“AzPolitika.info” xəbər verir ki, Rusiyanın işğal etdiyi Donbasda qondarma Donetsk Respublikasının yaradılmasının növbəti ildönümü keçirilib. 2014-cü ilin 11 may tarixində keçirilən və işğalı rəsmiləşdirməyə hesablanan referendumun nəticələrini beynəlxalq birlik tanımasa da, rəsmi Moskva hər il qondarma respublikada bayram tədbirləri təşkil edir.
“Müstəqilliklə” bağlı son tədbirdə çıxış edən Rusiyanın Minsk danışıqları prosesindəki rəsmi nümayəndəsi Boris Qrızlov növbəti dəfə Ukrayna tərəfini günahlandıraraq, təhdid edib. Qrızlov deyib ki, bu qondarma respublikaların Ukrayna qarşısında kapitulyasiyasından söhbət gedə bilməz: “Donetsk və Luqanskdakı referendum hərbi çevrilişə və millətçiliyə cavab idi. Bu, Donbasın Qərbin işğalına cavabı oldu...”
Rusiyanın danışıqlardakı nümayəndəsi deyib ki, Donbas əhalisinin Kiyevdən eşitdiyi yalnız təhdidlər və təslim olma tələbləridir. Lakin nə Luqansk, nə də Donetskin heç vaxt təslim olmayacağını bildirən Qrızlov yerli əhalinin öz dilinə və tarixinə sahib çıxacağını deyib. Rəsmi Moskvanın mövqeyini çatdıran bu şəxs xüsusi olaraq vurğulayıb ki, Minsk danışıqlarına görə, işğal altında olan əraziyə xüsusi beynəlxalq status verilməlidir və bu sənədə Kiyev tərəfi də imza atıb.
Bu arada Ukrayna mətbuatı yazır ki, Donbasın işğal olunmuş ərazilərində yaşayan və hərbi qulluqçu statusu daşıyan bütün Ukrayna vətəndaşları Rusiya pasportu almağa məcbur edilir. Bununla bağlı Ukrayna Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlama yayıb.
Həmçinin qeyd olunur ki, Rusiya tərəfi həmin hərbçilərin və güc strukturları nümayəndələrinin rusların nəzarətində olan Ukrayna-Rusiya sərhədini keçməsini məhdudlaşdırıb. Və hazırda bu qondarma respublikaların sözügedən vətəndaşları demək olar ki, Rusiya ərazisinə keçə bilmirlər.
Ukraynanın xarici işlər naziri Pavel Klimkin isə işğal olunan ərazilərdə yaşayan əhaliyə müraciət edərək, Rusiya pasportlarını qəbul etməməyə çağırıb. Ukraynadakı məşhur bloqerlərdən biri isə deyib ki, Rusiya pasportunu almaq özü-özünü cəzalandırmaq deməkdir. Çünki bu pasportu alan şəxs Rusiya kimi ölkənin ordusunda xidmət etməyə məhkumdur.


Şərhlər