Menu

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadılıb

28.06.2019, 12:07
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin müddəti uzadılıb

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər ƏliyevFondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsinə layihələrin qəbul müddəti avqustun 31-dək uzadılıb.

Heydər Əliyev Fondundan "Report"a verilən məlumata görə, bu barədə qərar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəraşların müraciətlərinə əsasən qəbul olunub.

Müraciətlərdə eskizlər üzərində işin başa çatdırılması baxımından müsabiqənin müddətinin uzadılması xahiş edilib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün ərizə və eskiz təqdim olunmalıdır.

Müsabiqədə iştirakın şərtləri:

• Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

 

  • Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş nümunə üzrə ərizə təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.
  • Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müsabiqəyə müvafiq materialları göndərən şəxs daşıyır.
  • Müəllif ərizə və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək və ya elektron poçt vasitəsilə contest@heydar-aliyev-foundation.org ünvanına göndərmək lazımdır.
  • Müsabiqənin təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Hər bir heykəl həm ayrılıqda bir müəllif, həm də həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.

 

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Münsiflər heyətinin üzvləri:

1. Vaqif Əliyev – Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini

2. Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı

3. Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar

4. İsmayıl Hüseynov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri

5. Emin Məmmədov – Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti, Əməkdar incəsənət xadimi

6. Məhəbbət Mehdiyeva – Heydər Əliyev Mərkəzinin departament direktoru, Əməkdar incəsənət xadimi

7. Akif Əsgərov – Xalq rəssamı, heykəltəraş, professor

8. Rahibə Əliyeva – AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru

9. Qalib Qasımov – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, sənətşünas.

Əlavə məlumat üçün telefon: (+99450) 295 02 09

Şərhlər

dadaşyev 2019-06-28 12:07:05

Sovet vaxtı Kirovun heykəlinin qoyulduğu yerdə sevimli Məmmədəminə heykəl qoymağa qıymırıqsa,yəni heykəlini qoymayaraq unutdurmağa çalışırıqsa,onda Hacı Zeynalabdinin heykəlini qoyaq.Turistlər soruşanda ki,o əzəmətli heykəl kimindir,fəxrlə deyək ki,o adam yer üzündə yeganə varlıdır ki,var-dövlətini xalqın maariflənməsinə və maddi-rifah halının yüksəlməsinə sərf edib.Bu iki adamdan başqa iyirminci əsrdə şəhərin o gözəl yerində heykəlinin ucaldılması mümkünsüzdür...

dadaşyev 2019-06-28 12:07:05

davamı;bu gün Kirovun heykəlinin yerində kimin heykəlini qoysaq zamanca söküləcək,çünki tarix belə deyir.Bir tək ya Məmmədəminin,ya da Hacı Zeynalabdinin heykəlinə tarix boyu heç bir azərbaycanlı qarşı çıxmayacaq.Heç bir azərbaycanlının o heykəlləri sökməyə əli qalxmayacaq heç bir vaxt.Çünki bu iki adam Azərbaycan tarixinin əbədi şəxsiyyətləridir xalq içində ayrı-seçkilik salmadıqlarına görə və nəsillərə örnəkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol