“Zəfər düşmənə qarşı qazanılır, bu zəfər deyil...”
Həsədlə izlədiyimiz Türkiyədəki son bələdiyyə seçkisi təkcə səsvermənin nəticələrilə deyil, həm də bir toplumun siyasi cəhətdən nə qədər aktiv və məsuliyyətli davrana bilməsi nümunəsilə yadda qalacaq. Həmçinin, bu seçki uzun illərdir iqtidarda olan hakim partriyanın artıq yerini rəqib siyasi qüvvələrə verməsi prosesinin başlanğıcı kimi də qiymətləndirilə bilər.
AKP -51 faiz, CHP-37 faiz: qalib CHP!
Məlum olduğu kimi, ümumilikdə ölkə üzrə AKP ilə MHP-nin birləşdiyi “Cümhur İttifaqı” 51 faiz, CHP, İYİ və “Səadət” partiyalarının təmsil olunduğu “Millət İttifaqı” isə 37 faiz səs toplayıb. Baxmayaraq ki, bundan əvvəlki bələdiyyə seçkilərində də hakim AKP ilə müxalif CHP arasındakı səs fərqi təxminən eyni nisbətdə (43 faiz AKP, 26 faiz CHP) olub, Türkiyədə son seçkinin qalibi kimi daha çox CHP qəbul olunur. Bu da sözsüz ki, 4 böyük şəhərdə məhz CHP-nin qalib gəlməsilə əlaqədardır. İzmiri çıxmaq şərtilə, digər bir neçə böyük şəhərdə CHP-nin qalib gəlməsi doğrudan da bu partiyanın uğuru və hakim partiyanın fiaskosu hesab oluna bilər. Təkcə onu qeyd etmək kifayətdir ki, AKP-nin ən ağır toplarından olan, ölkənin baş naziri və parlament sədri kimi yüksək strateji postları tutmuş Binali Yıldırım İstanbulun bir ilçə (inzibati ərazi vahidi-red.) bələdiyyə başqanına məğlub oldu.
Xatırladaq ki, CHP sədri Kamal Kılıçdaroğlu seçkidən əvvəl “İstanbul, Ankara, Bursa, Antalya, Denizli ve Adananı alacağıq, gərəkli dərsi verəcəyik” demişdi. Partiya liderinin dedikləri Bursanı çıxmaqla, bütün 5 böyük şəhər üzrə öz təsdiqini tapdı. Böyük şəhərlərin nədən bu qədər əhəmiyyət daşıdığını isə bir çox siyasi və iqtisadi səbəblərlə izah etmək olar. Ancaq bunların içərisində bəlkə də ən önəmlisi siyasi cəhətdən yetkin və savadlı, həm də gənc seçicinin böyük qisminin məhz iri şəhərlərdə cəmləşməsidir. Ona görə də, böyük şəhərlərdəki qələbə gələcək parlament və prezident seçkiləri üçün olduqca əhəmiyyətli tramplin sayılır. Bunu istər K.Kılıçdaroğlu, istərsə də onun koalisiya ortağı olan İYİ Partiyanın sədri Meral Akşener seçkidən sonrakı ilk çıxışlarında bəyan etdilər.
“Zəfər düşmənə qarşı qazanılır...”

Hər iki müxalif lider seçkinin nəticələri elan olunandan sonrakı çıxışlarında prezident Rəcəb Tayyib Ərdoğandan xeyli fərqlənən siyasi ritorikaları ilə yadda qaldılar. Böyük şəhərlərdəki qələbələrindən danışan siyasi liderlər bunun ümumilikdə Türkiyənin, demokratiyanın, millətin və qardaşlığın qələbəsi olduğunu qeyd etdilər. Hansı ki, R.T.Ərdoğanın adətən seçkilərdəki hər qələbəsindən sonrakı “balkon çıxışları” daha aqressiv idi və az qala hansısa xarici düşmən üzərindəki qələbənin bayram edilməsi təəssüratı bağışlayırdı.
Kamal Kılıçdaroğlu seçkidən sonrakı çıxışında mətbuatın tamamilə hakimiyyətin əlində olmasına və bütün iftira kampaniyalarına baxmayaraq, xalqın öz səsini onlara verdiyini qeyd edib. Lakin bunu bir düşmən üzərində qələbə kimi görmədiyini önə çəkərək, “Zəfər düşmənə qarşı qazanılır, bu zəfər deyil, bir başarıdır”, deyə bildirib.
Meral Akşener isə ölkə prezidentinə üz tutaraq, Ərdoğanı aqressivlikdən və düşmənçilikdən uzaq siyasət yürütməyə çağırıb: “Milləti gərməyin, yormayın, bezdirməyin! Sabahdan etibarən düşmənçilik dilinə bir son verin...” Akşener də bütün bunlarla yanaşı, seçkinin nəticələrini bir vətən övladının digərinin üzərindəki qələbəsi yox, birliyin, qardaşlığın və demokratiyanın qələbəsi olduğunu qeyd edərək, tərəfdarlarını hay-küylü, təmtəraqlı “kutlamalardan” vaz keçməyə çağırıb.
“Mətbəxdə yanğın var...”
Əksər müşahidəçilər AKP-nin fiasko sayılacaq nəticələr əldə etməsini təkcə siyasi deyil, həm də iqtisadi səbəblərlə bağlayırlar. Son illərdə Qərbə münasibətdə aparılan və özünü doğrultmayan aqressiv xarici siyasət nəticə etibarilə iqtisadi sanksiyalara və bunun da nəticəsi olaraq, inflyasiyaya, türk lirəsinin kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Hal-hazırda da ölkənin maliyyə-iqtisadi durumu bir o qədər ürəkaçan deyil. Kılıçdaroğlunun iqtisadiyyatla bağla “mətbəxdə yanğın var” deməsi və hökumətin Beynəlxalq Valyuta Fondundan borc götürmək məcburiyyətilə üz-üzə qaldığına dair söylədikləri də təsadüfi deyil.
Bir sözlə, hakim partiyanı böyük şəhərlərdə uduzduran təkcə Ərdoğanın apardığı birmənalı qarşılanmayan xarici və ayrımçı daxili siyasət deyil, həm də ölkə iqtisadiyyatının ürəkaçan vəziyyətdə olmamasıdır. Artıq iqtisadiyyatdakı problemləri xarici siyasi qüvvələrin təxribatının nəticəsi kimi qələmə vermək variantı (hətta bu, həqiqət olsa belə-C.M) seçicini razı salmır.
İstənilən halda, bu seçki bütün çatışmazlıqları, həyəcanı, müsbət və mənfi tərəflərilə geridə qaldı. Özü də sözsüz ki, yaddaşlara Türkiyənin siyasi tarixinin növbəti parlaq səhifəsi olaraq həkk ediləcək.
Xatırladaq ki, bu il Azərbaycanda da bələdiyyə seçkisi gözlənilir. Müqayisə aparıb, bizim seçkiləri “lağlağı” obyektinə çevirmək olduqca asandır. Əslində isə qardaş ölkədəki seçkini izləyən həmvətənlərimizin özlərinə “nədən bizdə belə deyil” sualını verməsi günümüzün acı və heç də həsəd aparılmayacaq reallığıdır.
Doğrudan da, nə vaxta qədər biz bu tip siyasi hadisələrə Molla Pənah dövründə qalan birisinin Nazim Hikmət çağlarına baxdığı kimi, uzaqlardan baxacağıq?...
Cəlal MƏMMƏDOV
AzPolitika.info

Şərhlər
seçkilərdən 15 ci dəfə qalib çıxan R.T.Ərdoğanin iqtisadi siyaseti tekce Turkiyeni deyi bizi de sogansiz qoydu
Bizdə bələdiyyə yox,torpaq alverçiləri var.Bələdiyyələrə iş və qazanc yeri kimi baxanlardan birisindən:-nə işlə məşğul olursuz ? -deyə soruşdum.O, -YAP-ın üzvüyəm,nə iş görməliyəm ki?-deyə cavab verdi.(Binəqədi bələdiyyəsində).
Aqillər heç vaxt cavabını bildikləri sualı özlərinə verməzlər.Hamı, hətta,ortabab intelekte malik məmur kutləsi də bilir ki,bəs bizdə niyə belə deyil.
Türkiyə demokratik ölkədir. Orada təmiz seçki keçirilir. Bizdəki kimi seçki adlanıb təyin edilmir.
Hiss olunur ki С.M çox sevindiyindən faktları tərsinə yozur.Fakt isə o dur ki Türkiyə yenə AKP dedi.Bir bələdiyə belə qazanmayan qadindan sitat gətirisən,amma seçkilərdən 15 ci dəfə qalib çıxan R.T.Ərdoğandan heçnə yazmırsan.AKP siyasətə gələndən sonra CHP bütün seçkilərdən məğlub çıxmağını niyə yazmırsan.Nümunə olaraq Ankarada 25 rayondan 22 də rəsmi olaraq AKP qazanıb.Burada yazılanlardan asan başa düşülür ki müəllif indiki iqtidarda mənfi münasibət bəsləyir.Tamami ilə qərəzli və məntiqsiz bir yazıdır.
Hariçten gazel okumaya gerek yoktur.Ne yazsanız boş göklerden gelen bir karar vardır...
Türkiyədəki demokratiya Azərbaycana da sıçrayacaq
Faktları təhrif edən, tamamilə birtərəfli yazılmış bir yazıdır.