Amerikalı jurnalistin İŞİD terror təşkilatı tərəfindən başının kəsilməsinə ABŞ prezidenti Barak Obamanın münasibət bildirməsindən sonra bu ölkədə reaksiyalar davam edir.
ANS TV-nin Vaşinqton bürosundan verilən məlumata görə, İŞİD terror qruplaşmasının amerikalı jurnalisti Stefan Sotlofunun başının kəsilməsini əks etdirən görüntünü yayımlanandan sonra ABŞ prezidenti Barak Obama bildirib ki, onların bu hərəkəti amerikalıları qorxutmayacaq. Obama jurnalistə qarşı törədilən bu hərəkətin dəhşətli bir zorakılıq aktı olduğunu deyib.
Estoniyada çıxış edən ABŞ prezidenti bildirib ki, İŞİD qruplaşması sonda geri çəkilməyə məcbur olacaq və bunun üçün əllərindən gələni edəcəklər.
ABŞ – ın dövlət katibi Con Kerri də bu məsələyə münasibət bildirib və onun çıxışı hamıda böyük maraq doğurub. O çıxışına “selamun- aleykum” sözü ilə başlayıb. Kerri çıxışında İŞİD qruplaşması hərəkətlərinin islama heç bir aidiyyatı olmadığını vurğulayıb.
Amerikalı jurnalistin başı kəsiləndən sonra Obama ABŞ səfirliyini və səfirliyin nümayəndələrini mühafizə etmək üçün daha 350 amerikalı hərbiçini Bağdada göndərməsinə dair Pentaqona göstəriş verib. Bununlada İraqda olan amerikalı hərbiçilərin sayı 820-yə çatıb.
Son baş verən hadisələrlə əlaqədar Barak Obama ABŞI-ın dövlət katibi Con Kerriyə və Müdafiə naziri Çak Hegelə yaxın vaxtlarda Yaxın Şərqə səfər etməsini tapşırıb.


Şərhlər