BAKININ “ZƏNCİ MƏHƏLLƏSİ”...

Şahmar Mövsümov nə demişdi, sonda nə oldu?

Mirzə AĞ

Əliağa Vahid haqqında bir film çəkilmişdi. Filmdə, Rusiyadan gəlmiş «yazarlar dəstəsi» ilə qurulmuş bir işrət məclisi təsvir olunurdu. Qonaqlar, bizimkilər bir neçə qədəh araq içəndən sonra başlayırlar şeir deməyə - «vurhavur» başlayır. Bir müddətdən sona yerli «partiya boss»larından biri rəhmətik Vahidə deyir: “Vahid, sən niyə dinmirsən, şeirlərindən oxumursan ki, qonaqlar feyziyab olsunlar - görsünlər ki, bizim necə «sinədəftər» şairlərimiz var?”

Vahid suala bir misra ilə cavab verir:

“Tutalım ki, bu dünyanın İsası mənəm,

Bu soxasoxda mən nə icad eyliyənəm?”

Rəhmətliyi sözü olmasın, indi ölkəmizdə gerçək bir «soxasox» tüğyan eliyir...

Elə dünən axşam saat 20:00-də evdən çıxıb, dükana getmək istədim. Fəqət, yarı yolda dayanmalı oldum - Yeni Günəşlidəki Samir Cəfərov küçəsini sel basmağı səbəbilə, yolu o taya adlaya bilmədim. Əvvəl elə başa düşdüm ki, Kür çayı daşıb. Amma yox, gördüm ki, ATS-lə üzbəüz küçədə kanalizasiya lüku fəvvarə vurur! Onu da əlavə etməliyəm ki, həmin lük tez-tez «fontanlayır» və ətrafı çirkab su «ağzına alır» - indi də elə. Amma bu fontan və antisanitariya uzun müddətdir ki, heç kimi maraqlandırmayıb - sanki bu rayonun «sahibi yoxdur»...

Ümumiyyətlə, Yeni Günəşli abadlıq, səliqə-sahman baxımından Detroytun «zənci məhəlləsi»ni xatırladır. Küçələr, yollar bərbad, həyətlər-yolkənarı torpaq sahələri zəbt olunub, yolkənarı yaşıllıqlara qulluq edən yox, küçə-bacadakı «demyə» ağaclar da susuzluqdan yanıb kül olur. Buranın küçələri ümumiyyətlə, işıqlandırılmır. Əhalinin mədəni istirahəti üçün abad bir məkan yoxdur. Hələ 2008-ci ilin əvvəlində rayon icra hakimiyyəti söz vermişdi ki, Yeni Günəşlidə bir istirahət mərkəzi tikəcək. Tikinti başlandı və... yarımçıq qaldı - inidi yarımçıq tikililər bombardmandan çıxmış şəhər ərazisini xatırladır. Bunun əvəzində, tezliklə elə həmin ərazidə bir «Ticarət mərkəzi» tikdilər. İndi «ticarət» var, istirahət isə gözə dəymir...

Odur ki, mən bu məkanı «Bakının zənci məhəlləsi» adlandırmışam və hər dəfə söhbət düşəndə şəhərin mərkəzi (abad hissəsi) ilə müqayisə edirəm və hər dəfə də «üstü bəzək - altı təzək» xalq deyiminin necə «gözəl» təzad təkil etdiyinə əmin oluram...

Burada liftlər işləmir - bu barədə dəfələrlə deyilib-yazılıb. Şəhərimizdə «Atletlər kəndi» deyilən bir məkan da var - ora xeyli abad təsəvvürü yaradır - liftləri işləyir, suyu fasiləsiz gəlir, küçə-baca işıqlandırılır, yaşıllıqlar suvarılır və s. Çünki orada hədənbir Azad Rəhimovun idmançı qonaqları yerləşdirilir - fikirləşirlər ki, qoy qonaqlar şəhərimizin nə qədər qəşəng olduğunu görsünlər və bir daha gəlib şəhərimizin küçələrində «maşın sürsünlər», sürməyi bizə də öyrətsinlər. Daha qonaqlar haradan bilsinlər ki, Yeni Günəşlini tez-tez «çirkab seli» basır, liftləri işləmir, gecələr buraya qatı zülmət çökür, suyu tez-tez kəsilir və s. Fikir verin, Azad Rəhimov maşın sürməyə o qədər aludə olub ki, hər dəfə maşın sürənlərə rahat şərait yaratmaq üçün idarələrin, nazirliklərin bəzilərini hətta müəyyən müddətə bağlamalı olurlar. Məsələn, hər dəfə maşınsürənlər gələndə Mədəniyyət Nazirliyini «məcburi tətilə» göndərirlər - yəni ki, bizim ölkəmizdə «idman» «mədəniyyət»dən qabağa keçib. Mədəniyyət olmayan yerdə isə hansı xidmətdən danışmaq olar? Belə çıxır ki, Azərbaycan insanına mədəniyyət lazım deyil - əsas maşın sürməkdir. Yoxsa ki, hökumətimiz oturub hərdən fiirləşərdi: Bizə maşın sürmək vacibdir, yoxsa mədəniyyət və onun törəmələri, məsələn, xidmət? Hərdən düşünürəm - necə olur ki, əcnəbi gəlib bizdə rahatlıqla «maşın sürə» və sonra otağına rahat-dəbdəbəli liftlə qalxa bilir, bizlər isə mənzilimizə piyada qalxırıq və bu zaman dilimiz ağzımızdan yarım metr çıxıb, iki metr də sallanır?!

Çağdaş Azərbaycanın başı üzərində bir «kommunal xidmətsizlik» kabusu fırlanır - həm də uzun müddətdir ki, fırlanır. Bunu hamı görür - şah da, rəiyyət də. Di gəl, bu «azar»a əncam çəkən yoxdur - söz verib, maliyyə ayıran da sözünün üstündə durmur - pullar yeyilir, «kabus» qalır. Deliklərimin sübutu qismidə ötən illərdə yerli KİV-in yaymış olduğu bəzi informasiyaları bir daha «dövriyyəyə buraxmaq» zorundayan.

Hələ 2016-cı ildə xəbər verilmişdi ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz təchizatı) inkişafına dair «Strateji Yol Xəritəsi» açıqlanıb. «Report» xəbər vermişdi ki, sənəd Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq olunub.

Elə həmin il dekabrın 29-da bildirilmişdi ki, kommunal xidmətlər sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən, sahəyə investorların cəlb olunması üçün effektiv mexanizmlərdən istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcək. Xəbəri «APA-Ekonomiks» yaymışdı.

Bəs, nə oldu? Heç nə, «fərman» kağız üzərində qaldı - heç bir qurum-filan yaradan olmadı, xidmətsizlik daha da şiddətləndi, «kabus» böyüdü. Səbəb nə? Səbəbi aramaq üçün bir məmurun da dediklərinə nəzər salmaq ehtiyacı var...

Neft Fondunun başçısı Şahmar Mövsümov xeyli əvvəl demişdi ki, əsrin sonuna qədər Azərbaycan neft-qaz satışından 100 milyard dollar QAZANA BİLƏR! Qazana bilsə, «yol xəritələri» də PUL ALACAQ, bilməsə... ya xan ölər, ya da eşşək!

Neftdən Azərbaycana PUL SELİ axmasa, məmurlar ZƏLİ OLUB, ölkə əhaliinin cisminə darışacaq - sor ki, sorasan...

Yol xəritəsi, meşə atlası, səhra planı, dəniz peyzajı, portret və avtoportret və s. çəkirəm deyib də, insanların saqqızını oğurlamaq bu xalqa qarşı yeni və fərqli bir hiyləgərliyin hazırlandığından xəbər verir!

Sonrakı dövrdə yerli KİV-lər yazdılar ki, son 10 ildə Azərbaycandan kənara 100 milyard dollardan artıq pul vəsaiti çıxarlılıb - boş xəzinə ilə isə hər-hansı yol xəritəsi çəkmək və onu reallaşdırmaq mümkün deyil. Məhz bu səbəbdən dolayı, yuxarıda xatırlatdığım «kabus» Azərbaycanın başı üzərində «zəbanə çəkir»...

Bütün bunları pərdələmək, az-çox formalaşan xaotik ictimai etirazları səngitmək üçün bu dəfə hökumət «islahat aparırıq» deyə, yenə insanların başını qatır.

«İslahat»ların ilk nəticələrindən biri - ilk qaranquşu yeni qəbul edilmiş «Pensiya haqqında qanun»dur. Məhz bu qanun ölkənin ahıl əhalisinin böyük qismini pensiyadan məhrum etdi. Bu, bir xəbədarlıqdır ki, barəsində ciddi düşünmək lazımdır! Necə olur ki, müftəxor insanlardan təşkil edilmiş «parlament» üzvlərinin maaşı vaxtaşırı artırılır, əvəzində isə ahıl və zəhmətkeş insanlar pensiyadan məhrum edilir? Necə olur ki, quldur-məmurlar 100 milyard dolları ölkədən çıxara bilir və bu talanın «qisası» yetim-yesirdən alınır?! Dövlət və hökumət olan yerdə belə şeylər mümkün olurmu? Əsla!

Deməli, kommunal xidmətlərin keyfiyyətini, əhalinin rifahını yaxşılaşdırmaq üçün gerçək dövlət qurmaq və işlək hökumət formalaşdırmaq lazımdır - yoxsa ki, «kabus» bizdən əl çəkməyəcək...

635x100

Şərhlər

elman maxmudov 2019-04-25 09:21:49

AXI VahIDin na gunahi na gadar ki sahartasarrufati bir nafarla idara olunacag belada vaziyyat har yerda olacag sahar kollegial gaydada idara olunmalidi bir nafarla yox onunda alinda galan budkalaridiki har yanda adamin agzina girir icarisinda gazetdan basga na istasan satilir

Elli 2019-04-25 09:21:49

Mirzə müəllim "pensiya islahatı" xalqı pis günə saldı. 65 yaşadək yaşaya biləcəyikmi bu çətin zamanda? Bu ritorik sualın cavabını yalnız allah bilir.

yalçın 2019-04-25 09:21:49

zənci sözü irqçi deyim sayılır, afrikalılar bu sözə çox pis təpki verirlər..getto, varoş, daş cəngəllik vəs. deyimlərini işlətməək olar..

Vetenperver... 2019-04-25 09:21:49

Ay Mirze..,sene bir düşündürücü tapmaca verim..? Tesevvür et ki,Ermenistanin böyüklerinden birisen..,neyleyeceksin?

t.ədalət 2019-04-25 09:21:49

Mirzə müəllim, Sizin məhəllə yaxşıdır.Şəhid ailələrinə,müharibə əlillərinə çaqqallar ulaşan və keçmiş bataqlıq ərazilərdə mənzil verirlər.Mərkəzdə tikilən evlərin alıcısı bol olduğuna görə müharibənin dəhşətlərini yaşayanları hara gəldi atırlar.Yadıma ABŞ-da qonaq olan Xruşovla bağlı bir lətifə düşür. Ayaqyolunun keyfiyyəti barədə ondan soruşanda,deyir:-Yaxşı olmağına yaxşıdır.Ancaq yuyucu fırça adamın üzü ilə arxasını səhv salır.Bizdə də cəfakeş ailələrə münasibətdə o fırçaya bir bənzəyiş var..

VƏTƏNDAŞ 2019-04-25 09:21:49

8-km qəsəbəsində dəyaşıllıqlar zəbt edilir.ZABRAT istixana.kərpicni deyilən ərazidə yollar bərbaddır

Adam 2019-04-25 09:21:49

Cənub bölgəsinə çəkilmiş yeni yolla ilk dəfə gedəndə gözlərim dolmuşdu, dəli kimi ağlamaq istəyirdim.Sevincdən deyil,illər uzunu həmin yollarda çəkdiyimiz zülmə görə!Az qala maşının qapıları çıxırdı o yolarda, ayağının altında pedalları səhv salırdın,iti-pişiyinə,heyvanı insanına qarışan o yollarda.İnsanlara belə laqeyid münasibət olarmı? Hələ kəndləri demirəm, insanlar yaşamır, ruhları sürünür, sanki böyük bir qəbristanlıqdasan.Bir yanda da neçə-neçə əclafın yediyi milyardlar...Zəhəriniz olsun...

Son yazılar