Rusiyanın paytaxtı Moskvada saxlanılan araşdırmaçı qəzetçi İvan Qolunovun vəkili onun işgəncəyə məruz qaldığını açıqlayıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, qəzetçini müayinə edən həkim onun qabırğalarının qırılmış ola biləcəyini, beyin sarsıntısı və qan laxtalanması yaranmasından şübhə etdiklərini açıqlayıb.
Moskva polisi isə jurnalistin göz altında olduğu zaman özünü pis hiss etdiyi üçün xəstəxanaya aparıldığını bildirib. Müstəqil xəbər saytı Meduza üçün rüşvətxorluq sənədləri üzərində çalışan Qolunov cümə günü Rusiya polisi tərəfindən narkotik maddə ittihamı ilə saxlanmışdı. Amma həmkarları və dostları bunun bir bəhanə olduğunu, İvan Qolunovun hazırladığı xəbərlərə görə saxlandığını iddia edir. Jurnalistin vəkili Dmitri Dzulay isı “Guardian” qəzetinə açıqlamasında Qolunovun saxlandığı zaman yaralandığını təsdiqləyib.
Jurnalisti müayinə edən bir həkim isə “İnterfax” xəbər agentliyinə verdiyi açıqlamada Qolunovun döyülmüş olmasından şübhələndiyini bildirdi.
Qolunov özü bir hökumət yetkilisinə açıqlamasında bildirib ki, vəkili ilə görüşməsinə icazə verilmədən ondan zorla bir polis sənədi imzalamasını istəyiblər. Bunu qəbul etmədiyi üçünsə başına və sinəsinə yumruq, təpik zərbələri endiriblər.
Şənbə günü Rusiya polisi Qolunova qarşı üzərində satış məqsədilə narkotik maddə daşımaq ittihamı irəli sürüb. Polis eyni zamanda onun əşyaları arasında da narkotik maddə olduğunu açıqlayıb. Amma jurnalistin vəkilləri iddia edir ki, narkotik maddə onun əşyaları arasına yerləşdirilib.
Rusiyada bu ittihamın cəzası 10-12 il arasında dəyişir. Polis eyni zamanda jurnalistin vəkillərindən gizlilik anlaşması imzalamalarını istəsə də, vəkillər bu tələbi rədd edib. Qolunovun bu gün məhkəmə qarşısında çıxarılması gözlənilsə də, xəstəxanaya aparıldığı üçün bu, baş tutmayıb.
Musavat.com xatırladır ki, cümə günü Qolunovun saxlanmasına etiraz edənlər Moskvadakı məhkəmənin qarşısına gəliblər. Jurnalist Moskvadakı bir bələdiyyə sədri köməkçisinin ailə üzvlərinin əmlak bazarı vasitəsilə sərvət əldə etməsi barədə bir xəbər hazırlamışdı. Onun daha öncə də hazırladığı xəbərlərə görə təhdid edildiyi bildirilir.
Beynəlxalq ekspertlər isə hesab edirlər ki, Qolunovun rüşvətlə bağlı hazırladığı xəbərlər hakimiyyət tərəfindən mənfi qarşılanır və indi jurnalistə bunun bədəlini ödətmək istəyirlər.


Şərhlər