“AzPolitika.info” xəbər verir ki, Estoniya prezidenti Kersti Kalyulayd növbəti dəfə rus dilində təhsilin ölkəsi üçün təhlükə yaratdığını bəyan edib. Xanım prezident məktəblərdə rus dilinin tədris olunmasının eston dilinə və mədəniyyətinə təhlükə yaratdığını qeyd edib.
“İki dilli tədris sisteminin saxlanılması eston dilinin və mədəniyyətinin mövcudluğuna qarşı təhlükədir. Bu, heç cür Estoniya dövlətçiliyinin bütövlüyünün güclənməsinə xidmət etmir” - deyən prezident, Estoniyanın vahid dilinin olduğunu qeyd edərək, bağça və məktəblərdə yalnız eston dilinin tədris edilməsini vacib sayıb.
K.Kalyulayd Estoniyada yaşayan rusların eston dilini bilmələrinin vacib olduğunu söyləyib və qeyd edib ki, bu insanların dövlətin vahid dilini bilməmələri onların cəmiyyətdən təcrid olunmaları ilə nəticələnir. Prezident bildirib ki, rus dilinin aradan çıxarılması cəmiyyətin iki yerə bölünməsinin qarşısını alacaq.
Onu da qeyd edək ki, rus icmaları əsasən ölkənin şərq ərazilərində məskunlaşıblar və onlar rus dilində təhsilin ləğvinin qəti əleyhinədirlər.


Şərhlər