Menu

ABŞ «anbarı»ndan radioaktiv tullantılar Sakit okeana düşür! - «FORBES»

08.06.2019, 08:10
ABŞ «anbarı»ndan radioaktiv tullantılar Sakit okeana düşür!  - «FORBES»

1954-cü ildə Sakit okeanın cənub hissəsinin mavi səmasını göbələk formalı bulud burulğanı bürüdü və Marşall adaları üzərində asıldı. Məhz bu yerdə Birləşmiş Ştatlar o zaman nüvə silahının sınaqlarını keçirməkdə davam edirdi.

1946-1958-ci illər aralığında Amerika Birləşmiş Ştatları (ABŞ) təbiətinin təmizliyi ilə seçilən Marşall adalarında 67 dəfə nüvə sınağı keçirib. Onların arasında ən güclüsü 1954-cü ildə sınaqdan keçirilmiş «Bravo» adlı hidrogen qurğusu olub. Bu silahın dağıdıcı gücü Xirosimada partladılmış bombanın gücündən 1000 dəfə artıq olub.

Həmin sınaqların nəticəsində sözügedən adaların səthi radioaktiv küllə - tozu xatırladan yumşaq ağ substansiya ilə örtülüb. «Atomik heritedjfaundeşn» təşkilatının məlumatına görə, yerli uşaqlar radioaktiv kül barədə heç nə bilmədən, bu «qar»la oynamağa, hətta onu yeməyə belə, başlayıblar.

Bu gün ərazidə olan radioaktiv tullantı «tabut»unun üst örtük qatı elə vəziyyətə gəlib ki, həmin tullantıların «üzə çıxması» təhlükəsi getdikcə artır, örtüyün özü isə növbəti kataklizmlərin nəticəsində ciddi şəkildə çatlaya bilər. Həm də mümkündür ki, bu «anbar»dan dünyanın ən zəhərli maddəsi - plutonium 239 radioaktiv izotopu (nüvə bombalarının istehsalı və sınaqları zamanı meydana gələn kənar məhsul) kənara çıxsın. Bu maddənin yarım parçalanma dövrü 24 min 100 il təşkil edir.

1977-ci ildə Birləşmiş Ştatlar Marşall adalarına səpələnmiş radioaktiv tullantını yığmağa başlayıb. Qiymətləndirməyə görə, arxipelaq adalarından təxminən, 73 min kubmetr radioaktiv torpaq toplanıb. ABŞ Runit adasındakı ən böyük krateri həmin radioaktiv torpaqla doldurub. Beləliklə, 1958-ci ilin mayındakı sınaqdan sonra əmələ gəlmiş krater nüvə tullantısı «anbarı»na çevrilib.

Problemin belə həlli müvəqqəti xarakter daşıdığından, kraterin dibi radioaktiv tullantının aşağı sulu qatlara və oradan da Sakit okeana keçməsinin qarşısını ala biləcək qoruyucu materialla örtülməyib.

Radioaktiv tullantının kraterə toplanmasından sonra, o, üst hissədən 46 santimetr qalınlığında müvəqqəti qoruyucu beton künbəz ilə örtülüb. Sonradan, daimi «anbar»ın tikintisi planları reallaşdırılmamış qalıb. Odur ki, sözügedən «krater-anbar» artıq 40 ildir ki, özünün ilkin formasında qalmaqdadır.

1983-cü ildə Marşall adaları Birləşmiş Ştatlardan ayrılmaq barədə saziş imzalanmasına nail olub və beləliklə, ABŞ bundan əvvəl ərazidə həyata keçirdiyi nüvə sınaqlarının hər-hansı məsuliyyətindən yaxasını qurtara bilib.

Dəniz səviyyəsinin qalxması, torpaq qatlarının yerdəyişməsi və fırtınalar - bütün bunlar «nüvə tabutu»nun nisbi möhkəmliyinə və radioaktiv tullantıların dənizə axmasının qarşısını ala bilmək məsələsinə yönəlik yenidən narahatlıq yaratmağa başlayıb. Ortaya çıxan məlumatlara görə, artıq yuxarı qatda çatlar əmələ gəlib və yerli hökumət ehtiyat edir ki, növbəti kataklizmlər betonu dağıda bilər. Bundan başqa, yeraltı suların hərəkəti barədə tərtib olunmuş model göstərib ki, dəniz suyu, böyük ehimalla, kraterə qədər çatır. Ancaq hələlik məlum deyil ki, nüvə tullantısının hansı miqdarı kraterin möhkəmləndirilməmiş dibindən Sakit okeana yol tapa bilər.

Marşall adaları hökuməti bu məsələnin ciddiliyini anlasa da onun pulu və ekspetizası yoxdur ki, tullantı anbarını təcrid etsin və ərazidə təmizləmə işləri həyata keçirsin. Beləliklə, yerli hökumət gücsüz durumdadır, bu tropik adalar isə öz ətrafını öldürücü nüvə tullantısı ilə çirkləndirməkdə davam edir.

Trevor Neys,

Elmlər doktoru, «Forbes»in şərhçisi

Tərcümə Mirzə AĞ-ındır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol