Menu

QƏZA ÇIXIŞI... – Bir aviaqəzanın üzə çıxardığı “rus özəllikləri”

06.05.2019, 19:15
QƏZA ÇIXIŞI...  – Bir aviaqəzanın üzə çıxardığı “rus özəllikləri”

Moskvanın “Şeremetyevo” hava limanında baş verən aviaqəza hazırda Rusiyanın gündəmini zəbt edən əsas mövzudur. Ancaq qəzanın səbəbləri, təyyarənin texniki vəziyyəti, xilasetmə işləri və s. texniki məsələlərlə yanaşı, rusiyalıların bu faciəyə münasibəti də geniş müzakirələrə səbəb olub.

78 sərnişin və ekipaj üzvündən yalnız 37-sinin sağ qaldığı qəza ilə bağlı sosial şəbəkələrdə açılan müzakirələrdə ümumiyyətlə, rusiyalıların belə hadisələr zamanı yanlış davranışları, cinayət dərəcəsində biganəlikləri və ucuz hərəkətləri, hətta bu hadisədən maddi qazanc əldə etmək cəhdləri müzakirə olunub.

Faciə ilə bağlı xəbərlərə nəzər yetirdikdə Rusiya cəmiyyətinin hansı dərəcədə deqradasiyaya uğradığını göstərən bir neçə hadisəni qeyd etməmək olmur. İlk olaraq, hadisə şahidlərinin qəza zamanı təyyarənin içərisində nələr baş verdiyinə dair söylədikləri diqqət çəkir. Sağ qalan sərnişinlər deyiblər ki, qəza enişindən sonra təyyarənin arxa hissəsi yandığından, insanlar önə doğru hərəkət etməyə çalışıblar. Lakin öndəki sərnişinlərin öz baqajlarının hayında olmaları səbəbindən orta koridorda tıxac yaranıb. Yuxarı rəflərdən əl yüklərini götürən sərnişinlər yolu kəsib, hərəkəti ləngidiblər ki, bu da arxada qalanların yanmasına və yaxud tüstüdən zəhərlənməsinə səbəb olub.

Bunu qəza anına aid çəkilişlər də sübut edir. Belə ki, öndəki qəza çıxışından yerə enən sərnişinlərin bir çoxunun əlində çantalar və digər əl yükləri olub. Hətta bu faktla bağlı bəzi hüquqşünaslar öz çantalarını digər insanların həyatından üstün tutan həmin şəxslərə qarşı qəsdən olmasa da, iki və daha çox şəxsin ölümünə səbəb olan hərəkətlərinə görə cinayət işi açılmasını tələb edirlər. Əgər həmin şəxslərin günahı sübut olunarsa, Rusiya qanunlarına görə, onları cəmi 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Qəza ilə bağlı daha bir tənqid hədəfi bir neçə aeroport işçisinin faciəni monitorda canlı izləyərkən, qəhqəhə çəkmələri və baş verənləri lağa qoymalarıdır. Bununla bağlı videogörüntülər yayılıb və həmin əməkdaşlar bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid və söyüş atəşinə tutulublar.

Ancaq bəzi rusiyalılar faciəni lağlağıya qoymaqdan da uzağa gedərək, bu hadisədən pul qazanmağa çalışıblar. Belə ki, təyyarənin uçmalı olduğu Murmansk şəhərinin administrasiyası vətəndaşlara xəbərdarlıq edib. Rəsmi müraciətdə bildirilir ki, qəzadan sonra internetdə olduqca çoxlu sayda fırıldaqçılar peyda olub. Bu adamlar guya qəza nəticəsində yaxınlarını itirənlərə maliyyə dəstəyi göstərilməsi üçün hesablar açıblar. İnsanlardan həmin hesablara pul köçürülməsi xahiş edilir. Bunun kütləvi hal aldığını bildirən Murmansk administrasiyası heç bir rəsmi qurum tərəfindən hesab açılmadığını bildirib və insanlardan xahiş edib ki, fırıldaqçıların hesablarına pul köçürməsinlər.

Artıq Rusiyada bir çox təhlilçilər, ziyalılar cəmiyyətin onlarla insanın ölümünə, bir o qədər də ailənin faciəsinə çevrilən belə bir hadisəni lağa qoyaraq güləcək və hətta bundan pul qazanmağa çalışacaq qədər çürüdüyünü bildirirlər. Bunu ölkədə mənəvi mühitin çökməsi ilə əlaqələndirənlər qeyd edirlər ki, getdikcə maddiyat cəmiyyətdə hər şeyi üstələyir, biganəlik və “bespredel” isə vüsət alır. Sözsüz ki, bu etiraflar çox zaman digər qonşu xalqlara yuxarıdan aşağı baxan, onları kiçik görən bir toplum üçün artıq güzgüyə baxmaq vaxtının çatdığından xəbər verir.

Lakin bu hadisə və ona münasibət Rusiyanın təkcə mənəvi deyil, elə texniki cəhətdən də “axsadığını” bir daha təsdiqləmiş oldu. Dünyanın dörd bir tərəfinə ölüm silahları satan bu ölkə hələ də nə bir normal minik avtomobili, nə də sərnişin təyyarəsi istehsal edə bilmir. Elə bu faciənin baş verdiyi “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100″ (SSJ-100) sərnişin təyyarəsi də Rusiyanın istehsalıdır. Bu qəza 2011-ci ildən etibarən sertifikat verilən həmin təyyarələrlə bağlı baş vermiş artıq 7-ci insidentdir. Demək olar ki, hər ilə bir qəza düşür. Bu isə böyük rəqəmdir. Elə bunun nəticəsidir ki, bir çox Avropa aviaşirkətləri həmin təyyarələri almaqdan imtina ediblər.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

Şərhlər

Elli 2019-05-06 19:15:28

Yazınız dəstəklənir. Harada pul,var-dövlət sadə insandan daha qiymətlidir orada cəmiyyət çürüməyə məhkumdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol