Menu

Prezidentlərin görüşünün təfərrüatları məlum oldu - Video

06.09.2014, 15:21
Prezidentlərin görüşünün təfərrüatları məlum oldu - Video

"Danışıq xatirinə görüşlərə qatılmaq niyyətində deyilik"

Azərbaycan prezidenti İlham Əliyevin NATO sammiti çərçivəsində keçirdiyi görüşlərin təfərrüatlarına Prezident Administirasiyası rəhbərinin müavini Novruz Məmmədov açıqlama gətirib.

ANS TV-nin məlumatına görə, Novruz Məmmədov bildirib ki, həmsədr ölkələrin rəhbərləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konstruktiv, ədalətli mövqe tutması üçün Ermənistana təzyiq göstərməsələr, bölgədə sabitliyi qorumaq mümkün olmayacaq. Əks halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi qaçılmaz olacaq.

Novruz Məmmədov onu da vurğulayıb ki, NATO sammiti çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən 3 tərəfli görüşdə Birləşmiş Ştatlar indiyədək olan danışıqlarda ilk dəfə olaraq məsələyə konkret yanaşma nümayiş etdirib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durum və problemin çıxış yolu ilə əlaqədar əsaslandırılmış fikirləri Con Kerrinin diqqətini cəlb edib. Görüşdən konkret nəticə olmasa da, mövqe bu olub ki, danışıqlar davam etdirilsin. Lakin rəsmi Bakı 20 ildən artıqdır ki, uzanan danışıqlardan konkret nəticə gözləyir.

Dağlıq Qarabağ probleminin həllinə vasitəçilik edən həmsədr dövlətlərin ard-arda görüş təşəbbüsləri münaqişənin həllinə marağın artdığını göstərir. Rusiya, və ABŞ-dan sonra Fransa prezidenti Fransua Ollandın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 3 tərəfli görüş gözlənilir. Lakin Azərbaycan yalnız danışıq xatirinə bu tip görüşlərə qatılmaq niyyətində olmadığını bəyan edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol