünvan da şəxsidir.

Sözügedən müəssisələr dövlət qurumunun balansındadırsa, dövlətə məxsus əmlaklar niyə “Aqrarkredit”-də yox, özəl ünvanlarda, həm də fiziki şəxslərin adına yenidən qeydiyyatdan keçirilib?

Sonradan “ASK” yaradılmaqla əmlaklarlardan geriyə qalanlar təzədən oraya ötürülüb. “ASK” bu müəssisələrin qeydiyyat məlumatlarını ictimailəşdirsə, yaxşıdır, ən azından bundan sonrakı dövr üçün olan-qalan əmlakların əmin əllərə etibar edildiyini düşünmək insanı rahatladar. Hazırda isə belə bir mənzərə yaranır ki, hökumətin uzun illər güzəştli şərtlərlə kreditləşdirdiyi, eyni zamanda külli miqdarda borclarını bağışladığı müəssisələr onun balansından çıxarılıb, lakin dövlət adından yenə həmin şirkətlərə pul axıdılır. Cəfasını hökumət, səfasını dövlətin qulluğunda durmayanlar sürür.

“İz”i itirmək üçün mülkiyyət sahiblərini və adlarını dəfələrlə dəyişdi

Belə deyilsə, bu uzun proseslərdən keçməyə nə ehtiyac vardı? Ən başdan hərraca çıxarıb həmin şirkətləri satmaq olardı, bədəbəddə idarəetmə üçün İqtisadiyyat Nazirliyinə də verə bilərdilər. O zaman dəfələrlə qeydiyyatdan keçirib, adlarını dəyişməyə də lüzum qalmazdı. Bu qədər ciddi iş ya işbilməzlərə tapşırılıb, ya da bilərəkdən belə dolanbac yollarla gedilir ki, kimsə nə baş verdiyini anlamasın. Lakin nə etsələr də, hansı yollardan getsələr də “iz” yenə aparıb eyni yerə çıxarır. İstəyirlər müəssisələrin təkcə adını, ünvanını yox e, profilini də dəyişsinlər, yerləşdikləri məkanı ki, dəyişə bilməzlər. Hər kəs bilir ki, “İnter Glass” zavodu Bakının Qaradağ rayonundadır, istər adını dəyişib “Bakı Glass” qoysunlar, istərsə də “ASK Şüşə” MMC, fərqli nəsə olmayacaq. Əsas odur ki, müəssisə işləsin, məhsul istehsal etsin, qazandığı mənfəətdən ölkənin büdcəsinə də xeyir versin.

Kənardan baxanda, bu müəssisələrin hansısa qurumların idarəetməsinə verilməsi, bəlkə də adi bir iqtisadi proses kimi görünə bilər. Lakin faktları yan-yana gətirdiyinizdə, ortada təmiz iqtisadi marağın olmadığını anlamaq çətin deyil. Başıbəlalı şirkətlər görün neçə əldən keçib! Xronoloji ardıcıllıqla baxıldığında, onlar bu 4 ildə nə az-nə çox, düz 5 dəfə “əl dəyişib”, 4 dəfə də ad. Əvvəlcə ayrı-ayrı fiziki şəxslər tərəfindən yaradılıb, sonra kredit müqabilində ABB-nin girovluğuna verilib, daha sonra “Aqrarkredit”in nəzarətinə keçib, sonra biznes-mərkəzdə birinə ötürülüb, ən axırda da “ASK”a verilib. Bu müəssisələrin belə əldən-ələ keçib əmlaklarının yağmalanmaması mümkünsüzdür. Bəlli ki, onlardan hərə bacardığı qədər faydalanıb.

Sadalananlar ABB qarşısında kredit öhdəliyi olan müəssisələrin hələ bir hissəsidir. Yüksək gəlirli xeyli şirkət var ki, onlar məxfi şəkildə satılıb. “ASK” ASC-nin tərkibinə verilmiş zavod və fabriklər “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”), “Bakı Fındıq Emalı” Zavodu (“BakFem” MMC), "Azərinşaatservis” MMC, Fuceyradakı “İntertekstil” və “İnterstil” zavodları ilə müqyisədə bəlkə də o dərərcədə “gözəgəlimli” deyillər, amma onları yenidən dirçəltməkdən ötrü keçirilən bahalı tenderlər dodaq uçuqladır. Bu haqda və xüsusi olaraq həmin müəssisələrin idarə edilməsi üçün yaradılan dövlət qurumlarının, ötən müddət ərzində fundamental dəyişikliklər edib-etmədiklərinə dair başqa yazıda...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Oxucu 2019-04-02 19:51:25

Sevindirici haldır ki, artıq insanlar bu proseslərə münasibət bildirməyə başlayıb ,özü də 14 nəfər. Vətəndaş belə neqativ hallara reaksiya verdikcə ,məmur özünü diskomfort hiss edəcək. O başa düşəcək ki, çörəyi qulağımızın dibinə yemirik və yeyintilərin tam kökü kəsilməsə də sayı azalacaq.

Dövlətimizi qəlbən sevən 2019-04-02 19:51:25

Birinci növbədə Rabitə sisteminə peşəkar rabitəçilər təyin olunmalı,qeyri-peşəkar kadrlar kənaraşdırılmalıdır,çünki Rabitəçi peşəsinin yüksək nüfuzunu qazanmalı,onu qorumalı və bu nüfuza xələl gətirən hər hansı hərəkətlərdən kəçinməlidir. Rabitə imici rabitəçinin etikası ilə qırılmaz surətdə bağlıdır və öz səlahiyyətlərinə görə səmimi insanların sahəsi hesab edilir. Vətəndaşın,Rabitə Nazirliyindən PA və NK-nə indiki qədər şikayəti olmamışdır ? Rəsulov Bayramdan,Məmmədov Novruzdan və s.. rabitəçi olar ?

rabitə əməliyyatçısı 2019-04-02 19:51:25

İllərlə Azərpoçtda işləyirəm.Köhna hamam,kohna tas.rabita neca var ela da durur.Azəerpoçt isə bərbad vəziyyetdedir

fəhlə Əli 2019-04-02 19:51:25

t.ədalətə-qardaşım,məttəl qalmaq heç də lazım deyil.Burda nə var ki,Əli ilə Vəlinin papaq yerlərini dəyişirlər.Vəssəlam.Bunulada haram yollarla zavodlarda olan əmlakları satıb ralalca yeyirlər. Tam haqlısan.Bu əməliyyatları aşağı təbəqədən kimsə etsəydi dərhal ən azı 15 il həbs cəzasına məruz qalacaqdı. Ancaq Azneftkimyamaşın avadanlıq və dəzgahlarını satan bəzi zavod direktorları isə xırım-xırım yeyeir və yedizdirir.

Şöhrət 2019-04-02 19:51:25

Dağılmaqda olan Azneftkimyamaşın tabeliyində olan zavodlarda Dövlətə məxsus dəzgahlar və avadanlıqlar su qiymətinə satılır.Satışdan əldə olunan pullar isə fəhlələrin yox,Azneftkimyamaşın rəhbərliyinin və zavod direktorların ciblərinə yönəlıir.Zavodlarda işləyən fəhlələrin maaşı isə 2-3 ay gecikir. Qəribəsi budur ki,Prezident aparatı ,Nazirlər Kabineti,Pespublika Prokurorluğu,DİN,Mütəşəkil cinayətkarlığa qarşı mübarizə idarəsi buna göz yumur...

Rabitəçi 2019-04-02 19:51:25

MTN-nin çetesində adı hallananlardan Nazir müavini Elmir Vəlizadə, nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov, Azərpoçtun Baş direktor müavini Rəsul Bayramov hələdə vəzifədə qalaraq işləyirlər ? Azəpoçt çox çeşidli bir mürəkkəb xidmət sahəsi olmasına baxmayaraq,rabitədən anlayışı olmayan,məlum hadisələr zamanı Beynəlxalq Bankdan uzaqlaşdırılan Emin Əfəndiyev Azərpoçta Baş direktor təyin ediblər ? Deyilənə görə Emin Əfəndiyev Rabitə nazirin 1-ci müavini Əli Abdullayevin tələbə dostudur?

Arif 2019-04-02 19:51:25

Ən marağlısı budurki poçt haqqında anlayışı olmayan umumiyyətlə bu sahə üzrə təhsil almayan müxtəlif yollarla Azərpoçta düşən bu başı bəlalı direktor və onun yaratdığı saxta departamentlər onların rəisləri hansı struktur islahatlar apara bilərlər?...Bilirsiz bunlar hansı islahatları aparırlar təcrübəli köhnə poçt işçilərini işdən kənarlaşdırıb yerində qeyri qanuni yolla qeyri peşəkar işçilər gətirirlər.

Vahid 2019-04-02 19:51:25

Yuxarıda qeyd olunanlar AZNEFTKİMYAMAŞ ASC yanında nahaqdır. Azneftkiyamaş ASC bundan da bətər gündədir.Heç bir əsasız zavodları dağılır,əmlak,dəzgah və avadanlıqları qara bazarda satılır.Müvafiq organlar isə yağlı tikəni əldə edəndən sonra buna göz yumur.

Rəhim 2019-04-02 19:51:25

MƏQSƏD. TALANÇILIQ TALANÇILIQ BİR DƏ TALANÇILIQ. MİLLƏTİN PULUNU OĞURLAMAQ.

Vətəndaş 2019-04-02 19:51:25

BININ HAMISININ GÜNAHI TAXTABİTİDƏDİR....................

Teqaudci 2019-04-02 19:51:25

Ozel, ozge ve ya ozbashina muessiseller sanki, ishgal zonasinda calishirlar ve dovletin Nazirler Kabineti(NK) de yoxmush? Ya da, NK hokumet yox, nezir kabinetiymish? ASKya hevale olunan ele, hec bir elave qurumsuz birbasha NKnin ishidir!

Arif 2019-04-02 19:51:25

Həmin bu Beynalxalx Bankdan məlum hadisələr zamanı kənarlaşdırılan Emin Əfəndiyevi tam-taraqla Azərpoçtun baş direktoru təyin etdilər.

t.ədalət 2019-04-02 19:51:25

Adam məəttəl qalır ki,bu adamları hökumət öz ətrafına necə toplayıb?Bircə dənə çöp oğurlayana beş il həbs cəzası verən məhkəmələr böyük oğruların yanından yel olub ötə bilmirlər.Dövlətin inkişafını ləngidənlərin arxasında,hamı bilir ki,hakimiyyətin eşalonundakı qüvvələr dayanır..

Bahar 2019-04-02 19:51:25

Dünyamin Xəlilov Globus Plazanın sahibi olmayıb, sahib - Beynəlxalq Bank olub. ASK iş apara bilmir, ona görə də iş nə gedir, nə inkişaf edir.

M.Məmmədova 2019-04-02 19:51:25

Ad və əl dəyişmədə məqsəd vergidən yayınma,mal varlığnı gizlətmə,frıldaq və bu kimi faktlar durur.Belə hallarla barışan hğkumət,nəzarət orqanlarının bəzi şəxslərlə gizli sövdələşmələri və ya yuxarıdan himayə səbə olur.Bir də qanunla Mili məclisin deputatı deputatlıq fəaliyyəti ilə məşğul olmalı,başqa vəzifə tutmamalıdır.Axı bir nəfər bir işlə məşğul olar.Bu hamıya bəlli olduğu halda AZərbaycanda niyə qanun pozulur?Axı deputatın maaşı o qədər də az deyil və istədikləri vaxt artırırlar.

Son yazılar