"PUTİN EYNİLƏ HİTLER KİMİ HƏRƏKƏT EDİR" - Frensis Fukuyama

90–cı illərdə bestseller olmuş məşhur “Tarixin sonu və axırıncı insan”kitabının müəllifi, tanınmış amerikan filosof-politoloqu, Standford Universitetinin professoru, yapon mənşəli yazışı Frensis Fukuyama "Ukraynskaya Pravda" qəetinə müsahibə verib. AzPolitika.info çox maraqlı müsahibənin qısa ixtisarla tərcüməsini təqdim edir.

- Sizin fikrinizə görə Ukraynada nə baş verir?

- Birinci növbədə məni Ukraynadakı vətəndaş cəmiyyətinin "Narıncı İnqilab"ın uğursuzluğundan sonra təslim olub geri çəkilməməsi heyran etdi. Ölkə vətəndaşları yaxşı hakimiyyət əldə etmək cəhdlərini itirmədilər.

- Belə hesab etmək olarmı ki, ukraynalıların cəmiyyəti dəyişmək cəhdləri Rusiya ilə müharibəyə səbəb olub. Və ya bu müharibə ölkədəki yeni hökumətin səhvidir?

- Məncə müharibə qaçılmaz idi. O mənada ki, Rusiya Ukraynanın azad seçimlə Avropa inkişaf yolunu tutacağına qarşı hər şey etməyə hazır idi.

- Əksər insanlar əminliklə Vladimir Putinin bu günkü hərəkətlərini finiş xəttinə çıxmaq kimi qiymətləndirirlər. Siz bu fikirlərlə razısınızamı?

- Mən əminəm ki, bütün bunlara baxmayaraq, Putin Şimali Koreya və İran rəhbərlərinə bənzər bir hökmdara çevrilmək istəmir. Bu isə o deməkdir ki, Putinin davranışları müəyyən mənada Avropa Birliyi və ABŞ-dan asılı olacaq. Hazırda dünya ictimaiyyəti indiki vəziyyətin Putinə baha başa gəlməsi üçün əlindən gələni edir və bu mənada sanksiyalar onun özünü yaxşı aparması üçün effektli ola bilər. Mən belə fikirləşirəm ki, uzun müddətli perespektiv üçün Putin zəifdir və bunu onun özü də başa düşür. Rusiyanın iqtisadiyyatı neftə bağlı olduğundan birtərəflidir. Slans qaz inqilabını da hesaba qatsaq, Rusiya enerji daşıyıcıları inhisarını itirəcək. Rusiyanın korrupsiyalaşmış bir qrup kleptokrat tərəfindən idarə edildiyini insanlar gec və ya tez başa düşəcəklər. Onun əlamətləri artıq görünür.

- Bəlkə də Siz haqlısınız, ancaq indi Putin Rusiyaya qarşı olan sanksiyalardan istifadə edərək xarici düşmən qarşısında öz şəxsi hakimiyyətini möhkəmləndirir. Bir çox müşahidəçilər iddia edirlər ki, bu cür hərəkətlər müharibəyə başlamaq hazırlığının bir hissəsidir.

- Biz sizinlə Putinin nəyə hazırlaşdığını deyə bilmərik. Lakin mənə elə gəlir ki, bir çox şeylər xeyli həyacan doğurur. Putin indi çox dinamikdir və hər hansı addım atacağında ona nəzarət etmək mümkün olmayacaq. SSRİ-nin çöküşündən sonrakı bütün 90-ci illər ərzində Rusiyanın revanş götürərək öz sərhədləri xaricinə çıxması müşahidə olunmurdu. Beynəlxalq ictimaiyyət də buna inanmışdı. Ancaq bu gün Rusiya hamıya meydan oxumaq istəyir. Bunu onlar Gürcüstanda başladı və Krımın ilhaqından sonra isə hər şey aydın oldu. Beləliklə də Rusiya mahiyyət etibarı ilə Qazaxstan, Özbəkistan, Estoniya, Moldovada yaşayan etnik ruslara anlamaq imkanı verdi ki, əgər sizin nədənsə xoşunuz gəlmirsə, sadəcə olaraq bizə üz tutun və biz sizə kömək edərik.

- Siz yəqin ki, Vladimir Putinin Adolf Hitlerlə müqayisəsinə aid xeyli məqalələr və fikirlərlə tanışsınız. Belə müqayisələndirmələr nə dərəcədə düzgündür?

- Bu cür müqayisədə həqiqət payı Putinin xarici siyasətdə etnik məsələlərdən istifadə etməsindən ibarətdir. İkinci Dünya Müharibəsi Hitlerin Sudetdə, Polşada və Avropanın bir çox yerlərində alman millətini qorumaq bəhanəsi ilə başlayıb. Hitler belə hesab edirdi ki, bu ona başqa ölkələrə müdaxilə etmək hüququ verir. Putin eyni ilə Hitler kimi hərəkət edir. Amma mən hesab etmirəm ki, Putinin nasist Almaniyasının yəhudilərə qarşı yürütdüyü genosid və bütöv xalqların məhv edilməsi kimi şeytanı bir planı var. İndiki vəziyyət ilk növbədə Rusiyaya bitişik olan ölkələrin siyasətini dəyişdirir. Estoniyada xeyli sayda rusdilli əhali yaşayır və bu ölkə NATO ilə Avropa Birliyinin üzvüdür. Əgər Rusiyanın aqressiv siyasəti birbaşa Estoniyaya toxunarsa, onda həmin konfliktə ABŞ və Avropa da qoşulacaq. Məhz elə bu mənada Rusiyanın xarici siyasəti artıq regional xarakter daşımaqdan çıxacaq.

- Putinin geri çəkilməsi ilə Rusiyanın tarixi inkişafının bütövlükdə dəyişəcəyi ssenarisini təsəvvür edə bilərsinizmi?

- Mən bunu çox uzaq perespektiv üçün təsəvvür edə bilərəm. Rusiyada nəsil dəyişikliyi baş verir. Digər tərəfdən, Rusiya iqtisadiyyatının ləngiməsi, uzun müddətli staqnasiyanı və iş yerlərinin itirilməsini gözləyirəm. Bu mənada Krımın zəbt edilməsi müvəffəqiyət hesab oluna bilməz. Bu yarımadanın ilhaq olunmasından sonra xeyli Rusiya vətəndaşı fərəh hissi keçirirdi, lakin son nəticədə bu onlara iş yeri vermir.

- Bu il sizin “Tarixin sonu” məqələnizin çap edilməsinin 25 illiyi tamam olur(Bu məqələ sonradan genişləndirilərək kitab halına salınıb). Sizin o zaman verdiyiniz proqnozlara əminliyiniz qalırmı?

- Mənə elə gəlir ki, bu məqalədə söhbətin nədən getdiyi barəsində xeyli anlaşılmazlıqlar mövcuddur. ”Tarix” kəlməsi müəyyən bir yolla hərəkət edən insan cəmiyyətinin təkamülünün marksist baxışına olan münasibətə əsasən istifadə edilib. 150 il ərzində bəşəriyyətin ən tərəqqipərvər ağılları, əsasən də marksistlər iddia edirdilər ki, tarix kommunizmə doğru irəliləyir. 1989-cu ildə mən sadəcə olaraq bildirdim ki, dünya marksistlərin təbirincə desək, ”kapitalist cəmiyyətinə” doğru irəliləyir. Bu elə tarixin sonudur, yəni axırda kapitalizm və demokratiya gəlir. Mən indi də əminəm ki, demokratiya bazar iqtisadiyyatına doğru can atır.

- Bəs Sizə elə gəlmirmi ki, məhz bu cür qənaətə həmin dövrün şəraitinin təsiri altında gəlmisiniz. Günümüzün reallığı bir çox baxımdan sizin nəzəriyyənizlə ziddiyyət təşkil etmirmi?

- Ola bilər. 1984-cü il vədlər verən il olub. Berlin divarı yıxılmışdı, Şərqi Avropa ölkələrində kommunizm məğlubiyyətə uğramışdı və onlar rus işğalından qurtulmuşdular. Bu baxımdan yanaşdıqda 2014-cü il xeyli pessimist görünür. Ona görə ki, biz Krımın Rusiya tərəfindən anneksiyasını, Yaxın Şərqdəki qeyri sabitliyi və kommunist Çinin necə sürətlə inkişaf etdiyini müşahidə edirik. Biz dünyanın demokratik inkişafının bir qədər gerilədiyinin şahidiyik. Ancaq cəmiyyətin demokratiyadan başqa daha yaxşı idarə formasını görmürəm. Mən deyə bilmərəm ki, demokratiyanın bütün formaları bərabər və eyni dərəcədə yaxşıdır. Bir ölkədə prezident modeli, başqasında isə parlament respulikasıdır. Kasıb və varlı ölkələr mövcuddur. Müasir demokratiyanın mədəniyyətdən, mentalitetdən və milli ənənələrdən asılı olmayan baza tələbləri var.

- Lakin cəmiyyətlərdəki demokratiyanın necəliyini alimlər deyil, məsələn ABŞ hökuməti qiymətləndirir. Putinin ən güclü arqumenti də ondan ibarətdir ki, baxın görün həmin demokratik ölkələrdə nələr baş verir - orada da insan haqları pozulur və korrupsiya mövcuddur.

- Doğrudan da demokratiyanı müxtəlif cür qiymətləndirmək olar. Ancaq bütün bunların sonunda sadə sual meydana çıxır. Hansı cəmiyyət daha uğurludur? Bu məsələdə uğur məfhumu təkcə iqtisadi böyümə və stabillik mənasında işlədilmir. Uğur - ilk növbədə insanın bu və ya digər cəmiyyətdə inkişafından və öz potensial imkanlarını sərbəst şəkildə raellaşdırmasından ibarətdir. İnsanın özü üçün nəyin vacib olduğunu seçmə azadlığı olmalıdır. Ən əsas və mühüm məqam isə dayanıqlılıqdır. Bir çox ölkələr on illiklər ərzində uğur qazanmış kimi görünürlər. Cəmiyyətin əsl problemləri ilk baxışda nəzərə çarpmasa da, son nəhayətdə hər şey dağılır. Kommunizmlə də məhz bu baş verdi. Fikirləşirəm ki, cənab Putinin sistemi haqqında da bu sözləri söyləmək mümkündür. Onun rejimi əsas etibarı ilə enerji resursları hesabına dayanıb və bunlarsız Rusiya tam fərqli vəziyyətdə olardı. Tamamilə aydındır ki, indiki enerji resur növlərinin inhisarı qurtaracaq və yeni alternativ enerji mənbələri yaranacaq. Bu isə bütün dünyanın iqtisadi və ticari xəritəsini dəyişəcək. Onda isə Rusiya üstünlük qazana bilməyəcək. Ona görə ki, Rusiya beynəlxalq arenaya inteqrasiya oluna biləcək geniş və müxtəlif profilli iqtisadiyyat qura bilməyib.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar