Mətbuatda yer alan məlumatlara görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə faiz dərəcəsinin yüksək olması və bunun inzibati yolla aşağı salınması təklifini irəli sürüb. Palata hesab edir ki, ölkədə banklar çox yüksək faiz dərəcəsi ilə kredit verir və faiz dərəcələrinin yüksəlişi müdaxilə yolu ilə dayandırılmalıdır.
Təkliflər sırasında faiz limitinin əksər kreditlər - biznes və istehlak kreditləri və ya kredit məhsulları üzrə qəbul olunması, bütün kreditlər üçün vahid limit və ya müxtəlif kredit məhsulları üzrə müxtəlif limitlərin qəbul edilməsi, mütləq və ya nisbi limitlərin qəbulu kimi məsələlər yer alıb.
Qısası, sadə dildə desək, palata, qeyd etdiyimiz kimi, bank sektorunda prosesin inzibati yolla nizamlanması mövqeyindən çıxış edir.

“Birincisi, son illər Azərbaycanda baş verən iqtisadi inkişaf paralel olaraq əhalinin gəlirlərinin artması ilə nəticələnməkdədir. Məsələn, təkcə bu ilin birinci rübü ərzində Azərbaycan əhalisinin nominal gəlirləri 12 590,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% çoxdur. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 1 275,7 manat təşkil edib. Bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,6% çoxdur. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 567,3 mln. manat vəsait qalıb. 2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.
Kreditləşmənin artım tempi əhalinin gəlirlərinin artım tempi ilə birbaşa əlaqəlidir. Belə demək mümkünsə, əgər bu əlaqə olmasaydı, banklar təbii şəkildə bu sahədə hansısa güzəştlərə getmək məcburiyyətində qalacaqdı.
İkincisi, kredit faizləri inzibati yolla aşağı salındıqda həmin kreditləri götürüb istehlak mallarına yönəldənlərin sayı da artacaq. Bu da öz növbəsində qiymət artımına səbəb ola bilər.
Ücüncüsü, sirr deyil ki, bank sektoru yenicə özünə gəlməkdədir. Son illər baş verən devalvasiya və digər proseslər banklarda ciddi ixtisarlara, bəzi bankların isə sıradan çıxmasına gətirib çıxartdı. Görülən tədbirlər nəticəsində hazırda bu sahədə sabitliyin müşahidə edildiyi göz önündədir. Xüsusilə, Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı fərmanla problemli kreditlərin həlli məsələsi də banklara olan inamın artmasına təkan verən proseslərdəndir. Belə bir şəraitdə, yəni bankların dirçəldiyi bir ərəfədə inzibati metodlara baş vurulması doğru yanaşma deyil”.
E.Babayev bildirib ki, banklar özləri daha az məbləğli kreditlərin daha az faizlə verilməsində maraqlı olmalıdırlar. Onun sözlərinə görə, kreditlər üzrə faiz dərəcəsinin yüksək olmasından daha çox əhalinin sosial baxımdan zəif təbəqəsinin əziyyət çəkdiyini nəzərə alsaq, çıxış yolu kimi banklar sosial cəhətdən həssas təbəqələrlə bağlı müəyyən yumşalma siyasəti həyata keçirə bilərlər.
Digər çıxış yolu kimi banklar xaricdən vəsait cəlb etmək imkanlarını araşdırmalıdırlar. Həmçinin, kreditlərin tərkibinə də baxılması nəzərdən keçirilə bilər. Məsələn, telefon kreditləri - tez xarab ola bilən əmtəədir deyə, təbii ki, kredit faizi də yüksəkdir.
“Bütün hallarda inzibati müdaxilə formasında reallaşdırılan faiz azalmaları düzgün deyil. Bunun daha pis fəsadları ola bilər. Banklar arasında rəqabət yaratmaq və daha zərərsiz yollara baş vurmaq əvəzinə palataya kredit faizlərinə, eləcə də bank xidmətlərinə maksimum hədd müəyyənləşdirmək hüququ vermək bank sektorunda ciddi geriləmələrlə müşahidə olunmaqdan uzağa gedə bilməyəcək”, - deyə E. Babayev vurğulayıb.
Vaqif
AzPolitika.info


Şərhlər
Deyəsən bu ekspertin də ya bankı var ya da hansısa bankda ərikdir.Yoxsa faizlərin aağı salınması barədə illərdi gözlənilən haqlı təklifə belə absurd misallar gətirməzdi.....Allah bizi qorusun...
Belə məsələlər inzibati deyil iqtisadi, monetar, fiskal, prudensial alətlər vasitəsilə idarə oluna bilər. Burada inzibati yanaşma Palatanın qeyri-peşəkarlığını nümayiş etdirir.
Lakin ekspertin şərhləri də əslində öz peşəkarlığı olə fərqlənmir. Onun yazısından belə çıxır ki, 1) əhali yüksək faiz ödəməyə qadirdir, 2) nə qədər az adam kredit alsa o qədər yaxşıdır iqtisadiyyat üçün.
Əslində ekspert olan şəxs bilməlidir ki, iqtisadiyyata işkişaf üçün stimul verən məhz artanan tələbdir.