Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin 31 may tarixində çıxarılaraq, iyunun 2-də öz vətənində - Xunzax rayonunda dəfn edildiyini haqda məlumatlar yayılıb.
Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Dağıstan rəsmiləri tərəddüdlü şəkildə təsdiqləsə də, "Molodyoj Daqestana” Xunzaxdakı dəfnin şahidindən açıqlama yayıb.
Doğrudanmı Hacı Muradın nəşi Azərbaycandan aparılıb?
Qax Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun əməkdaşları Fətəli Yəhyayev və Asəf Əhmədov Axar.az-a açıqlamalarında sözügedən informasiyadan xəbərsiz olduqlarını bildirərək, bu işlə humanitar şöbənin məşğul olduğunu deyiblər. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsindən müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirovun qeyd edilən əlaqə nömrəsinə zəng çatmayıb.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova da məsələdən xəbərsiz olduğunu bildirib: "Mətbuatda yazılıbsa, bu o demək deyil ki, informasiya doğrudur. Bizdə ümumiyyətlə bu barədə hər hansı məlumat yoxdur”.
Qəbrin yerləşdiyi Qax rayonu Tanqıt kənd bələdiyyəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Məsələ ilə bağlı Milli Məclisin Qax rayonundan seçilmiş deputatı Azər Kərimli Modern.az-a bildirib ki, Hacı Muradın məzarı Qax rayonun Tanqıt və Baydarlı kəndləri yaxınlığında sıx meşəlik ərazidədir: "O məzar təkdir, meşə massivində, fındıqlıq ərazidədir. Yəni nə kəndin içində, nə də kənd qəbristanlığında olmadığından mühafizəsi yoxdur. Bu gün olan vəziyyətə görə, başdaşı, sinədaşı yerindədir. Sadəcə üzü məzara duranda sağ tərəfdə yer daşlarının söküldüyü görünür. Amma bu o demək deyil ki, qalıqlar qəbirdən çıxarılıb”.

Deputat qeyd edib ki, bunu aydınlaşdırmaq üçün komissiya yaradılmalıdır: "Çünki bunu gözlə görmək mümkün deyil. Dəqiqləşmə üçün rayon səviyyəsində komissiya yaradılmalıdır”.
A.Kərimlinin sözlərinə görə, əgər qalıqlar aparılıbsa belə, oğurlanaraq aparılıb: "Amma bunu dəqiqləşdirmək lazımdır. Adi gözlə baxaraq, bunu ayırd etmək mümkün deyil. Rusiya KİV-lərinin yaydığı məlumata münasibət bildirmək üçün qəbir rəsmi olaraq açılmalıdır. İndiki məqamda biz bunu nə təsdiq, nə də təkzib edə bilərik”.
"Kafkazskiy uzel” saytı Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunda olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparıldığını iddia edib. Sayt Hacı Muradın qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanova istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn edilib. Bunun sübutu kimi isə fotolar yayılıb.

Məlumat üçün bildirək ki, Qafqaz müharibəsi dövründə İmam Şamilin naibi olan Hacı Murad 1852-ci ilin mayın 5-də qətlə yetirilib. Onun başı bədənindən ayrılaraq Peterburqdakı Hərbi Tibbi Akademiyaya göndərilib. 1959-cu ildən etibarən isə Antropologiya və Etnoqrafiya muzeyində saxlanılır.
Hacı Muradın başsız məzarını isə azərbaycanlılar dəfn edib. Onun məzarı üzərində ərəb dilində bu sözlər yazılıb: "Burada böyük cəfakeş, milliyətcə avar olan Hacı Murad Xunzaxski dəfn edilmişdir”.


Şərhlər
tecili geri qaytarmaq lazimdir
100 faiz rehmetliyin qaliqlarini satiblar burda her ne var satilir alinir
İH başçısının xəbəri yoxdur,-deyənlər yanılır.Yaxşı xəbəri var.Rusiya bu regionda da seperatizmi qızışdırmaqla məşğuldur.İndi Rusiya işğalı milli ayrı-seçkiliyin üzərində qurmaqla məşğul olur.Milli ayrı-seçkiliyin ocaqları isə Sankt-Peterburqda yaradılır.Elə tuluşların da seperatçı qurumları həmin şəhərdədir.