SARIMSAQ YEYİB, TEATRA GEDƏNLƏR... 

Seymur VERDİZADƏ

Üç-dörd il əvvəl metro ilə işdən evə qayıdarkən yanımda cavan bir oğlan əyləşmişdi. Onun ətrafdakı səs-küyə məhəl qoymadan kitab oxuması məni çox sevindirmişdi.

Amma sevincimin ömrü uzun olmadı. Oğlan qrip olduğu üçün tez-tez asqırıb, bizi narahat edirdi.

Ən pisi isə o idi ki, asqıranda nəinki dəsmalla, heç əli ilə də ağzını tutmurdu.

Axırıncı dəfə necə asqırdısa, ağzından qopan bir topa tüpürcək bizimlə üzbəüz əyləşən yaşlı qadının alnına yapışdı. Həmin vaxt beynimdən bir fikir keçdi:

"Kaş, kitab oxumayaydın, amma asqıranda ağzını tutaydın..."

Neçə illərdi ki, televiziya çıxışlarımda insanları teatra, muzeyə getməyə, mədəni zövqlərini inkişaf etdirməyə səsləyirəm.

Təbii ki, sözü ilə əməli üst-üstə düşən adam kimi özüm də tez-tez teatra gedir, yeni tamaşaları izləyir, təəssüratımı oxucularla bölüşürəm.

Ötən həftə yenə ölkənin tanınmış sənət ocaqlarından birinə üz tutmuşdum. Təəssüratım ürəkaçan deyil.

Tamaşa başlayanda zalın yarısı boş idi. Axşam 7-də başlayan tamaşaya 8-in yarısı, hətta 8-də gələn "teatrsevərlər" az deyildi. Ənlikli-kirşanlı arvadların dikdabanlarının səsi təkcə tamaşaçıların deyil, aktyorların da fikrini dağıdırdı.

Tamaşa başlayandan 15-20 dəqiqə sonra yanımdakı boş yerdə yekəqarın bir kişi əyləşdi.

Yediyi sarımsağın qoxusu ürəyimi bulandırırdı. Salon yarıqaranlıq olsa da, bizdən qabaqkı cərgədə əyləşən tamaşaçıların əlləri ilə burunlarını tutduqlarını görə bilirdim.

Ürəyimdə Allaha yalvarırdım ki, birinci hissə tez başa çatsın və mən yerimi dəyişim...

İkinci hissə başlayanda ana-bala olduqları xarici görünüşlərindən sezilən iki xanımın yanında əyləşdim. Amma bu dəfə də bəxtim gətirmədi.

Tamaşa başa çatana kimi həmin xanımların telefonuna 6 dəfə zəng gəldi. Hər dəfə "teatrdayam, sonra zəng edərəm" desələr də, ən azı iki-üç dəqiqə danışırdılar.

Hər zəngdən sonra bizə yaxınlaşan nəzarətçi xanımların tənəli baxışları altda əzilsəm də, bu qadınlarla yaxından-uzaqdan hər hansı əlaqəmin olmadığını deməyə heç cür fürsət tapa bilmədim...

Əvvəllər teatra, muzeyə, baletə mədəni adamlar gedirdilər. Amma indi sarımsaq yeyib teatra gedən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, telefonunu söndürməyən qanmazlarla tez-tez qarşılaşırıq.

Televiziyadakı çıxışlarımı ürəkdən bəyəndiyini deyən orta yaşlı bir qadın teatra gəlişinin səbəbini üç-dörd ay əvvəl mənə belə izah etmişdi:

"Qızımın "hə"sini yeni vermişik. İstəyirəm ki, qudalarımız mədəni adam olduğumuzu görsünlər".

Söz vaxtına çəkər, bir il əvvəl ailəlikcə şimal bölgəsinə istirahətə getmişdik. Bir bazar günü zəruri ərzaq məhsullarını alıb yaşadığımız kəndə qayıdanda səs-küy qopdu, aləm bir-birinə dəydi.

Qabağımızı kəsib, təcili yardım maşınına yol açan polis əməkdaşından nə baş verdiyini soruşanda, belə cavab verdi: "Pirdən yaralıları gətirirlər".

Ard-arda şütüyən iki təciliyardım maşını ötüb keçəndən sonra polis əməkdaşından məsələnin təfərrüatını anlatmağı xahiş etdim. Həvəslə izahat verdi:

"Rayonumuzun dağ kəndlərinin birində məşhur pir var. Deməli, iri gövdəli bir ağacdır. Ağacın dibini qazdıqları üçün oyuq əmələ gəlib. Kim həmin oyuqdan o tərəfə keçsə, arzusu çin olur.

Təcili yardım maşınındakı adamlar ağacın altından keçərkən bellərini zədələyiblər, bir neçə nəfərin isə diz qapağı dağılıb".

Məni gülmək tutdu. Hətta o qədər ürəkdən güldüm ki, ətrafdakı adamlar dönüb mənə baxdılar...

Bayaqdan bəri mənimlə şirin-şirin söhbət edən polis əməkdaşı narazı halda başını buladı: "Şəkk gətirməyin, ağzınız əyilər".

Məni efirdən tanıyan, söhbət əsnasında xüsusi hörmətinin olduğunu bir neçə dəfə dilə gətirən bu cavan oğlanın könlünü almaq üçün mülayim səslə soruşdum:

"Bilmirsən, yaralılar kimlərdir? Nə işlə məşğul olurlar?"

Bir az əvvəlki incikliyi unudub, həvəslə cavab verdi:

"Hamısı həkimdir. Bakıdakı məşhur xəstəxanaların birində çalışlrlar".

BAKU.WS

635x100

Şərhlər

Oxucu 2019-06-14 16:20:54

Sən müəllifi uzunçuluqda təqsirləndirirsən, ancaq bu məqaləyə yazdığın şərh məqalənin özündən uzun oldu. Koroçe Sklifasofskiy.(Nikulin)

dadaşyev 2019-06-14 16:20:54

yusifə-Əzizim,bilirəm hirslənmisən,amma vallah düz deyirəm.Uzunçusan.Əgər "pirdən qayıdanlar" söhbətinin istirahətə necə getməklə əlaqəsi yoxdursa "ailəlikcə istirahətə getmək" uzunçuluqdur.Sadəcə,"yolum şimal bölgəsinə düşmüşdü",demək olardı."Zəruri ərzaq məhsullarını almağ"ın məsələyə nə dəxli var?Zəruri olan,amma ərzaq məhsulu olmayan,misalçün,sabun,xlor,kibrit,tualet kağızı da alına bilər dükandan...... Az qala unutmuşdum."Söz vaxtına çəkər"ə qədərki yazdıqlarınla "pir əhvalatı" bir-biriylə bağlanmamış deyə tamam başqa mövzular təsiri bağışlayır.Yaxşı olardı ki,ümumi cahillik rakursundan verərdin hər ikisini.Yoxsa,sadəcə,çayxana söhbətlərinə bənzəyir.Sanki Xoşqədəmin verilişindəsən,heey danışırsan.Nəsə.Yavaş-yavaş öyrənəcəksən yoldaş dadaşyevin tənqidlərini dinləsən....

dadaşyev 2019-06-14 16:20:54

oxucuya-Bütlərə sitayiş etmək bütlər qabağında əyilməkdən ibarətdir,amma bu sadə hərəkətin cahillik olduğunu anlamaq üçün bir Quran söz demək lazım gəldi.Yəni 6666 ayə.Yetmədi,üstəlik Peyğəmbər qoşunla yeridi onların üstünə,yalnız irili-xırdalı 56 vuruşmadan sonra bütpərəstlər anladılar ki,bütlər qabağında əyilmək doğru deyilmiş.Bilirsənmi niyə belə çətin oldu?Çünki yalnız ariflərə bir işarə kifayətdir ki,sağlam tənqiddən nəticə çıxarıb "oxucu" və "yusif" adları altında küskünlüklərini bildirməsinlər

yusif 2019-06-14 16:20:54

bos-bos danisma da yene

dadaşyev 2019-06-14 16:20:54

davamı;Yəni onlar restoranda həm öz mədəniliklərindən,həm də digər masadakıların mədəniliklərindən ləzzət almaqla dincələrlər.Biz necə ki,qızıl-gümüşümüzü,dam boyda Jep-imizi,hərbi hissənin və türmənin divarlarından hündür olan hasarlarımızı göstərib zövq alırıq,onlar o zövqü mədəni və sadə olduqlarını göstərməkdən alırlar.Teatra,rəsm sərgisinə,opera və baletə isə acqarına gedərlər ki,dolu qarın ruhu sıxmasın.Mən də teatra gedənəm,amma yalnız Məleykə xanım Əsədova tamaşada varsa.Heyranam özünə də,oyununa da

dadaşyev 2019-06-14 16:20:54

Avstriya almanları dünyanın ən mədəni insanlarıdı.Onlar marketə,restorana yeyib gedərlər;marketdə qabağına nə keçsə almasınlar ,restoranda da şappaşap heyvan kimi gödənə qulluq etməsinlər deyə.Soruşarsınız yeyibsə restorana niyə gedir?A balam,restoran bizdə yeyib içib baş-göz yarmaq,bıçaqlaşmaq yeridi.Onlarda isə mədəni istirahət yeri.Onlar restoranda dincələrlər,barmaq boyda qızarmış ət tikəsi və yarım stəkan şərabla.Biz baxıb deyərik xəsisdilər,qarınlarına yemək almırlar.Xeyr.Evdə yaxşıca yeyib gəliblər.

dadaşyev 2019-06-14 16:20:54

Sənin yazıların oxunur,amma səhnələri əhatəli təsvir etmək istəyin bəzən uzunçuluğa, yoruculuğa gətirib çıxarır.Bu da sənin yazıçı deyil,jurnalist olmağındandır.Yazıçı səhnəni mümkün qədər qısa dillə verməyə çalışanda yazı oxunaqlı olar,çünki oxucunu təxəyyülünə güc verməyə yönəldər ki,özü təsəvvür etsin.Məsələn,"təcili yardım maşınına yol açan" cümləsindən sonrakı "ard-arda şütüyən" cümləsi uzunçuluqdur.O boyda cümlə əvəzinə sadəcə "Nolub ki?" deyilsəydi çox yerinə düşərdi."Kratkost sestra talanta".(Çexov)

Elxan 2019-06-14 16:20:54

18 ilden de cox kirayelerde curuyen insanlar, qacqinlar yox, insanlar

Son yazılar